Bakı-Trabzon-Bakı aviareysi bərpa edilmişdir
Mayın 17-də "Azərbaycan
Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti (QSC)
Bakı-Trabzon-Bakı marşrutunu bərpa etmişdir.
AzərTAc xəbər verir
ki, Bakıdan gələn "ATR 42-500" sərnişin təyyarəsində
QSC-nin nümayəndələrini Trabzonun beynəlxalq hava
limanında aeroportun rəhbərliyi və şirkətin
Türkiyə üzrə baş təmsilçisi İlham Əsədov
qarşılamışdır.
"Azərbaycan Hava
Yolları" QSC prezidentinin köməkçisi, xidmət rəisi
Məhərrəm Səfərli son illər ölkəmizdə
digər sahələrdə olduğu kimi, mülki
aviasiyanın da sürətli inkişafı barədə məlumat
vermişdir. Bildirmişdir ki, qurum Türkiyəyə yeni
marşrutlar açmaqla iki qardaş ölkəni bir-birinə
daha da yaxınlaşdırır. Trabzona uçuşların
bərpası da bu yaxınlıqdan xəbər verir. Trabzon
Türkiyədə uçuş etdiyimiz dördüncü
şəhərdir. Gələn ay QSC Türkiyənin daha iki
şəhərinə - Bodrum və Antalyaya mövsümi
uçuşlar da təşkil edəcəkdir.
M.Səfərli QSC-nin bu
yaxınlarda yeni "Aerobus-320" və "Boeing-767" sərnişin
təyyarələri alacağını diqqətə
çatdırmışdır. Gələn il yenidən
"Boeing-767" və 2 yük təyyarəsinin
alınması nəzərdə tutulur. 2014-cü ildə isə
MDB-də ilk dəfə olaraq "Azərbaycan Hava
Yolları" QSC "Boeing-787 drimlayner" təyyarələri
alacaqdır. Bununla da, birbaşa Cənub-Şərqi Asiyaya,
ABŞ-a və Avropanın bir neçə ölkəsinə
uçuşlar həyata keçirmək mümkün
olacaqdır.
Qonaqları salamlayan Trabzon
beynəlxalq hava limanının baş direktoru Vedat Atabek
marşrutun bərpasının əhəmiyyətindən
danışmışdır.
Bakı-Trabzon-Bakı
aviareysi üzrə uçuşlar həftənin çərşənbə
axşamı və şənbə günləri
reallaşacaqdır. "ATR 42-500" tipli sərnişin təyyarəsi
ilə həyata keçiriləcək uçuşların
bir tərəfə qiyməti 209 manat, iki tərəfə isə
310 manatdır. Uçuş müddəti 2 saat 10 dəqiqədır.
Azərbaycan.- 2011.-18 may.- S.8.