Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Bayrağı Meydanının ətrafında həyata keçirilən abadlıq və quruculuq işləri ilə tanış olmuşdur

 

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 18-də Dövlət Bayrağı Meydanının ətrafında həyata keçirilən abadlıq və quruculuq işləri ilə tanış olmuşdur.

Prezident İlham Əliyev 2010-cu il noyabrın 9-da Azərbaycanda ilk dəfə qeyd edilən Dövlət Bayrağı Günü münasibətilə təşkil edilən mərasimdə Dövlət Bayrağı Meydanının ətrafında tikinti-quraşdırma işlərinin davam etdirilməsi ilə bağlı tapşırıqlarını vermişdi. O vaxtdan başlayaraq burada ardıcıl surətdə quruculuq tədbirləri həyata keçirilir. Dövlət Bayrağı Meydanının ətrafındakı 60 hektar ərazidə parkların, bulvarın, istirahət və gəzinti yerlərinin salınması istiqamətində xeyli iş görülübdür. Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında dövlət başçısı Bakıda icra edilən böyük layihələrdən olan Dövlət Bayrağı Meydanında və onun ətrafında görülən işlərin tamamlanması və bu ilin sonunadək paytaxt sakinlərinin istifadəsinə verilməsi ilə bağlı göstərişlər verdi.

Bu böyük layihənin icrasını daim diqqət mərkəzində saxlayan Azərbaycan Prezidenti İlham Əliyev burada aparılan tamamlama işləri ilə yerində tanış oldu. Bakı şəhərinin sxemi əsasında Dövlət Bayrağı Meydanında və ətraf ərazilərdə həyata keçirilən quruculuq işləri barədə Prezident İlham Əliyevə ətraflı məlumat verildi.

Dövlət başçısı Bayraq meydanından şəhərin panoramını da seyr etdi.

Ərazidə aparılan abadlıq və quruculuq tədbirləri ilə yaxından tanış olan Prezident İlham Əliyev işlərin sürətlə və keyfiyyətlə həyata keçirilməsi ilə bağlı müvafiq tapşırıqlarını verdi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-19 may.- S. 1.