Ümumdünya Telekommunikasiya
və İnformasiya Cəmiyyəti Gününə
həsr olunmuş elmi konfrans keçirilmişdir
Azərbaycan Milli Elmlər Akademiyasının
(AMEA) İnformasiya Texnologiyaları
İnstitutunda 17 may - Ümumdünya Telekommunikasiya
və İnformasiya Cəmiyyəti Gününə
həsr olunmuş elmi konfrans keçirilmişdir.
Konfransın təşkilatçıları
AMEA İnformasiya Texnologiyaları
və Fəlsəfə,
Sosiologiya və Hüquq institutlarıdır.
AzərTAc xəbər verir ki, tədbirdə
AMEA-nın İnformasiya
Texnologiyaları İnstitutunun
direktoru, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev "İnformasiya Cəmiyyətinin
elmi-nəzəri və
texnoloji əsasları"
mövzusunda məruzə
etmişdir. Tədbirin
əhəmiyyətini vurğulayan
məruzəçi Prezident
İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə İnformasiya
Cəmiyyətinin (İC) qurulması
istiqamətində uğurlu,
məqsədyönlü tədbirlərin
həyata keçirildiyini
bildirmişdir.
Alim İC və İnformasiya Texnologiyalarının (İT) elmi
problemlərinin AMEA-nın
Rəyasət Heyəti,
Bölmə və Problem Şurasının iclaslarında geniş müzakirə olunduğunu,
alimlərimizin və kollektivlərin bu istiqamətdə vəzifələrinin
müəyyən olunduğunu,
müvafiq təklif və tövsiyələrin
işləndiyini
vurğulamışdır.
O, "E-Azərbaycan" Dövlət Proqramının
ölkəmizdə vətəndaş
cəmiyyətinin qurulması
nöqteyi-nəzərindən əhəmiyyətini İC-nin
qurulması istiqamətində
dövlət, biznes sektorları və QHT-lər arasında işgüzar münasibətlər
və həmrəyliyin
formalaşması ilə
izah etmişdir.
O, demişdir ki, bu həmrəyliyə misal keçirdiyimiz respublika toplantısıdır.
İC-nin qurulması işlərinə təkcə
texnoloqlar deyil, sosioloqlar, filosoflar, iqtisadçılar, hüquqşünaslar,
pedaqoqlar, jurnalistlər
və sair cəlb olunmuşlar.
İC quruculuğu sahəsində qarşıda
duran vəzifələr
və gələcək
perspektivlər haqqında
danışan R.Əliquliyev
vurğulamışdır ki,
əlamətdar gün
"Kənd yerlərində
İnformasiya Kommunikasiya
Texnologiyaları (İKT) ilə
həyat daha yaxşıdır" və
ya "Kənd rayonlarında İKT ilə
həyat daha yaxşıdır" devizi
altında keçirilir.
Beynəlxalq Telekommunikasiya
İttifaqı (BTİ) Şurası
tərəfindən verilən
bu qərar İKT-nin üstünlüklərindən
istifadə etməklə
kənd əhalisinin həyat səviyyəsinin
yaxşılaşdırılmasına nail olmaq məqsədi
daşıyır.
"İnformasiya cəmiyyətinə aparan
yol" mövzusunda məruzə ilə çıxış edən
AMEA-nın Fəlsəfə,
Sosiologiya və Hüquq İnstitutunun direktoru, professor İlham Məmmədzadə
informasiya cəmiyyətinə
aparan yolda əsasən müasir Azərbaycanda İC-nin formalaşması, qanunverici
aktlar və bu prosesdə problemə elmi baxış haqqında danışmışdır. Filosofların azərbaycançılıq
ideologiyasının hansı
prinsiplər üzərində
qurulması haqqında
fikirlərini qeyd etmişdir. O, müasir dövrdə modelləşmənin
yeni elmi təfəkkür tələb
etdiyini vurğulamış,
dünya elminə inteqrasiyanın vacibliyindən
söhbət açmışdır.
Sonra "İKT-nin tətbiqində
gender indikatorları",
" Əşyaların interneti:
mahiyyəti, perspektivləri
və problemləri",
"İC-nin formalaşmasında
sosial şəbəkələrin
rolu", "Elektron parlament elektron dövlətin əsas komponentlərindən biri kimi" və "İnformasiyanın insana təsirinin fəlsəfi məsələləri" mövzularında
məruzələr dinlənilmiş, müzakirələr
aparılmışdır.
Azərbaycan.- 2011.- 18 may.- S. 8.