Aktuallığını itirməyən
mübarizə
Dünyada elə qlobal problemlər var ki, onların həlli millətindən, cinsindən və irqindən asılı olmayaraq bütün insanların birgə mübarizəsindən asılıdır. Belə problemlərdən biri XX əsrdə yaranmış və sürətlə yayılan HİV virusu və onun törətdiyi QİÇS xəstəliyidir. Bu xəstəliklə mübarizədə uğur əldə etmək üçün dünya dövlətləri ilə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 25-27 iyun 2001-ci il tarixdə keçirilmiş xüsusi sessiyasında HİV/QİÇS-ə dair Öhdəlik Bəyannaməsi qəbul edilmişdir. Bəyannamədə HİV/QİÇS-lə mübarizədə dünya ölkələrinin vahid ittifaqda birləşmələri və irəli sürülən tələblərin yerinə yetirilməsi yolları öz əksini tapıb. Sənəddə təhsil sahəsində maarifləndirici proqramların hazırlanması və tətbiqi məsələsinə də xüsusi önəm verilib.
Əvvəlki illərdə bu sahədə bir çox profilaktik işlər görülmüş, xüsusilə yeniyetmə və gənclərin infeksiyaya yoluxmaması üçün dünya dövlətləri tərəfindən qabaqlayıci tədbirlər müəyyənləşdirilmişdir. Beynəlxalq təşkilatlar ildə bir dəfə ayrı-ayrı ölkələrin bu sahədə apardığı işləri müzakirə edir, meydana çıxan problemlərin həllində onlara dəstək olurlar.
2003-cü ildə BMT-nin həqiqi sənəd kimi qəbul etdiyi müəssisələrarası birgə proqramda təhsil sistemində görüləcək işlərə xüsusi diqqət yetirilmişdir. 2007-ci ilin hesabatında 2010-cu ilə qədər 1,5 milyon ibtidai və ümumi təhsil pilləsi üzrə müəllimin maarifləndirmə kursundan keçəcəyi və 19 milyon uşağa yardım göstəriləcəyi vurğulanırdı. Hazırda yaranmış vəziyyətin nəzarətdə saxlanmasının ən optimal yolu təhsil sahəsində kompleks profilaktik maarifləndirmə işinin təşkilidir. Görülmüş işləri müzakirə etmək və qarşıya çıxan çətinliklərin aradan qaldırılmasına dəstək vermək məqsədilə hər il hesabat xarakterli konfranslar təşkil edilir. Belə tədbirlərdən biri də bu il aprelin 19-21-də "Təhsil mühitində QİÇS-in profilaktikası və sağlam həyat tərzinin formalaşması" mövzusunda Qazaxıstan Respublikasının Almatı şəhərində keçirildi. Tədbirə 10 bölgə ölkəsindən (Azərbaycan, Belarus, Qazaxıstan, Moldova, Rusiya, Tacikistan, Ukrayna, Özbəkistan və Qırğızıstan dövlətindən) 70 nəfər, o cümlədən Azərbaycan Respublikasından bu sətirlərin müəllifləri, A.Hacıyeva və G.Hüseynova iştirak edirdilər. Konfransın işi 8 sessiyada 37 məruzə dinlənilməklə, 6 qrupda davam etmişdi.
Konfransın açılışında iştirakçıları YUNİSEF-in və Təhsil Nazirliyinin nümayəndələri salamlayaraq, qarşıda duran vəzifələrin həlli yollarını tapmaqda onlara uğurlar arzuladılar. Nümayəndə heyətimizin üzvləri məruzə və çıxışlarında Azərbaycan Respublikasının qanunvericiliyində bu məsələyə xüsusi diqqət yetirildiyini, qanunların qəbul olunduğunu vurğuladılar. Bildirildi ki, BMT qurumları çərçivəsində Azərbaycan Respublikasının Təhsil Nazirliyi bu sahədə aparılan dəyişiklikləri dəstəkləyir, yeniyetmə və gənclərin sağlam həyat tərzi keçirmələrinə yardım etmək məqsədi ilə əsaslı işlər həyata keçirir. "Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu"nda, "Azərbaycan Respublikasında ümumi təhsilin konsepsiyasında (Milli Kurikulum)", "Ümumtəhsil məktəblərinin I-IV sinifləri üçün fənn kurikulumları"nda, biologiya, həyat bilgisi, insan və cəmiyyət və başqa fənlərin təlim standartlarında uşaq, yeniyetmə və gənclərin sağlam həyat tərzinin formalaşdırılmasının, HİV/QİÇS-dən qorunma yollarının aşılanması və s. məsələlər diqqətə çatdırıldı. Bu sahədə əsaslı təhsil siyasəti yeridilir, tədris proqramlarına və materiallarına HİV/QİÇS-lə bağlı mövzular daxil edilir, müəllimlərə təlim kursları keçilir.
Bu gün Azərbaycan təhsilində reallaşdırılan islahatlar onun dünya standartlarına cavab verdiyini açıq şəkildə göstərir. İlk dəfə BMT-nin Əhali Fondu ilə birlikdə "Reproduktiv sağlamlığın əsasları" (IX sinif şagirdləri üçün) fakültativ kurs məşğələsi üçün hazırlanmış metodik vəsait yerlərdə müsbət qarşılanmışdır. Lakin layihə bu sahədə sistemli iş aparmağa imkan vermədiyi üçün ümumtəhsilin bütün mərhələlərini (ibtidai, ümumi orta və tam orta təhsil) əhatə edən "Həyati Bacarıqlara Əsaslanan Təhsil" vəsaiti hazırlandı. Vəsaitə qədər konsepsiya və proqram yazıldı, onlar ictimaiyyətin geniş müzakirəsindən keçəndən sonra təsdiq olundu. Məktəblərdə tətbiq olunan fakültativ kurs proqramı dörd bölmədən ibarətdir.
Qlobal Fondun dəstəyi ilə layihəyə "Həyati Bacarıqlara Əsaslanan Təhsil" üzrə 2008-ci tədris ilində 4511 məktəb, 1,4 milyon şagird cəlb olunmuşdur. 2009-cu tədris ilində 1,3 milyon şagirdi əhatə etməklə 4499 məktəbdə layihə tətbiq edilmişdir. 2008-ci dərs ilində 2323 məktəbdən 6205 müəllim, 2009-cu tədris ilində isə 785 məktəbdən 1495 müəllim "Həyati Bacarıqlara Əsaslanan Təhsil" proqramı üzrə treninqlərdən keçmişlər. Hazırda bu iş çox uğurla davam etdirilir.
2010-cu ildə peşə liseyləri, kollec və ali məktəblərdə HİV/QİÇS-ə dair 135 mühazirə söylənmişdir. İnteraktiv təlim metodlarından istifadə etməklə tələbələrə sağlam həyat tərzi haqqında məlumat verilmişdir. Bu işdə mətbuatın, informasiya-kommunikasiya texnologiyalarının imkanlarından yetərincə istifadə olunmuş, HİV infeksiyasının yaranması və ondan qorunma yollarına dair maarifləndirici işlər aparılmışdır.
2006-2009-cu illərdə Azərbaycan Respublikasında HİV/QİÇS-ə tutulmuş insanların sayı bildirilməklə yanaşı, diaqramlaşdırılmış rəqəmlərlə illər üzrə inkişaf dinamikası göstərilmiş, xəstəliyin yaranma səbəblərinə aydınlıq gətirilmişdir. Mövcud vəziyyətin genişlənməməsi üçün qabaqlayıcı işlər görülmüşdür.
Çıxışlarda ilkin söz alan Birləşmiş Millətlər Təşkilatının Əhali Fondunun Şərqi və Mərkəzi Asiya ölkələrindəki ofisinin baş direktoru Fea Flerens Azərbaycan Respublikası Təhsil Nazirliyinin islahatlara açıq olduğunu, bu sahədə böyük işlər gördüyünü bildirdi.
Rusiya Federasiyasının Elm və Təhsil Nazirliyinin idarə rəisinin müavini Andrey Qeriş, Qırğızıstan Respublikasının elm və təhsil nazirinin müavini Qulcuqut Sokonkulov, Özbəkistan Respublikasının Xalq Təhsili Nazirliyinin əməkdaşı Gülnaz Alimcanova, Bütün Ukrayna Müəllimləri Assosiasiyasının sədri Vladimir Ponomarenkov və başqaları Azərbaycanın təhsil sistemində aparılan işlərin məqsədyönlülüyünü və nəticələrin effektivliyini dəyərləndirdilər. Xüsusilə YUNİSEF-in layihə üzrə məsləhətçisi dəfələrlə Azərbaycan Respublikasının Təhsil Nazirliyində olmuş Brayan Dobson məruzəsində "Həyati Bacarıqlara Əsaslanan Təhsil" layihəsinin hazırlanması, tətbiqi barədə danışdı, bu sahədə meydana çıxan çətinliklərə aydınlıq gətirdi. O bildirdi ki Azərbaycan, Makedoniya və Moldova bu istiqamətdə müsbət iş təcrübəsinə görə hazırda öncül yerlərdə dururlar.
Üç gün davam edən konfransda müxtəlif problemlərə toxunuldu. Hər bir müstəqil dövlətdə bu iş BMT-nin Qlobal Fondunun dəstəyi ilə həyata keçirilir. Konfrans iştirakçıları müəyyən ölkələrdə müsbət irəliləyişlərin olmasını nəzərə çarpdırmaqla yanaşı, Şərqi Avropa və Mərkəzi Asiya ölkələrində artıq bu xəstəliyin epidemiya halını aldığını narahatlıqla bildirdilər. Şərqi Avropa və Mərkəzi Asiya dünyada yeganə regiondur ki, orada HİV infeksiyasının səviyyəsi günü-gündən artmaqda davam edir. YUNİSEF-in verdiyi məlumata görə, son 10 ildə göstərilən regionlarda HİV infeksiyası ilə yaşayanların sayı 3 dəfə artmışdır. 2009-cu ilin sonunda bu xəstəliyin daşıyıcıları 1,4 milyon nəfər çoxalmış və onların 80 faizi 30 yaşına qədər olan insanlardır. Yalnız 10 faizdən 40 faizə qədəri 15-24 yaşlarındadır ki, onlar da profilaktikaya düzgün əməl etməmələrindən HİV virusuna tutulmuşlar.
Yeniyetmə və gənclərin sağlamlığının qorunması məqsədilə regionda profilaktik proqramların realizəsi təlimi üzrə geniş təcrübə qazanılmışdır. Bu proqramlar sahə nazirlikləri, təhsili idarə edən orqanlar, səhiyyə, gənclər və idman nazirlikləri, qeyri-hökumət təşkilatları, dini qurumlarla sıx əlaqədə BMT-nin və beynəlxalq təşkilatların maliyyə və texniki dəstəyi ilə HİV/QİÇS, malyariya və vərəm xəstəliyinə qarşı mübarizə çərçivəsində həyata keçirilir.
Region ölkələrində bu sahədə profilaktik işlər təhsilin məzmununa gətirilmişdir. Proqramlar fakültativ kurs və seçmə fənn kimi tədris olunur. Bundan başqa, bir çox ölkələrdə profilaktik proqramların reallaşdırılması üçün könüllü yaşıdlar dəstəsi yaradılır ki, onlar da dərsdənkənar tədbirlərin və məşğələlərin keçirilməsinin interaktiv formalarına cəlb olunurlar. Lakin bir çox yeniyetmə və gənclər qrupu bəzən profilaktik proqramlardan kənarda qalırlar.
Konfrans iştirakçıları tərəfindən problemlər də önə çəkildi. Qeyd edildi ki, profilaktik proqramın məzmun və forması yeniyetmə və gənclərin sağlam həyat tərzinin formalaşmasında tam məqsədə nail olmağa imkan vermir. Digər tərəfdən, təhsil müəssisələrində profilaktik təlim, digər fənlər kimi, tam statusda deyil. Göstərilən mövzuların müntəzəm öyrənilməsi və mənimsənilməsi üçün lazımi tədris saatı verilmir. Təhsil müəssisələri çox vaxt kifayət qədər tədris və metodik vəsaitlərlə təmin olunmurlar.
Konfrans iştirakçıları təsdiqlədilər ki, yeniyetmələrdə hər bir məsələyə olan maraq onları riskli münasibətə, alkoqol və narkotikləri eksperiment etməyə gətirib çıxarır. Belə bir hərəkətə onları sosial, iqtisadi və ailə vəziyyəti də sövq edə bilər. Bütün bunlar gənclərdə cinsi yolla keçən infeksiyalara, HİV-ə yoluxmasına, alkoqol və narkotikdən istifadə isə ölümlə nəticələnən bədbəxt hadisələrə, o cümlədən, özünüqəsdə gətirib çıxarır. HİV/QİÇS üzrə yerli tədqiqatların aparılmaması isə işin effektli qurulmasına mənfi təsir göstərir. Bəzi tədqiqatlarda keyfiyyətli profilaktik proqramlar çərçivəsində öyrənilən məsələlər və cinslərarası əlaqə, HİV-in yaranma səbəbləri tam açıqlanmır.
Konfrans iştirakçıları profilaktik proqramları realizə etmək, problemin həllinə hərtərəfli nail olmaq üçün öz hökumətlərinə, beynəlxalq təşkilatlara, o cümlədən BMT-nin Qlobal Fonduna, YUNİSEF-ə HİV/QİÇS, malyariya və vərəmlə mübarizə aparmaq üçün müraciətlər etdilər.
İştirakçılar həmçinin HİV/QİÇS sahəsində bütün region ölkələrində qanunvericiliyin formalaşdığını, milli strategiya və konsepsiyaların hazırlandığını, məqsədyönlü proqram və layihələrin mövcudluğunu və profilaktik proqramların tətbiqi təcrübəsinin olduğunu göstərdilər. Bununla yanaşı, bəzi dövlətlərin profilaktik proqramlarının az miqdarda maliyyələşdirilməsi, hətta maliyyələşdirilməmənin aparılmaması, lazımi tədris fənninin bütün təhsil mərhələləri üzrə olmaması, proqramları öyrənmək üçün müəllimlərin hazırlıq səviyyəsinin zəifliyi, bu kursları tədris edən müəllimlərin saatının nizamlı olmaması, pedaqoji və səhiyyə işçiləri arasında problemə baxışda fərqliliyin olması və s. qeyd edildi.
Xüsusi vurğulandı ki, bu məsələlərin həllinə beynəlxalq təşkilatlar (BMT-nin qurumları, iri donor təşkilatları), pedaqoji, səhiyyə və valideyn ictimaiyyəti dəstək olmalıdır.
Yaranmış problemin həlli yollarına sağlam həyat tərzi üzrə təlim fənninin icbari qaydada tədris olunmasını, pedaqoji kollec və institutlarda sağlam həyat tərzi üzrə ixtisasın yaradılmasını, HİV/QİÇS üzrə proqramların yenidən hazırlanması və ixtisasartırmanın təkmilləşdirilməsini, dövlət qulluğu imtahanlarının suallarına HİV/QİÇS haqqında məlumatın daxil edilməsini, bütün idarəetmə sahələrində çalışanların bu haqda məlumatlandırılmasını (qanunlar, ictimai təşkilatların rəhbərlərinə tapşırıqlar və icrasına nəzarət), texniki peşə, orta ixtisas və ali məktəblərdə sağlam həyat tərzi kursunun tədris olunmasını, bütün sahələr üzrə pedaqoji kadrların təlimi üçün dövlət proqramının yaradılmasını vacib saydılar.
Gərgin və maraqlı keçən müzakirələrin sonuncu günündə Azərbaycan nümayəndələri Almatı şəhərində yerləşən "Sağlam həyat tərzinin formalaşdırılması probleminin milli mərkəzi"ndə oldu. Bu mərkəzin mükəmməl nizamnaməsi və fəaliyyət planı var. Treninq otağında tibb universitetinin tələbələri ilə HİV/QİÇS üzrə məşğələ keçilirdi. Ali məktəblər üçün iki hissədən ibarət "Vaeologiya" dərsliyi hazırlanmışdir.
Bütün bunları nəzərə alaraq Azərbaycan Respublikasında "Həyati Bacarıqlara Əsaslanan Təhsil" fənnini tədris edən müəllimlərin treninqlərinin keçirilməsini, məktəbəqədər təhsil mərhələsi üzrə tərbiyəçilər üçün metodik vəsaitin hazırlanmasını, uşaq, yeniyetmə və gənclər üçün maarifləndirici disklərin buraxılmasını, HBƏT-ə fənn statusu verilməsi üçün məzmunun yenidən müəyyənləşdirilməsini, HBƏT distant təhsilin tətbiqini, təhsil, səhiyyə, hüquq-mühafizə orqanlarının ortaq koordinasiya mərkəzinin yaradılmasını və s. zəruri hesab edirik.
Elnur ƏLİZADƏ,
Təhsil Nazirliyinin Tərbiyə
və məktəbdənkənar
müəssisələr
şöbəsinin baş məsləhətçisi
Piralı ƏLİYEV,
Təhsil Problemləri
İnstitutunun şöbə
müdiri,
pedaqogika üzrə fəlsəfə doktoru,
dosent, əməkdar müəllim
Azərbaycan.- 2011.-18 may.- S. 12.