ABŞ mətbuatı Azərbaycanın
"Eurovision-2011" mahnı müsabiqəsindəki qələbəsini
işıqlandırmışdır
"Eurovision-2011" mahnı müsabiqəsində Azərbaycanı təmsil edən Eldar Qasımov və Nigar Camalın 1-ci yerə çıxması bütün dünyada olduğu kimi, Amerikanın kütləvi informasiya vasitələrinin də diqqətini cəlb etmişdir. CNN, MSNBC kanalları, "Uol Strit Cornal", "Tayms" və ABŞ-ın digər nüfuzlu media vasitələri ölkəmizin beynəlxalq musiqi səhnəsində parlaq qələbəsindən yazmış, "Eurovision-2012"-nin Azərbaycanın paytaxtı Bakıda keçiriləcəyini qeyd etmişlər.
Müsəlman dünyasının ilk operasının, ilk baletinin məhz Azərbaycanda səhnəyə qoyulduğu vurğulanmış, ölkəmizin zəngin mədəni irsindən söhbət açılmış, Azərbaycanın klassik milli musiqisi olan muğamın YUNESKO tərəfindən Bəşəriyyətin Mədəni İrsinin şedevri elan edilməsi diqqətə çatdırılmışdır.
Yerli "ABC" kanalı isə ABŞ paytaxtı Vaşinqtonda yaşayan Azərbaycan icmasının qələbə sevincini yayımlamışdır. Bildirmişdir ki, Qafqazdan kənarda yaxşı tanınmayan, əhalisinin sayına görə dünyada 90-cı yeri tutan Azərbaycan "Eurovision" mahnı müsabiqəsində layiqli qələbə qazanmışdır. Bu, təkcə Bakıda deyil, Vaşinqtonda da vacib bir hadisə olmuşdur. Kanal qeyd etmişdir ki, ABŞ paytaxtında yaşayan Azərbaycan mənşəli amerikalılar beynəlxalq müsabiqəni ekranlardan izləyərək, Azərbaycanda və bütün Avropada yaşayan həmvətənləri ilə bərabər sevinmişlər.
Azərbaycanın ABŞ-dakı səfirliyi hadisə ilə bağlı "Azərbaycan Avropanı fəth edir" başlıqlı press-reliz buraxmışdır. "ABC" kanalı onu da qeyd etmişdir ki, "Eurovision" müsabiqəsinin gələn il Azərbaycanda keçirilməsi Bakıda möhtəşəm Heydər Əliyev mərkəzinin açılışı ilə üst-üstə düşəcəkdir. ABŞ Azərbaycanlıları Şəbəkəsinin direktoru Adil Bağırov gələn ilki mahnı müsabiqəsini izləmək istəyən vaşinqtonlular üçün Şəbəkə tərəfindən məclis qurulacağına söz vermişdir.
Şəfəq AKİFQIZI,
AzərTAc-ın xüsusi
müxbiri
Vaşinqton
Azərbaycan.- 2011.-18 may.- S. 9.