Eldar Qasımov: Bizim
üçün ən böyük hədiyyə Azərbaycan
xalqının sevgisidir
Mayın 17-də İctimai Televiziya və Radio Yayımları Şirkətində (İTV) "Eurovision-2011" mahnı müsabiqəsinin qalibləri Eldar Qasımov və Nigar Camalın qələbədən sonra Azərbaycanda ilk mətbuat konfransı keçirilmişdir.
AzərTAc xəbər verir ki, konfransda İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru İsmayıl Ömərov çıxış edərək bu sevinci Azərbaycan xalqına bəxş edən qəhrəmanlara yeni uğurlar arzulamışdır. Baş direktor demişdir ki, sevincimi bildirməyə söz tapa bilmirəm. Eldar və Nigar özlərinin möhtəşəm qələbələri ilə təkcə Azərbaycanı deyil, bütün türk xalqlarını zirvəyə qaldırdılar.
Sözün əsl mənasında, mayın 14-ü müstəqil Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan bir gün olmuşdur. Həmin gün "Eurovision-2011"dəki təmsilçilərimiz bütün dünyanın diqqətini məhz Azərbaycana yönəldə bildilər. Seçimimiz çox ideal oldu. Bu seçimi edən bütün münsiflər heyətinə öz təşəkkürümü bildirirəm.
İ.Ömərov həmçinin bu layihədə başlıca əməyi olan Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevaya xüsusi minnətdarlığını bildirmişdir.
İTV-nin baş direktoru artıq Avropa Yayımlar Birliyi tərəfindən 2012-ci ildə Azərbaycanın "Eurovision" mahnı müsabiqəsinə ev sahibliyi etmək hüququnu qazanması ilə bağlı İctimai Televiziya və Radio Yayımları Şurasına rəsmi sənəd göndərildiyini diqqətə çatdırmışdır. Bildirmişdir ki, müsabiqənin ilk prosedur qaydalarını müəyyənləşdirmək üçün iyunun 20-də Avropa Yayımlar Birliyinin Cenevrədəki mərkəzi ofisində yığıncaq keçiriləcəkdir.
Tədbirdə çıxış edən Eldar Qasımov və Nigar Camal möhtəşəm mahnı müsabiqəsində onları dəstəkləyən hər kəsə, ümumilikdə bütün Azərbaycan xalqına təşəkkür etmişlər. E.Qasımov demişdir: "Bu qələbə münasibətilə bütün Azərbaycan xalqını və türk dünyasını təbrik edirik. Siz bizə inanıb dəstək oldunuz, biz də öz növbəmizdə əlimizdən gələnləri etdik ki, sizin inamınızı, etimadınızı doğruldaq. Çox sağ olun ki, bizə inanırdınız. Bizim üçün ən böyük hədiyyə Azərbaycan xalqının sevgisidir".
E.Qasımov sözünə davam edərək demişdir: "Mətbuat konfranslarının birində bizdən soruşdular ki, niyə Azərbaycan dilində və yaxud milli motivləri olan bir mahnı oxumursunuz? O zaman mən cavab verdim ki, əgər "Eurovision"u Bakıya gətirsək, biz mütləq milli, xalqımızın mədəniyyətini əks etdirən mahnı ifa edəcəyik. Bunun üçün də əlimizdən gələni əsirgəməyəcəyik".
Gələcək
planları barədə məlumat verən Eldar Qasımov yeni
beynəlxalq albomun hazırlanması ideyasını xüsusi
qeyd etmişdir.
Azərbaycan.- 2011.-18 may.- S. 9.