Tədqiqatın və şəxsiyyətin miqyası

 

Azərbaycan və Rusiya əlaqələrinin inkişafı sahəsində səmərəli fəaliyyət göstərən görkəmli tarixçi və tanınmış yazıçı Rudolf İvanovun 80 yaşı tamam olur

 

Rusiya tarixşünaslığında Qafqaz mövzusunun tarixi çox qədimdir. Rusiyada salnamələrdən tutmuş dövri mətbuat səhifələrinə, müxtəlif hesabatlardan aktlara, dissertasiyalardan monoqrafiyalara və məqalələrə qədər ən müxtəlif mənbələrdə Qafqaz xalqlarının, o cümlədən Azərbaycan xalqının tarixi taleyindən, kəşməkəşli həyatının ayrı-ayrı səhifələrindən neçə əsrdir ki, söz açılmaqda davam edir. Bununla belə, burası da məlumdur ki, bir çox Avropa və Şərq xalqlarının tarix elmində olduğu kimi, müəyyən dövrlərdə rus tarixşünaslığında da Qafqaz, yaxud Azərbaycan mövzusu bir çox hallarda gerçəklikdən çox müəyyən siyasi-ideoloji maraqların "gözü" ilə işıqlandırılmışdır. Beləliklə, Rusiya və rusdilli oxucular Qafqaz və ya Azərbaycan haqqında bəzən əsl, real gerçəkliyi yox, ideoloji prinsiplər əsasında formalaşdırılmış mətləbləri və mətnləri oxumalı olmuşlar.

Bununla yanaşı, müxtəlif tarixi mərhələlərdə əsasən gerçək motivlər üstündə köklənmiş ciddi elmi əsərlər də meydana çıxmışdır. Bəzi yad təsirlərin izlərini nəzərə almasaq, V.Q.Qriqoryevin "Naxçıvan əyalətinin statistik təsviri" (1833), K.A.Nikitinin "Naxçıvan şəhəri və Naxçıvan mahalı" (1882), V.L.Veliçkonun "Qafqaz" (1904) əsərlərində gerçəkliyin payı kifayət qədərdir. Bundan başqa, 1882-ci ildən 1921-ci ilə qədər nəşr olunan "Qafqaz ölkəsi və tayfalarının təsviri üçün materiallar məcmuəsi"ndə Azərbaycan haqqında çap olunan tarixi-etnoqrafik məqalələrdə ayrı-ayrı regionların real mənzərəsi canlandırılmışdır. XX əsrin sonlarından etibarən keçmiş sovet imperiyasının çökməsindən sonra bu istiqamətdə yenidən ideologiyadan uzaq olan, ilk mənbələr əsasında yazılan əsərlər meydana çıxmağa başlamışdır. Beləliklə, Rusiya və rusdilli oxucular Azərbaycan barəsində real həqiqəti öyrənmək imkanı əldə etmişlər. Bu baxımdan Yuri Siqovun "Şərqlə Qərb arasında Azərbaycan" (2008), Yuri Pompeyevin "Qarabağ gündəliyi" (2010) kimi kitabları rus oxucusunun Azərbaycan gerçəkliyi haqqında obyektiv informasiya əldə etməsinə kömək edən qiymətli mənbələrdir.

Tanınmış Rusiya ziyalılarının görkəmli dövlət xadimi Heydər Əliyevə həsr olunmuş əsərlərində də son otuz-qırx ilin siyasi proseslərinin gedişatı əsasında Azərbaycan reallıqları da əksini tapmışdır. Eyni zamanda Moskva nəşriyyatlarında çapdan çıxmış, ölkəmizin Prezidenti İlham Əliyevdən bəhs edən kitablarda Azərbaycanın müasir inkişaf səviyyəsi əks etdirilmişdir. Nəticədə, Rusiya tarixşünaslığında Azərbaycana münasibətdə obyektivliyi, hətta sənədliliyi önə çəkən mövqe daha da qüvvətlənmişdir. Yeni tarixi prosesdə bu ciddi və əhəmiyyətli missiyanı ləyaqətlə həyata keçirənlərin arasında tanınmış hərb tarixçisi, görkəmli yazıçı Rudolf Nikolayeviç İvanov xüsusi yer tutur.

Qafqaz-Azərbaycan mövzusunun Rudolf İvanovun elmi-ədəbi fəaliyyətində geniş yer tutmasının, obyektiv mövqedən işıqlandırılmasının bir çox səbəbləri vardır. Əvvəla, Rudolf Nikolayeviçin özü də Qafqaz mənşəli rus ziyalısıdır. O, 18 may 1931-ci ildə qarlı-qartallı Qafqazın ən füsunkar guşələrindən olan Pyatiqorskidə dünyaya gəlmiş, uşaqlıq və gənclik illərini Şimali Qafqazda keçirmişdir. Rudolf İvanov cəmi 13 yaşında ikən Pyatiqorskidəki tank polkuna qoşularaq Böyük Vətən müharibəsində iştirak etmişdir. Bakıda Hərbi Dənizçilik Məktəbində təhsil alması da onun formalaşmasında müəyyən rol oynamışdır (1948). O, xarakteri etibarilə də Qafqaz dağları kimi qürurlu və məğrur, mərd və iradəlidir. Hərb tarixçisi olmaq yolunu seçməsi də ömrünün böyük bir dövrünü hərbi sahədə keçirməsi, dəniz donanmasında xidmət etməsi, peşəkar hərbçi olması ilə bərabər, həm də kişilik, mərdlik, iradə məktəbi olan hərb dünyası ilə onun xarakteri, mənəvi aləmi arasındakı bənzərliklə, harmoniya ilə bağlıdır. Taleyi və xarakteri ilə seçdiyi fəaliyyət sahəsinin üst-üstə düşməsi Rudolf Nikolayeviç İvanovun hərb tarixi üzrə çoxsaylı, zəngin sənədlər əsasında yazılmış ciddi, sanballı və əhəmiyyətli əsərləri hasilə gətirməsinə səbəb olmuşdur. Üstəlik, Qafqazın hərb tarixinə müraciət etməsi seçdiyi elmi istiqamətə, müraciət etdiyi şəxsiyyətlərə və mövzulara taleyindən və xarakterindən süzülüb gələn isti münasibətin əlavə olunması bu sahədə iri həcmli böyük əsərlərin meydana çıxması ilə nəticələnmişdir. Bu gün Rudolf İvanov müstəqillik dövrü Rusiya qafqazşünaslığının ən görkəmli nümayəndələrindən biridir. Rudolf Nikolayeviçin əsərləri müasir rus qafqazşünaslığının nadir və qiymətli nümunələridir. Onun əsərləri yeni tarixi mərhələdə Rusiya oxucusunun və elmi ictimaiyyətinin Qafqaza, o cümlədən Azərbaycana açılan qapısıdır.

O, Qafqazın gerçək tarixinin və görkəmli şəxsiyyətlərinin həyatı və fəaliyyətinin yorulmaz tədqiqatçısıdır. Əfsanəvi qəhrəman Hacı Murada həsr olunmuş kitabı Rudolf İvanovun ilk mənbələrlə işləyən, arxivlərə dərindən bələd olan zəhmətkeş bir qafqazşünas olduğunu nəzərə çarpdırmışdır. Moskvada "Exo Kavkaza" nəşriyyatında çapdan çıxmış "Hacı Murad" kitabında (1999) Qafqazın əfsanəvi qəhrəmanı haqqında müxtəlif arxiv və kitabxanalardan toplanılmış 88 yeni sənəddən, yazılı mənbədən istifadə olunmuşdur. Qüdrətli rus yazıçısı Lev Tolstoydan sonra bu mövzuya müraciət etməyin xüsusi çətinliklərinə baxmayaraq, Rudolf İvanov nadir arxiv materialları və sənədlər əsasında bu əfsanəvi şəxsiyyətin gerçək həyatını, apardığı mübarizənin əsl mahiyyətini elmi şəkildə, tarixi aspektdə təsvir etməyə imkan yaradan əhəmiyyətli səhifələri meydana qoya bilmişdir. Zəhmətkeş tədqiqatçı "Şamilin Qunibdən Sankt-Peterburqa səyahəti" adlı əsərində və bu mövzuda yazılmış çoxsaylı məqalələrində Şamil və Qafqaz müharibəsi mövzusunun tarixi reallıq əsasında əks etdirilməsi sahəsində diqqətəlayiq addımlar atmağa nail olmuşdur.

Nəhayət, Qafqazda görkəmli sərkərdə və hərbçi jurnalist kimi böyük şöhrət qazanmış Maqsud Əlixanovdan (1846-1907) bəhs edən "General Maqsud Əlixanov: zəfər və faciə" monoqrafiyası Rudolf İvanovu tarixşünaslıq elmi mühitində mükəmməl bir hərb tarixçisi kimi təsdiq etmişdir. Onun topladığı və tərtib etdiyi "Dağıstan dağlarında" adlı kitabında (2005) general-leytenant Maqsud Əlixanovun 1895-1896-cı illərdə "Qafqaz" qəzetində çap olunmuş çoxsaylı məqalələrinin və yol qeydlərinin elmi dövriyyəyə daxil edilməsi Rudolf İvanova ciddi mənbəşünas imici qazandırmışdır. Bütün bunlara görə Rudolf Nikolayeviç İvanov Rusiyada və Qafqazda mükəmməl bir hərb tarixçisi, ciddi mənbəşünas və mətnşünas kimi böyük şöhrət qazamışdır. Rudolf Nikolayeviçin simasında rus elmi kamil bir qafqazşünası, Qafqaz xalqları isə peşəkar bir tarixçini əldə etmişdir. O, Rusiya üçün böyük qafqazşünas, Azərbaycan və ümumən Qafqazdan ötrü obyektiv və zəhmətkeş tarixçidir.

Professor Rudolf İvanovun elmi fəaliyyətində Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan mövzusu, bu diyarın görkəmli yetirmələrinin fəaliyyətinin və xidmətlərinin öyrənilməsi xüsusi yer tutur. O, məşhur sərkərdələr sülaləsi kimi şöhrət qazanmış general Naxçıvanskilər haqqında elmi şəkildə yazılmış mükəmməl bir epopeyanın müəllifidir. "Bəyazidin müdafiəsi: həqiqət və yalan" kitabı (2005), "Əlahəzrətin general adyutantı" əsəri (2006), "Sovet İttifaqının adı ilə" (2007), "Kalbalıxan Naxçıvanski, onun epoxası və mirası" (2011) monoqrafik tədqiqatları görkəmli qafqazşünasın şah əsərlərindən sayılmağa layiqdir. Bu, iri həcmli monumental əsərlər rus tarixşünaslığının dəyərli bir naxçıvannaməsi kimi mühüm əhəmiyyət kəsb edir. Naxçıvanski generallar sülaləsinə həsr edilmiş bu epopeya yeni dövr Rusiya azərbaycanşünaslığının qiymətli və parlaq səhifələrini, ciddi bir mərhələsini təşkil edir.

Görkəmli rus qafqazşünası Rudolf İvanovun "Bəyazitin müdafiəsi: həqiqət və yalan" əsəri bu mövzuda çəkilmiş çoxseriyalı filmin ssenarisinin müəllifi və "Bayazit" romanının yaradıcısı Valentin Pikulun 1877-1878-ci illər Rusiya-Türkiyə müharibəsinə dair baxışlarındakı gerçəkliyi ifadə etməyən qeyri-elmi meyillərin və münasibətlərin aradan qaldırılması, əsl həqiqətin geniş ictimaiyyətə çatdırılması məqsədilə yazılmışdır. Rudolf İvanov real obyektiv gerçəkliyi oxuculara təqdim etmək üçün müxtəlif arxivlərdən və kitabxanalardan, dövri mətbuat materiallarından, xüsusən Rusiya Dövlət Hərb Tarixi Arxivindən topladığı zəngin materiallara əsaslanmış, etibarlı dəlil-sübutlar vasitəsilə məlum filmdən fərqli şəkildə cərəyan edən tarixi hadisələrin təbii axarını, real mənzərəsini canlandıra bilmişdir. Xüsusən "Bayazit" filmində yanlış olaraq qorxaq, passiv, laqeyd şəkildə təqdim edilən general-mayor İsmayılxan Naxçıvanski Rudolf İvanovun əsərində tam tərsinə olaraq ağıllı-tədbirli, qorxmaz bir qəhrəman səviyyəsində ümumiləşdirilmişdir. Müxtəlif mənbələrdən gətirilən dəqiq faktlar və informasiyalar, etibarlı arxiv sənədləri əsasında yürüdülən fikirlər, təqdim olunan hərb səhnələri nəticə etibarilə İsmayılxan Naxçıvanskinin Bayazit savaşının böyük qəhrəmanı olduğunu təsdiq etmişdir.

Mükəmməl, dəqiq mənbəşünaslıq bazasına və buna istinadən formalaşdırılmış obyektiv elmi məntiqinə görə hələ ki, Rusiya və Qafqaz tarixşünaslığında heç kəs Rudolf İvanovun müddəalarını və tezislərini təkzib etmək cəsarətində buluna bilməmişdir. Əksinə, necə deyərlər, topdağıtmaz arxiv materialları, hərb tarixi sahəsindəki zəngin təcrübəsi əsasında yazılmış "Bayazitin müdafiəsi: həqiqət və yalan" əsəri obyektiv elmi-publisist üslubda qələmə alınmış sənədli povest kimi böyük maraq doğurmuş və yüksək dəyərləndirilmişdir. Qeyd etməyi lazım bilirik ki, Rudolf İvanovun "Bayazitin müdafiəsi: həqiqət və yalan" əsərində Rusiya-Türkiyə müharibəsinə dair təqdim etdiyi hadisələri və informasiyaları həmin müharibə zamanı türk ordusuna komandanlıq etmiş general Əhməd Muxtar paşanın xatirələrində öz əksini tapmış hərb səhnələri və tarixi məlumatlar da təsdiq edir. Bu xatirələrdən bəzi parçaların görkəmli Azərbaycan publisisti və diplomatı Məhəmmədağa Şahtaxtlı (1846-1931) tərəfindən rus dilinə tərcümə edilərək hələ 1913-1914-cü illərdə "Hərbi-tarixi iş" jurnalında çap etdirməsinə baxmayaraq, Rusiya Müdafiə Nazirliyinə aid olan, məhdud bir dairədə yayılan, nadir nüsxələri qalan bir jurnalda gedən materialdan nə Valentin Pikulin, nə də Rudolf İvanovun məlumatı olmamışdır. Lakin nə vaxtsa Bəyazidin müdafiəsinin təfərrüatları barədə Rudolf İvanovun fikirləri ilə mübahisə etmək cəsarətində ola biləcək müəlliflər üçün qeyd edilən mənbə də tutarlı cavab ola bilər.

"Əlahəzrətin general adyutantı" monoqrafiyasında Rudolf İvanov Azərbaycanın və Rusiyanın tarixində mühüm yer tutan Naxçıvanski generallar sülaləsinin daha bir şərəfli nümayəndəsi olan Hüseynxan Naxçıvanskinin kəşməkəşli həyatı və mübarizəsini bütün təfərrüatı ilə əks etdirmişdir. Əsərdə Hüseyn xan Naxçıvanskinin 34 illik hərbi fəaliyyəti ərzində sıravi hərbçidən general-adyutant səviyyəsinə çatmasının səbəbləri və mahiyyəti bütün fəlsəfəsi ilə açıqlanmışdır. Rusiya Dövlət Hərb Tarixi Arxivindən, Federal Təhlükəsizlik Xidmətinin və Rusiya Dövlət Kitabxanasının fondlarından əldə etdiyi çoxsaylı zəngin materiallar Rudolf İvanovun bu böyük sərkərdənin mükəmməl obrazını calandırmasına geniş imkan yaratmışdır. Bütövlükdə rus-yapon savaşında, Birinci Dünya müharibəsində ön cəbhədə böyük hərbi şücaət göstərən, iyirmi ildən çox atlı diviziyasına rəhbərlik edən, 1917-ci il Oktyabr çevrilişini qəbul etməyən, axıradək hərbçi andına sadiq qalan Hüseynxan Naxçıvanski haqqında ümumən tarix elmi üçün qiymətli bir tədqiqat əsəri meydana çıxmışdır. "Əlahəzrətin general adyutantı" əsəri geniş mənada Rusiya tarixşünaslığının nailiyyətlərindən biri sayılmağa layiqdir. Bu əsər Azərbaycan tarix elminə də görkəmli Qafqazşünasın misilsiz ərməğanıdır.

Rudolf İvanovun 2007-ci ildə çap olunan "Sovet İttifaqının adı ilə" ("Briqada komandiri Cəmşid Naxçıvanskinin həyatı və məhv edilməsi") əsəri Naxçıvanski generallar sülaləsinə həsr olunmuş tarixi silsilənin qanunauyğun məntiqi davamı kimi meydana çıxmışdır. Qədim Naxçıvan diyarının yetişdirdiyi general Cəmşid Naxçıvanskidən bəhs edən 832 səhifəlik bu monumental tədqiqat işi hərb tarixi sahəsində yaradılmış çox dəyərli, sanballı və əhəmiyyətli əsərlərdən biridir. Fikrimizcə, "Sovet İttifaqının adı ilə" monoqrafiyası Rudolf İvanovun elmi fəaliyyətində xüsusi tarixi mərhələdir. Bu qiymətli elmi-tədqiqat işi müstəqillik dövrü Rusiya tarixşünaslığının mühüm nailiyyətlərindən biri sayılmağa tamamilə layiqdir. "Sovet İttifaqının adı ilə" monoqrafiyası qafqazşünaslıqda nadir hadisədir. Bu əsər Azərbaycan tarixşünaslığını da çox ciddi, əhəmiyyətli sənədlərlə, yeni əlavələrlə zənginləşdirir.

Əvvəla, "Sovet İttifaqının adı ilə" əsərində Rudolf İvanov Naxçıvanski generallar sülaləsinin bütün görkəmli nümayəndələrindən - birinci və ikinci Kalbalıxandan, Ehsan xan Naxçıvanskidən, İsmayılxan və Hüseynxan Naxçıvanskilərdən, hətta Cəmşidxan Naxçıvanskinin atası Cəfərquluxandan da yığcam şəkildə söz açmış, yeni sənədlər və materiallar əsasında onlardan hər biri haqqında dolğun elmi təsəvvür yaratmağa nail olmuşdur. Ona görə də əsər ilk növbədə ümumiləşdirici xarakter daşıması ilə səciyyələnir. "Sovet İttifaqının adı ilə" monoqrafiyası Naxçıvanski generallar sülaləsi barəsində elm yönlü, sənədli roman təsiri bağışlayır. Bundan başqa, "Sovet İttifaqının adı ilə" monoqrafiyası XX əsrin birinci yarısını əhatə edən mürəkkəb və kəşməkəşli epoxanın da obyektiv elmi-tarixi mənzərəsinin bütün genişliyi ilə canlandırılmasına uğurla xidmət edir. Bu əsər sovet dövlətinin yaradıcıları və rəhbərlərinin, hərbi sərkərdələrinin, mürəkkəb hərbi-tarixi, siyasi-ideoloji proseslərin, o zamanın ictimai-siyasi mühitinin elmi-tarixi epopeyasıdır. Nəhayət, qeyd olunan kitab görkəmli sərkərdə, repressiyanın günahsız qurbanlarından biri olan Cəmşid Naxçıvanski haqqında həqiqətlərin tarixi salnaməsidir. "Sovet İttifaqının adı ilə" monoqrafiyası görkəmli bir azərbaycanlı generalın haqsız repressiya əzablarına məruz qalmasına dair Rusiya arxivlərindən əldə edilmiş sənədlər əsasında yazılmış birinci tarixi əsər kimi də mühüm əhəmiyyət kəsb edir. General Cəmşid Naxçıvanskinin ətrafında gedən proseslərə geniş miqyasda, epoxanın fonunda nəzər salan Rudolf İvanovun həmin dövrün İosif Stalin, Nəriman Nərimanov, Mircəfər Bağırov, Suren Şaumyan, Serqo Orcenikidze, Frunze, Əliheydər Qarayev, Sergey Mironoviç Kirov, Qəzənfər Musabəyov, Həsən Rəhmanov, Çingiz İldırım və başqa siyasi şəxsiyyətləri haqqında ilk dəfə elmi dövriyyəyə gətirdiyi zəngin materiallar əsasında onlardan birinə aid yeni kitablar və məqalələr yazmaq mümkündür.

Monoqrafiyada Cəmşid Naxçıvanskinin hərbi sərkərdə kimi formalaşma dövrü, Azərbaycan Xalq Cümhuriyyəti illərindəki səmərəli fəaliyyəti, Azərbaycan sovet ordusunun yaradılması sahəsindəki böyük xidmətləri, habelə həyatı və fəaliyyətinin Moskva və Tiflis mərhələləri dəqiq, tutarlı arxiv sənədlərinə, etibarlı hərbi-tarixi mənbələrə istinad edilməklə bütün incəliklərinə qədər qələmə alınmışdır. Bu mənada təqdim olunan sanballı monoqrafiya general-mayor Cəmşid Naxçıvanskinin şərəfli və faciəli həyatının qiymətli tale kitabı kimi ümumiləşir.

Digər tədqiqat əsərlərində olduğu kimi, bu monoqrafiyada da Rudolf Nikolayeviç, sadəcə faktları və hadisələri xronoloji qaydada tərtib etmək, yaxud sadalamaq yolu ilə getməmişdir. O, faktların və hadisələrin mahiyyətini açmağa, hərbi-siyasi proseslərin gedişatını işıqlandırmağa və Cəmşid Naxçıvanskini bir hərbi sərkərdə kimi ümumi gedişatın fonunda təqdim etməyə üstünlük vermişdir. Məsələnin bu cəhəti Rudolf İvanovun bütün əsərlərinə, o cümlədən "Sovet İttifaqının adı ilə" monoqrafiyasına həyatilik, canlılıq, aşkarlıq gətirmiş, əsərin mütaliə imkanlarını artırmışdır.

Rudolf İvanovun "Kalbalıxan Naxçıvanski, onun epoxası və mirası" monoqrafiyası Naxçıvanski generallar sülaləsi haqqında yazdığı əsərlərin davamı olmaqdan başqa, həm də ümumiləşmiş yekunudur. Adından da göründüyü kimi, Rudolf İvanov bu əsərində geniş mənada siyasi-hərbi şəxsiyyətlə tarixi dövrün münasibətlərinin geniş və bütöv mənzərəsini canlandırmağa müvəffəq ola bilmişdir. Əsərin miqyasını və yeniliyini aydın təsəvvür etmək üçün bildirmək lazımdır ki, Azərbaycan tarixşünaslığında birinci Kalbalıxan Naxçıvanski haqqında indiyədək yazılanlar cəmisi bir-iki səhifədən çox deyildir. Rudolf İvanovun Naxçıvan hakimi Kalbalıxan Naxçıvanskiyə həsr etdiyi monoqrafiyanın altı yüz səhifənin hüdudlarını aşması görülmüş işin, aparılmış axtarışların həcmini, əhatə dairəsinin genişliyini aydınlaşdırmağa əsas verir. Rusiya arxivlərindən illər uzunu min bir zəhmətlə toplanılmış zəngin materialların əsasında Kalbalıxan Naxçıvanski görkəmli dövlət adamı, təcrübəli siyasətçi və vətənpərvər bir şəxsiyyət kimi təqdim olunmuşdur. Həmçinin Kalbalıxanın tərcümeyi-halının əhatə dairəsi Rudolf İvanovun XIX əsrin birinci yarısında Azərbaycanla yanaşı, Rusiyanın, Qafqazın, İranın siyasi-tarixi vəziyyəti haqqında yeni materiallar əsasında elmi söz deməsinə şərait yaratmışdır. Müəllifin Qafqazın canişini olmuş general Yermolova, knyaz Sisyanova, Rusiyanın İrandakı səfiri işləmiş, böyük yazıçı Aleksandr Qriboyedova, habelə Ağa Məhəmməd şah Qacara dair təqdim etdiyi sənədlər və irəli sürdüyü mülahizələr yeniliyi ilə diqqəti cəlb edir. Əsərdə eyni zamanda, ermənilərin İrandan Azərbaycan ərazilərinə, o cümlədən Naxçıvana köçürülməsinə dair Rusiya arxivlərindən aşkara çıxarılmış sənədlər və yazışmalar da oxuculara təqdim olunur. Müəllif təkzibolunmaz faktlarla çar Rusiyasının ermənilərin İrandan köçürülməsi siyasətinin mahiyyətini və həyata keçirilməsi vəziyyətini, hətta bu sahədəki çətinlikləri də diqqət mərkəzinə çəkmişdir. Hazırda çap prosesində olan əsərdə həmçinin böyük rus yazıçısı və diplomatı Aleksandr Qriboyedovun Tehranda faciəli şəkildə qətlə yetirilməsində erməni izlərinin mövcudluğu da nəzərə çarpdırılır.

Tanınmış yazıçı Rudolf İvanovun "Basqın" kitabında (2009) Naxçıvan Muxtar Respublikası ətrafında 1920-1926-cı illərdə gedən siyasi-ideoloji proseslərin geniş mənzərəsi canlandırılmışdır. İlk dəfə olaraq, Azərbaycan Sovet Respublikasının Xüsusi komissiyasının Naxçıvana dair indiyədək "məxfi" qrifi ilə saxlanılan hesabatını çap edən və təhlildən keçirən Rudolf İvanov bolşevik hökumətinin iç üzünü açmış, regionda günahsız insanların faciəli şəkildə qətlə yetirilməsinin səbəblərini və mahiyyətini aydınlaşdırmışdır. Hər əsəri ilə elmi dövriyyəyə çoxsaylı yeni sənədlər gətirən Rudolf İvanov "Basqın" kitabında 160 arxiv sənədini və dövri mətbuat materialını tədqiqata cəlb etmişdir. Bütövlükdə "Basqın" kitabı Azərbaycanın sovet hakimiyyətinin ilk illərindəki vəziyyətini öyrənmək üçün əhəmiyyətli mənbədir.

Belə bir ümumi cəhəti də qeyd etmək lazımdır ki, Rudolf İvanovun əsərləri elmi axtarışlarla, tarixi məqamlarla bədii təfəkkürün sintezindən, vəhdətindən yoğrulmuşdur. Müəllif ən müxtəlif məqamları, hətta müəyyən hərb səhnələrini təqdim edərkən yeri gəldikcə bədii təxəyyülün imkanlarına da qol-qanad verir. Bəlkə belə demək daha doğru olar ki, Rudolf İvanovun əsərləri elmi-tarixi xarakteri ilə yanaşı, həm də ədəbi-publisist yönü, üslubu ilə səciyyələnir. Bu mənada həmin əsərlər müstəqillik dövrü Rusiya tarix elminin nailiyyəti olduğu qədər, həm də yeni mərhələdə rus elmi publisistikasının da uğuru sayıla bilər. Rudolf İvanov müasir dövrdə tarixi-sənədli publisistikanın əsas yaradıcılarından biridir.

Fikrimizcə, Rudolf İvanovun təqdim olunan general Naxçıvanskilər epopeyasında və digər əsərlərində öz əksini tapmış minlərlə faktlar, informasiyalar, sənədlər və şəkillər XIX əsrin ikinci yarısından XX əsrin ortalarına qədərki epoxa haqqında neçə-neçə başqa əsərlər yaratmağa da tam və zəngin material verir. Rudolf İvanov Naxçıvanski generallara dair Rusiyanın müxtəlif arxivlərində saxlanan və Azərbaycan tarixşünaslığına bəlli olmayan iki mindən çox sənədi ilk dəfə olaraq elmi dövriyyəyə gətirmişdir. Bu, onun rus tarixşünaslığı ilə bir sırada, bəlkə də daha çox Azərbaycan tarix elmi qarşısında misilsiz xidmətidir. Nəticə etibarilə Rudolf İvanov nadir və görkəmli mənbəşünas tədqiqatçı kimi diqqəti cəlb edir.

Professor Rudolf İvanovun kitablarının hamısı nadir fotolarla zəngindir. Həmin foto materialları axtarıb tapmaq, üzə çıxarmaq, şəkillərdəki şəxslərin adlarını dəqiqləşdirmək, kitablarda münasib səviyyədə yerləşdirmək, elmi ictimaiyyətə və oxuculara çatdırmaq həm onun müəllifi olduğu qiymətli əsərlərin dəyərini artırmağa xidmət edir, həm də tarixşünaslıq elmini daha da zənginləşdirir. Bizə görə, Rudolf İvanovun təqdim etdiyi çoxsaylı nadir fotolar Naxçıvanski generalların təzə bir zəngin muzeyini yaratmaq üçün yetərlidir. Bundan başqa, məlum epopeyadakı fotomateriallar general Naxçıvanskilərə həsr olunmuş böyük, əhatəli, irihəcmli albom hazırlamağa da imkan verə bilər.

Məlum olduğu kimi, Rudolf İvanov Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının həqiqi üzvüdür və vaxtilə Moskva Energetika İnstitutunun professoru vəzifəsinədək yüksəlmiş bir ziyalı olmaqla bərabər, həm də Rusiya Yazıçılar və Jurnalistlər İttifaqlarında tanınmış yazıçı və publisist kimi təmsil olunur. Fikrimizcə, onun əsərlərindəki elmi və bədii düşüncənin birliyi, sintezi həm də tarixçiliklə yazıçılığın vəhdətindən irəli gəlir. Diqqəti cəlb edən budur ki, Rudolf İvanov hərbi-tarixi axtarışlar zamanı da, bədii-publisist yanaşma məqamlarında da, hətta bu iki istiqaməti çuğlaşdırmaqda və qovuşdurmaqda da professionaldır. O, əsərlərində dərin analitik təfəkkürə malik olan səriştəli alim və yüksək yazı mədəniyyəti, obrazlı düşüncə tərzi ilə seçilən peşəkar yazıçı kimi çıxış edir. Bütün bunlar Rudolf İvanovu daha çox memuarlar yazmaqla səciyyələnən digər hərb tarixçilərindən fərqləndirir, onun özünəməxsusluğunu qabarıq şəkildə nəzərə çarpdırır.

Rusiyada olduğu kimi, "ikinci vətəni" hesab etdiyi Azərbaycanda da Rudolf İvanovu yaxşı tanıyır, ona hər yerdə böyük ehtiram göstərirlər. Azərbaycanın ictimai-mədəni inkişafında və maarifçi mühitində böyük rolu olan Heydər Əliyev Fondu bu görkəmli qafqazşünasın elmi fəaliyyətini dəstəkləyir və onun respublika ilə əlaqələrinin daha da möhkəmləndirilməsinə hərtərəfli şərait yaradır. Rudolf İvanov Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü, Naxçıvan Dövlət Universitetinin və Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun fəxri doktoru titullarını da şərəflə daşıyır. Görkəmli yazıçı-tarixçinin Moskva nəşriyyatlarında rus dilində nəşr olunan əsərləri ilə Azərbaycan ictimaiyyəti yaxından tanışdır. Rudolf İvanovun kitablarının Moskva şəhərində keçirilən təqdimat mərasimində Azərbaycan ziyalılarının, diaspor nümayəndələrinin fəal iştirakı, Bakıda və Naxçıvanda təşkil olunmuş yubiley mərasimlərinin və prezentasiyaların böyük təntənə ilə qeyd olunması, əsərləri haqqında respublikada çap edilmiş məqalələr görkəmli qafqazşünas tədqiqatçıya və tanınmış yazıçıya olan ümumxalq marağını dolğun şəkildə ifadə edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30 iyun 2009-cu il tarixli sərəncamı ilə Azərbaycan-Rusiya əlaqələrinin inkişafındakı səmərəli fəaliyyəti nəzərə alınmaqla "Dostluq" ordeni ilə təltif olunması Rudolf Nikolayeviç İvanovun xidmətlərinə dövlət səviyyəsində verilən yüksək qiymətin aydın və konkret göstəricisidir. Naxçıvan MR Ali Məclisi Sədrinin 18 oktyabr 2007-ci il tarixli sərəncamı ilə Rudolf İvanova "Əməkdar jurnalist" fəxri adının verilməsi də görkəmli qafqazşünas alimin zəhmətinin qiymətləndirilməsi istiqamətində atılmış əhəmiyyətli addımdır. Bundan başqa, Rudolf İvanovun general Naxçıvanskilər haqqındakı əsərlərinin Heydər Əliyev Fondunun dəstəyi ilə Moskvada beşcildlik halında böyük tirajla nəşr edilməsi (2009) yeni dövr Azərbaycan-Rusiya mədəni əlaqələrinin inkişafında mühüm hadisədir. Eyni zamanda, "Əlahəzrətin general-adyutantı" əsərinin filologiya elmləri namizədi, dosent Qurban Qurbanlının tərcüməsində Naxçıvan Muxtar Respublikasındakı "Əcəmi" nəşriyyatında ilk dəfə olaraq Azərbaycan dilində çapdan çıxması (2008) onun elmi irsinin daha geniş dairədə tanıdılmasına imkan yaratmışdır. Ölkəmizə həsr edilmiş elmi yaradıcılıq fəaliyyəti ilə yanaşı, Rudolf İvanovun çoxsaylı Bakı və Naxçıvan səfərləri, buradakı yüksək səviyyəli qəbullar və elmi-maarifçi mühitdəki münasibətlər onu Azərbaycan xalqı ilə yaxınlaşdırmış və doğmalaşdırmışdır. Muxtar respublikada naxçıvanlı generallar sülaləsini təmsil edən yeni nəsillərin nümayəndələri ilə ünsiyyətinə və həmin sülalənin adı ilə səsləşən tarixi yerlərlə tanış olmasına, hətta qonşu Türkiyədəki əsərlərinin motivləri ilə əlaqəli olan Doğu Bəyazid şəhərinə, oradakı İsaq Paşa sarayına səfər etməsinə yaradılan şərait R.İvanovun hər səfərini həm də yaradıcılıq axtarışlarını davam etdirməsi, yeni materiallar əldə etməsi baxımından əhəmiyyətli hadisəyə çevirmişdir.

Elmi ictimaiyyətə və oxuculara təqdim olunan "Kalbalıxan Naxçıvanski, onun epoxası və mirası" adlı sanballı monoqrafik tədqiqatı ilə Rudolf İvanovun Naxçıvanskilər haqqındakı elmi epopeyası tamamlanır. Geniş həcmə malik olan bu elmi əsər geniş mənada Rusiya Qafqazşünaslıq elminin böyük abidəsidir. Ümumiyyətlə, "Kalbalıxan Naxçıvanski, onun epoxası və mirası" kitabı hərb tarixi elmini qiymətli əlavələrlə zənginləşdirən monumental əsərdir. Çoxsaylı zəngin mənbələrə, tarixi faktlara, nadir sənədlərə əsaslanan, araşdırmalarındakı obyektivlik düşüncəsindən və ədalətli yanaşmalardan yoğrulmuş qiymətli elmi əsərləri Rusiya qafqazşünaslığının görkəmli nümayəndəsi, Azərbaycan xalqının böyük dostu Rudolf Nikolayeviç İvanovun tədqiqatçı kimi fədakarlığının və şəxsiyyət olaraq bütövlüyünün miqyasını bütün dolğunluğu ilə təqdim edir. Etiraf etmək lazımdır ki, fədakar tədqiqatçı Rudolf İvanovun son illərdə təkbaşına gördüyü iş və qazandığı nəticələr ayrıca bir elmi-tədqiqat qurumunun fəaliyyəti ilə müqayisə oluna bilər.

Azərbaycan-Rusiya əlaqələrinin inkişafında böyük xidmətləri olan görkəmli tarixçi və böyük yazıçı Rudolf Nikolayeviç İvanov şəxsi dostluq münasibətlərində də rus ziyalılığından gələn məsuliyyətin, qafqazlılara məxsus ciddiliyin və etibarın, səmimiyyətin və ürək genişliyinin birlikdə layiqli daşıyıcı olması ilə xalqlara və insanlara ibrətamiz nümunə göstərir.

 

 

İSA HƏBİBBƏYLİ,

Naxçıvan Dövlət Universitetinin rektoru,

Milli Məclisin deputatı, akademik

 

Azərbaycan.- 2011.-18 may.- S. 10.