Laçın dəhlizi

 

 Qədim yurd yerimiz Laçının işğal edilməsi ermənilərin uzun illər ərzində qurduğu ən vacib plan idi. Çünkü Laçının ələ keçirilməsi Ermənistanın Qarabağa yolunun tamamilə açılması demək idi. Hələ 1924-cü ildə DQMV yarandıqdan sonra Laçının rayon statusu alması o vaxtkı Azərbaycan hakimiyyətinin bəlkə də erməni niyyətlərinə qarşı qoyduğu ən güclü maneə idi. Görkəmli yazıçı və dövlət xadimi Tağı Şahbazi Simurğun yaxınlıqdakı Laçın dağının adı ilə "Laçın" adlandırdığı bu şəhər sanki özündə itirilmiş torpaqların həsrətini də, qisasını da yaşadırdı....

1988-ci ildən sonra ermənilərin Laçınla bağlı gizli niyyəti üzə çıxmağa başladı. O vaxt artıq ermənilər Laçında bir neçə mülki şəxsi qətlə yetirmişdilər. Məhz buna görə də Laçın rayon polis şöbəsinin nəzdində ilk xüsusi təyinatlı milis rotası yaradıldı. Həmin rota Laçın rayonunun Ermənistanla sərhəd kəndlərində azərbaycanlıları ermənilərin ehtimal edilən hücumlarından qorumağa cavabdeh idi. Azərbaycanın daxili işlər naziri, general Məhəmməd Əsədov həm Azərbaycan, həm də Ermənistan üçün bütün Dağlıq Qarabağda ən strateji rayon sayılan Laçının təhlükəsizliyini təmin etməkdən ötrü Laçınla Şuşanın arasında yerləşən Qaladərəsi, Göytala və digər kəndlərdən separatçı ermənilərin çıxarılması üçün plan hazırlayırdı. 1990-1991-ci illərdə xüsusi təyinatlı milis dəstəsi, Şuşa milis şöbəsi və daxili qoşunların iştirakı ilə keçirilən əməliyyat nəticəsində həmin kəndlərdə yaşayan erməni separatçıları tutuldu, münaqişə ocağına çevrilən kəndlər boşaldıldı. Laçın-Şuşa yolunun üstündə yerləşən erməni kəndlərindən hücumların qarşısı alındı. Yeri gəlmişkən, Azərbaycanın Milli Qəhrəmanı, jurnalist Salatın Əsgərova məhz həmin kəndlərin ərazisində - Laçın-Şuşa yolunda erməni quldurları tərəfindən qətlə yetirilmişdi. Peşə fəaliyyətimlə əlaqədar hadisədən bir az sonra həmin yerdə mən də olmuşdum. S.Əsgərovaya arxasından güllə atılan ağacın budaqları qırılıb yerə tökülmüşdü.

Dağlıq Qarabağın azərbaycanlılar yaşayan bir sıra şəhər və kəndini ələ keçirdikdən və mayın 8-də Şuşanı işğal etdikdən sonra Ermənistan silahlı qüvvələri öz məkrli planlarını - Ermənistanla birbaşa əlaqələri üçün Şuşa-Laçın-Zabux yolunu açmağa başladılar. Burada söhbət Şuşa ilə Laçın arasındakı 44 kilometrlik məsafədən gedirdi və bu ərazini ələ keçirmək üçün ermənilərin qurduğu planın tarixi çox əvvəllərə gedib çıxırdı...

 

"Ay Laçın..."

 

Şuşanı tərk edərək Turşsu və Laçına doğru geri çəkilən döyüşçülərin mənəvi-psixoloji vəziyyəti yaxşı deyildi. Texnikanın sayının az olmasını və Bakıda baş verən hakimiyyət çəkişmələrini də bura əlavə etsək, Laçını nələrin gözlədiyini təsəvvür etmək olardı ...

Artıq Laçın şəhərinin mərkəzi Turşsu və Gorus, Tex və Xınatsax istiqamətindən qrad və toplarla vurulurdu. Həmin ərəfədə döyüşçülərimizin Ermənistanla sərhəddə təlim silahları və çoxu işləməyən 28 BTR-lə dayanmasına baxmayaraq, orduda yaranan hərc-mərclik öz işini gördü. Ölkə rəhbərliyini sanki Qarabağda baş verənlər maraqlandırmırdı. Ermənistan isə bütün qüvvəsini, demək olar, buraya cəmləşdirmişdi...

Mayın 16-17-si Laçında qalan digər hərbçilər də ərazini tərk etməyə başladılar. Yerli qüvvələr Laçının işğal ediləcəyini anlayaraq öz ailələrini şəhərdən çıxarırdı. Müdafiə Nazirliyinin bölmələri isə bölünərək Kəlbəcər və Qubadlı istiqamətinə çəkildilər. Bütün bunlar isə artıq Laçının süqutu demək idi. On minlərlə insanın yaşadığı 125 kəndin, 1 şəhərin, 1 qəsəbənin taleyi belə həll olundu. 101 ümumtəhsil məktəbi, 217 mədəniyyət mərkəzi, 140 səhiyyə obyekti, 200-dən çox IX-XV əsrlərə aid tarixi abidə hələ də erməni işğalçılarının tapdağı altındadır.

Ermənistan rəhbərliyi və Dağlıq Qarabağ separatçı rejiminin təşəbbüsü ilə 1993-cü ilin dekabrından Laçın şəhəri yenidən salınmağa başlanıb. Bu gün bütün Dağlıq Qarabağ üzrə gəlmə ermənilərin ən sıx məskunlaşdığı yer Laçın ərazisidir. Burada 12 min erməni yerləşdirilib. Laçının adı dəyişdirilərək "Berdzor", məşhur Minkənd "Xak", Alıqulular "Alqumişen", Sultankənd "Xaşatax" adlandırılıb. Laçındakı qədim ibadət ocaqlarımız, məscid və digər abidələrimiz erməniləşdirilib. Bir sözlə, kəndlərdəki əsrlərin və qərinələrin yaşıdı olan abidələr, qalalar yadellilərin dəfələrlə etdiyi hücumlardan qorunsa da, 1992-ci ildən başlayaraq daha ağır zərbə aldı, daş-divarlarındakı yaddaş tarixləri silinərək erməniləşdirildi və dünyaya "qədim erməni xalqının yazılı abidələri" kimi təqdim edildi.

 

Şuşa TV-nin o vaxt çəkdikləri

 

Yaxşı yadımdadır. O vaxt - 80-ci illərin axırlarından başlayaraq Şuşada Qarabağ bölgəsinin problemlərini işıqlandırmaq məqsədilə televiziya fəaliyyətə başladı. Azərbaycan televiziyasından oraya ezam olunan jurnalistlər arasında mən də vardım. Çəkilişlə əlaqədar dəfələrlə Laçında, onun müxtəlif kəndlərində və yaşayış məskənlərində olmuşdum. O vaxt görüşdüyüm insanların hamısında inam və əzmkarlıq hissi olduqca güclü idi. Hamı döyüşürdü və hamı gələcək döyüşlərə hazır idi. Amma sonrakı başsızlıq, çox böyük problemlərə, eləcə də Şuşa ilə Laçının itirilməsinə gətirib çıxardı...

 

 

Bəxtiyar QARACA

 

Azərbaycan.- 2011.-18 may.- S. 11.