Müqəddəs məkan - xanəgah
İçərişəhər dedikdə hər bir azərbaycanlının təsəvvüründə möhtəşəm Qala divarları, Şirvanşahlar sarayı kompleksi və Bakının rəmzi hesab edilən, sirli-sehrli Qız qalası canlanır. Halbuki 22 hektarlıq kiçik bir ərazidə elə abidələr var ki, mahiyyətinə görə heç də adlarını çəkdiklərmizdən geri qalmırlar. Belə abidələrdən biri Sıratağlı dini-memarlıq kompleksi - Müqəddəs məkan xanəgahdır. Dini məqsədlər üçün inşa edilən bu məkan İçərişəhərin timsalında özünü daha qabarıq şəkildə büruzə verə bilmişdir.
Həmin abidə 1964-cü ilin fevral və mart aylarında Qız qalasının yaxınlığında arxeoloji qazıntı işləri aparılan zaman aşkar edilmişdir. Abidə Abşeronda olan badamdar adlanan əhəng növlü daşla tikilmişdir. Hazırda zahiri quruluş cəhətdən kiçik "n" hərfinə oxşayan bu abidə üç tərəfdən ensiz daş səkilər üzərində qurulmuş səkkizguşəli daş sütunlar və oxvarı tağlarla əhatə olunmuşdur.
Arxeoloji qazıntılar zamanı həmin həyətin döşəməsindən 50-dən artıq bir-birinin yaxınlığında yerləşən qəbirlər aşkar edilmişdir. Məzarlar müxtəlif istiqamətdə yerləşirdi. Kəbəyə (cənub-qərb) tərəfə yönəlmiş qəbirlər müsəlman qəbirləri olduğuna işarədir. Aşkar edilən məzarlar arasında islamdan qabaq olan dəfn yerləri də vardır. Bunu onların həm istiqaməti, həm də dəfn üslubu təsdiq edir. Məzarlıqlardakı sümüklər qəbrin bir tərəfində toplanmış şəkildə aşkar edilmişdir ki, bu da təkrar dəfnlə bağlıdır.
Abidənin bir neçə mədəni təbəqədə yerləşməsi onun qədimliyindən və bu məkanın yüzilliklərlə müqəddəs sitayiş yeri olduğundan xəbər verir.
Ən maraqlısı budur ki, həyətin ortasında, qəbirlərin yanında silindrik formalı bir quyu və ondan bir qədər aralıda cənub-şərq tərəfdən səkkizguşəli iri daş sütun aşkar olunmuşdur. Hündürlüyü 1,1 m. diametri 45 sm olan sütun üçpilləli kürsüdə yerləşir, sütunun ortasında od izləri olan kiçik oyuq var. Guman ki, çoxsaylı zəvvarların ziyarəti zamanı yandırılan adi çıraqdır (yağ və ya neft çırağı). Bəzi tədqiqatçıların rəyinə əsasən bu, üzərində daim alov yanan qədim məbəddir. Belə ki, bu atəşpərəstlik dövrünün abidəsidir.
Orta əsrlərdə belə dəfnlər xanəgahlarda mövcud idi. Adətən, karvan - ticarət yolları üzərində yerləşən xanəgah manilik və buddizm zahidlərinin hücrələrindən əmələ gəlmiş və sonralar müxtəlif tikililərdən ibarət kompleksə çevrilmişdir. Xanəgah kompleksinə ribat, karvansaray, türbə, məscid, ovdan, hamam və s. dini və ictimai binalar daxil olurdu.
Bundan əlavə, abidənin bir tərəfində yerləşən məktəb-məscidin divarında həkk olunmuş vəqfnamənin mətnindən məlum olur ki, məktəb- məscidi tikdirən İmam Qulu Şeyx Tahirin məzarı kompleksə daxildir. Yazıda su kəməri, neft anbarı darvazanın olduğundan xəbər verir. Bütün kompleks daş hasarla əhatə olunmuşdur. Yazı bir daha bu abidənin memorial xarakterli olduğunu təsdiqləyir.
Beləliklə, ehtimal etmək olar ki, orta əsrlərdə Qız qalası ilə üzbəüz yerdə ali ruhani, böyük vəqf əmlakının sahibi, xalq arasında böyük nüfuza malik olan Şeyx Tahirin xanəgahı olub. Orta əsrlərdə Azərbaycanın sosial-siyasi həyatında mühüm rol oynamış xanəgah sufiliyin təbliğat mərkəzlərindən olmuşdur. Xanəgahda, adətən, dərvişlər yaşamış və oranı idarə etmişlər.
Şeyxin ətrafında onun tərəfdarları və müridləri dəfn olunmuşdur. Zaman keçdikcə burada qəbiristanlıq əmələ gəlmiş və Şeyxin uyuduğu məkan ziyarətgaha çevrilmişdir. Azərbaycanın ərazisində belə müqəddəs məkanlar bir çox rayonlarda indi də ziyarətgah kimi fəaliyyət göstərir. Bütün bunlar deməyə əsas verir ki, minilliklər ərzində müxtəlif inamlar və dinlər bir-birini əvəz edərək bu məkanı müqəddəs yerə çevirmişdir.
Burada müasir dizaynla abadlıq işləri aparılmış və açıq səma altında bədii daşyonma sənəti nümunələri ekspozisiyası açılmışdır.
Daş üzərində bədii daşyonma sənəti Azərbaycan xalqının dekorativ- tətbiqi sənəti yaradıcılığının yüksək inkişaf etmiş sahələrindəndir. Memarlıq abidələri üzərində ornament sənəti memorial abidələrdə yazı ənənələri ilə sıx bağlıdır.
Orta əsrlərdə bədii daşyonma sənəti Şirvan Abşeron memarlıq abidələrində və məzar daşlarında geniş tətbiq olunurdu. İstedadlı ustalar, nəqqaşlar, xəttatlar abidənin bədii tərtibatı ilə yanaşı, yazılardan da geniş istifadə edirdilər. Epiqrafik yazılar bədii tərtibatın mühüm ayrılmaz bir hissəsi idi.
Ekspozisiyada təqdim olunan abidələr e.ə. III-IV əsrə aid tunc dövründən başlayaraq, bütpərəstlikdən və islama qədər geniş bir tarixi dövrü əhatə edir.
Bütpərəstlik dövrü abidələri massivliyi ilə seçilir. Azərbaycan ərazisində bu tipli daş fiqurların aşkar edilməsi heç də təsadüfi deyil. Mənbələr göstərir ki, türkdilli xalqlar islam dinini qəbul etməmişdən qabaq hər bir igidin məzarı üstə insan fiqurlu heykəllər qoyarmışlar.
VII əsrdə yaşamış alban tarixçisi Moisey Kalankaytuklu Azərbaycan ərazisində yaşayan tayfaların daşdan heykəllər yonub ona sitayiş etdiklərini, onların şərəfinə qurbanlar verdiklərini xüsusi qeyd edir. O, bu tayfaların uzun saç saxlayıb, mahir oxatan olduqları haqda da məlumat verir.
Azərbaycanda məzar daşlarının bir neçə növü var (başdaşı, sənduqə qoç, at heykəlli məzar daşları).
Qoç heykəlli məzar daşları Azərbaycanın cənub şəhərlərindən şimal-qərb ərazilərinə qədər yayılmışdır. Qoç qədim türk tayfalarının totemi - Allahı idi. Qoç heykəlli abidələr haqqında ilk məlumatlara 1834-cü il mənbələrində rast gəlinir. Azərbaycanda olmuş fransız səyyahı Dubua de-Monpere Qarabağ əhalisinin qoç heykəlli abidələrə xüsusi münasibətindən bəhs edir.
Başdaşları, sənduqə formalı məzar daşları həndəsi və nəbati ornamentlərlə, müxtəlif sujetli kompozisiyalarla bəzədilir, mərhumun cinsini və hansı peşə sahibi olduğunu nümayiş etdirirdi.
Burada bədii daşyonma sənəti nümunələri kimi islam dövrü məzar daşları nümayiş olunur. Ornamentlərlə yanaşı, məzar daşlarında kufi, nəsx, süls, nəstəlik xətləri ilə Quran ayələri, lirik mənzum parçalar da həkk edib. Bunlar da ümumi kompozisiyaya xüsusi gözəllik verir. Bundan əlavə, məzar daşlarında müxtəlif simvollar da əks olunurdu. Məsələn, islam simvolu - ay, ulduz, dairə, qədim türk tayfalarına məxsus günəş simvolu, şamanların və onqonların təsviri.
Beləliklə, abidənin yerləşdiyi qədim ərazi Qız qalası da daxil olmaqla, müqəddəs məkandr. Vaxtı ilə bu məkanda atəşpərəstlik məbədi, orta əsrlərdə sufi xanəgahı fəaliyyət göstərib. Bu fakt dünya tarix elmində qəbul edilən əsas fikri bir daha təsdiqləyir, yəni müqəddəs məkanlar dəyişilmir, zaman ötdükcə dəyişən yalnız dinlər və onların ayinləridir.
Nahidə BƏKİROVA,
İçərişəhər
tarixi muzeyinin
elmi-tədqiqatlar bölməsinin
müdiri
Azərbaycan.- 2011.-18 may.- S. 11.