"Eurovision-2011": Ukrayna və
Belarus mətbuatı Azərbaycanın müzəffər təmsilçiləri
haqqında yazmışdır
Azərbaycandan olan Eldar Qasımov-Nigar Camal duetinin Avropada ən nüfuzlu mahnı müsabiqəsində müzəffər qələbəsi xarici mətbuatın diqqət mərkəzindədir.
"Running Scared"! "Eurovision-2012" Bakıda keçiriləcəkdir!". - Ukraynanın "Birinci milli telekanalı" özünün rəsmi saytında bu sərlövhəli məlumatı dərc etmişdir.
Ell/Nikki dueti Avropanın 43 ölkəsində tamaşaçılar və peşəkar münsiflər heyəti tərəfindən səsvermə nəticəsində 211 xal toplamış, bu isə həmin duetin qələbəsini təmin etmişdir. Azərbaycan duetinə ən yüksək qiymət verən ölkələr Rusiya, Türkiyə və Malta olmuşdur.
Beləliklə, növbəti "Eurovision-2012" müsabiqəsi Bakıda keçiriləcəkdir.
Ukrayna portalı xatırladır ki, "Eurovision" müsabiqəsi 1956-cı ildən keçirilir. Əvvəlki ildə hansı ölkənin nümayəndəsi qalib gəlmişdirsə, növbəti müsabiqə həmin ölkənin paytaxtında keçirilir. İştirakçıların sayı çox olduğuna görə iki yarımfinaldan ibarət təsnifat raundları tətbiq edilir.
Yalnız müsabiqənin "ev sahibi" olan ölkə və "böyük beşlik" dövlətləri: Böyük Britaniya, Almaniya, Fransa, İspaniya və İtaliya final mərhələsinə avtomatik keçirlər.
Belarus Teleqraf Agentliyi (BELTA) bu barədə informasiyanı aşağıdakı sərlövhə ilə dərc etmişdir: "Azərbaycandan olan Ell/Nikki dueti "Eurovision-2011" beynəlxalq mahnı müsabiqəsində öz qələbəsinə inana bilmir".
Doğrudan da "Azərbaycandan olan Ell/Nikki dueti Almaniyada başa çatmış "Eurovision-2011" beynəlxalq mahnı müsabiqəsində öz qələbəsinə inana bilmir". Bəxtəvər artistlər şou başa çatandan sonra jurnalistlərə verdikləri müsahibədə bunu etiraf etmişlər.
Eldar Qasımov demişdir: "Mən milli seçim mərhələsinin ilk günündən qalib gəlməyimizi arzulayırdım. Deməli, bütün arzular gec-tez çin olur". Eldar və Nigar Camal öz qohumlarına və yaxınlarına, eləcə də onlara səs vermiş pərəstişkarlarına səmimi qəlbdən təşəkkür etmişlər. Onlar emosiyalarını gizlətmədən qışqırmışlar: "Azərbaycan, biz səni sevirik!".
İfaçıların sözlərinə görə, onlar "Geriyə baxmadan qaç" adlı müsabiqə mahnısı ilə bütün Avropanı birləşdirmək istəyirlər. Eldar bunu belə izah etmişdir: "Axı, musiqinin nə sərhədi var, nə də milliyyəti". O, daha sonra qeyd etmişdir ki, Nigar ilə birlikdə bundan sonra da başqa dillərdə, məsələn, ispan, fransız dillərində mahnıları məmnuniyyətlə ifa edəcəklər. "Eurovision" müsabiqəsinin qalibləri demişlər: "Lakin hələlik biz öz qarşımıza qlobal vəzifələr qoymuruq".
BELTA agentliyinin məlumatına görə, mətbuat konfransının sonunda müsabiqənin icraçı prodüseri Yon Ola Sand qeyd etmişdir ki, gələn il mayın 22-dən 26-dək Bakıda keçiriləcəyi ehtimal edilən "Eurovision-2012" müsabiqəsinə hazırlıq artıq bu ilin iyun ayından başlanacaqdır.
Zeynal AĞAZADƏ,
AzərTAc-ın xüsusi
müxbiri
Kiyev
Azərbaycan.- 2011.-18 may.- S. 9.