Park Bulvar Ticarət-Əyləncə Mərkəzində Tusi-Boxm planetarisinin açılışı olmuşdur

 

Park-Bulvar Ticarət-Əyləncə Mərkəzində təyyarəçi-kosmonavt, Rusiya Qəhrəmanı Sergey Treşşovun iştirakı ilə Tusi-Boxm planetarisinin rəsmi açılış mərasimi olmuşdur. Mərasim Y.Qaqarinin kosmosa uçmasının 50-ci ildönümünə həsr edilmişdir.

AzərTAc xəbər verir ki, tədbirdə Rossotrudniçestvonun Azərbaycandakı nümayəndəliyinin və Azərbaycan Milli Aerokosmik Agentliyinin (AMAKA) rəhbərliyi və əməkdaşları, Bakıdakı orta ümumtəhsil məktəblərinin şagirdləri iştirak etmişlər.

Təyyarəçi-kosmonavt S.Treşşov çıxışında kosmik fəzanın öyrənilməsində belə planetarilərin oynadığı roldan söz açaraq demişdir: "Fəzada istiqaməti təyin etmək üçün hər bir kosmonavt ulduzlu səmanı, Şimal və Cənub yarımkürələrində ulduzların düzümünü yaxşı bilməlidir. Belə planetariləri burada görmək çox xoşdur, çünki onlar astronomiya ilə maraqlananlara öz biliklərini zənginləşdirmək imkanı verir". Rusiya Qəhrəmanı vurğulamışdır ki, kosmosdan dövlət sərhədləri görünmür. Odur ki, kosmosa uçan hər bir kəs bütün Yer kürəsinin vətəndaşına çevrilir.

Planetarinin əməkdaşı, astrofizik Famil Mustafa AzərTAc-ın müxbirinə bildirmişdir ki, gələcəkdə məktəblilərlə ixtisaslaşdırılmış məşğələlər keçirmək nəzərdə tutulur. Məşğələlərdə onlara kosmos haqqında elmi filmlər nümayiş etdiriləcəkdir. Bundan əlavə, Şamaxı Rəsədxanası ilə əməkdaşlıq nəzərdə tutulmuşdur.

Sonda təyyarəçi-kosmonavt S.Treşşovun 2002-ci ildə Beynəlxalq Kosmik Stansiyaya uçuşu haqqında videoçarx nümayiş etdirilmişdir.

 

 

Azərbaycan.- 2011.-18 may.- S. 8.