Azərbaycanın tarixi qələbəsi
dünyanın diqqət mərkəzindədir
Odlar diyarı daha bir möhtəşəm
beynəlxalq tədbirə ev sahibliyi edəcəkdir
Azərbaycan bütün dünyaya səs salan daha bir möhtəşəm qələbəyə imza atdı. Dünya hələ də ölkəmizin bu qələbəsindən bəhs edir, mədəniyyətin qədim beşiklərindən olan Azərbaycanın triumfunun əslində gözlənilən olduğunu bildirir. Digər tərəfdən ona diqqət çəkilir ki, Azərbaycanın Almaniyanın Düsseldorf şəhərində keçirilmiş "Eurovision-2011" mahnı müsabiqəsində möhtəşəm qələbəsi ölkəmizdə mədəniyyətin, musiqinin inkişafına verilən böyük önəmin məntiqi nəticəsidir. Məhz bu səbəbdəndir ki, ölkəmiz 56 illik tarixə malik bu musiqi yarışına cəmi dörd ildir qatılmasına baxmayaraq, ötən dövrdə yüksək pillələrdə qərarlaşıb, daim ilk onluqda yer alıb. 2011-ci ildə isə mötəbər yarışdan qalib kimi ayrılıb.
Qazanılan qələbənin ölkəmiz üçün nə demək olduğunu "Eurovision-2011" mahnı müsabiqəsində birinciliyi əldə etmiş Azərbaycan nümayəndələrini qəbul edən Prezident İlham Əliyev tam dəqiq xarakterizə edir: "Bu müsabiqə deyə bilərəm ki, dünyanın ən mötəbər mahnı müsabiqəsidir. Əlbəttə ki, bu, Avropa ölkələrini əhatə edir. Ancaq hesab edirəm ki, dünya miqyasında buna oxşar ikinci müsabiqə yoxdur. Tamaşaçı auditoriyası haradasa 100 milyondan artıq idi. Belə mötəbər yarışda birincilik əldə etmək tarixi qələbədir... Bu, Azərbaycan gəncliyinin, Azərbaycan xalqının və Azərbaycan dövlətinin qələbəsidir".
Xatırladaq ki, Azərbaycanın "Eurovision" yarışında iştirakının təşəbbüskarı Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevadır. Yarışlarda Azərbaycanı təmsil edən iştirakçılara Fond tərəfindən hər zaman böyük dəstək və diqqət göstərilir. Bütün bunların fonunda Azərbaycanın yenidən öz mədəniyyəti ilə dünyanı fəth etməsi tamamilə təbiidir. Elə Azərbaycanın qələbəsini geniş şəkildə işıqlandıran dünya mediası da məhz bu mövqedən çıxış edir. Dünyada ən böyük tamaşaçı auditoriyasına malik telekanallardan olan ABŞ-ın CNN televiziyası bunu Azərbaycanin triumfu kimi dəyərləndirir.
ABŞ-ın aparıcı mətbu orqanlarından sayılan "The Wall Street Journal" qəzetində dərc olunmuş məqalədə Amerikanın Klark Universitetində "Eurovision" müsabiqəsi ilə bağlı araşdırma aparan Robert Deam Tobin yazır ki, əhalisi əsas etibarı ilə müsəlmanlardan ibarət olan və demokratik dövlət quruluşuna malik dünyəvi ölkənin "Eurovision" yarışmasının timsalında Avropa idealına qovuşmasını görmək çox sevindiricidir. Böyük Britaniyanın "Telegraph" qəzeti yazır ki, İngiltərə müsabiqədə qələbə qazana bilməsə də, Britaniyaya Azərbaycan duetinin uğurundan pay düşür. Çünki Azərbaycan duetinin "yarısı", yəni Nigar Londonda yaşayır.
Türkiyənin "Milliyet" qəzeti yazır ki, Azərbaycan təmsilçilərinin qələbəsi təsadüfi deyil: "Azərbaycanda teatr və opera kimi sənətlər Türkiyədən əvvəl yaranıb. "Leyli və Məcnun" operasının bəstəkarı, azərbaycanlı musiqi dahisi Üzeyir bəy Hacıbəylinin məmləkəti üçün bu uğurlar təbiidir". Rusiyanın ORT telekanalı isə bildirir ki, azərbaycanlı Eldarla Nigar mahnılarını oxuyanda səhnədə alov seli vardı: "Axı Azərbaycanın digər adı "Odlar diyarı"dır. Onların mahnıları çox xoş idi".
Azərbaycan xalqını təbrik edən Avropa İttifaqı Nümayəndəliyinin rəhbəri Roland Kobia isə bildirir ki, növbəti mahnı müsabiqəsinin Bakıda keçirilməsi beynəlxalq ictimaiyyətin diqqətinin ölkəyə cəlb edilməsi baxımından əlamətdar hadisədir. O, bunu Azərbaycan cəmiyyətinin nə qədər müasir olduğunu yenidən dünyaya göstərmək üçün növbəti gözəl fürsət sayır.
Lakin Azərbaycanın "Eurovision" qələbəsini həzm edə bilməyən çox az sayda bədxahlar da mövcuddur ki, onların da sırasına işğalçı Ermənistan rəhbərlik edir. Daim müxtəlif mədəniyyətlərdən, xüsusən də Azərbaycandan oğurladığı musiqi nümunələri ilə ad çıxaran Ermənistan belə mötəbər yarışlara da, adətən, plagiat mahnılarla qatılır. Bunu "Eurovision"da Ermənistan təmsilçilərinin ifalarından da aydın görmək mümkündür. Təbii ki, bununla Ermənistanın hər hansı nailiyyətə imza atması mümkünsüzdür. "Eurovision"dakı budəfəki uğursuzluqlarının səbəbini isə ermənilər ən primitiv səbəblərlə əsaslandırmağa çalışırlar. Məsələn, bildirirlər ki, onların yarımfinaldanca geriyə yola salınmalarının səbəbi erməni təmsilçilərinə səs verən ölkələrdə az sayda ermənilərin yaşamasıdır.
Ermənistanlı mütəxəssislər isə səbəbi mahnı və rəqsdə görürlər. Rəqs müəllimi Artur Zakaryan, bəstəkar Der Ova bildirirlər ki, ilk növbədə mahnı yaxşı olmalıdır. Yoxsa insanları səs vermək üçün heç nəyə vadar etmək olmaz. Bu halda diaspora bel bağlamaq da düzgün deyil: "Onlar yalnız erməni ifaçısı oxuyur deyə, istənilən mahnıya səs verməyəcəklər ki... Diasporu heç bir halda inandırmaq mümkün deyil. Onlar mahnını ya sevəcək, ya da əksinə. Vəssalam!".
Ermənilərin böyük əksəriyyəti belə düşünürlər ki, "Eurovision" mahnı yarışmasını boykot etmək lazımdır. Hətta bir çox erməni "Eurovision-2012"yə ev sahibliyi edəcək Azərbaycana təmsilçi göndərməyə qarşıdır. Elə indi də Ermənistanda bu məsələ fəal müzakirə mövzusudur.
Azərbaycan təmsilçilərinin qələbəsindən sonra erməniləri bir məsələ daha çox maraqlandırır: Ermənistan təmsilçiləri Azərbaycana gələcəklərmi? "Azadlıq" radiosunun erməni redaksiyası bununla bağlı araşdırma aparıb. Ermənistan İctimai televiziyasının şura sədri Aleksan Arutyunyan bu barədə suala cavab vermək istəməyib və bildirib ki, "Eurovision" müsabiqəsi ilə bağlı hələlik şərh verilmir. Radionun əməkdaşları İrəvanın küçələrində ermənilərin də rəyini soruşublar. Sorğu zamanı yekdil mövqe ondan ibarət olub ki, müsabiqədə iştirak etməyə dəyməz. Sorğu iştirakçılarından biri isə deyib ki, əgər "Eurovision"a siyasətdən kənar yanaşılsa, o zaman Ermənistan iştirak etməlidir: "Amma mahnı müsabiqəsinin özünün də siyasi tərəfləri olduğundan Ermənistan müğənnisinin "Eurovision-2012"də iştirakı baş tutmayacaq".
Ermənistanın "news.am" saytı qeyd edir ki, ermənilərdən fərqli olaraq Azərbaycanın dəbdəbəli səhnə təqdimatı və gözəl aranjiman duetin finala çıxmasına səbəb olub. "Arminfo" saytı isə erməniləri Azərbaycanın təcrübəsindən nümunə götürməyə çağırır. Bununla yanaşı, o da bildirilir ki, Ermənistan gələn il ölkəmizdə keçiriləcək "Eurovision" yarışmasına qatılmaqdan imtina edib. Buna səbəb kimi ermənilər Düsseldorf şəhərində keçirilmiş "Eurovision-2011" mahnı müsabiqəsində onlara qarşı ədalətsizlik edildiyini göstərirlər. Lakin bu ədalətsizliyin nədən ibarət olmasına heç bir aydınlıq gətirilmir. Yəni həmişəki kimi, ermənilər yenə də mənfur və cığal uşaq xislətlərini ortaya qoyurlar. Lakin bunun heç nəyi dəyişməyəcəyini də özləri yaxşı bilirlər.
Azərbaycan isə "Eurovision" musiqi yarışmasının sayca 57-cisinə ev sahibliyi etməyə hazırlaşır. Odlar diyarında keçiriləcək yarışın kifayət qədər möhtəşəm və əzəmətli olacağına heç bir şübhə yoxdur. O da şübhə doğurmur ki, dünya bununla bir daha Azərbaycan qonaqpərviliyi, zəngin mədəniyyəti ilə yaxından tanış olmaq imkanı əldə edəcək.
Rasim BAYRAMOV
Azərbaycan.- 2011.-18 may.- S. 9.