Azərbaycan Respublikasında Balaxanı-Sabunçu-Ramana və Kürdəxanı neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, UQE-LANSER PTİ. LTD və ARDNŞ-in Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında Balaxanı-Sabunçu-Ramana və Kürdəxanı yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında" 2008-ci il 17 noyabr tarixli 47 nömrəli və "Azərbaycan Respublikasında Balaxanı-Sabunçu-Ramana və Kürdəxanı yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 17 noyabr tarixli 47 nömrəli sərəncamında dəyişikliklər edilməsi barədə" 2010-cu il 15 yanvar tarixli 683 nömrəli sərəncamlarına uyğun olaraq, 2010-cu il iyunun 3-də Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ("ARDNŞ") ilə UQE-LANSER PTİ. LTD və ARDNŞ-in Ortaq Neft Şirkəti ("ONŞ") arasında Saziş bağlanmışdır.

Azərbaycan Respublikasının Milli Məclisi:

Azərbaycan Respublikasının qanunvericiliyində Sazişin əhatə etdiyi məsələlərin tam və müasir tələblərə uyğun olaraq nizamlanmadığını;

Azərbaycan Respublikasının karbohidrogen ehtiyatları haqqında Azərbaycan Respublikası Qanununun olmamasını;

Sazişin şərtlərinə görə onun qanunverici orqan tərəfindən təsdiqindən sonra Qanun olmasını;

bu qanunun Azərbaycan Respublikasının Konstitusiyasına tam uyğun olduğunu nəzərə alaraq,

Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktına və Azərbaycan Respublikasının Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndinə əsasən qərara alır:

1. "Azərbaycan Respublikasında Balaxanı-Sabunçu-Ramana və Kürdəxanı yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Azərbaycan Respublikası Dövlət Neft Şirkəti UQE-LANSER PTİ. LTD və ARDNŞ-in Ortaq Neft Şirkəti arasında Saziş (bundan sonra "Saziş" adlanacaq) qəbul və təsdiq edilsin, onun həyata keçirilməsinə icazə verilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 20 avqust tarixli 157 nömrəli qərarı ilə Sazişdə iştirak edən Podratçılara verilən Azərbaycan Respublikası Hökumətinin təminatı və öhdəlikləri (bundan sonra "Hökumət təminatı" adlanacaq) qəbul edilsin və onların həyata keçirilməsinə icazə verilsin.

3. Sazişin əsas mətninə edilmiş doqquz (9) Əlavə və bir (1) Qoşma (bundan sonra "Əlavələr" adlanacaq) qəbul edilsin və onların həyata keçirilməsinə icazə verilsin.

4. Bu qanun qüvvəyə mindikdən sonra Saziş, Hökumət təminatı və Əlavələr Qanun olurlar. Sazişdə konkret surətdə başqa hallar göstərilməyibsə, Saziş, Hökumət təminatı və Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində bu Sazişə, Hökumət təminatına və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur.

5. Bu qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökumət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verilir.

6. Bu qanun qüvvəyə mindikdən sonra Podratçının (və ya onun hüquq varislərinin) Saziş, Hökumət təminatı və Əlavələr üzrə əldə etdiyi hüquqlar və mənafelər Podratçının qabaqcadan razılığı olmadan dəyişdirilə, düzəldilə və ya azaldıla bilməz.

7. Sazişdən irəli gələn hüquq və öhdəliklərin yerinə yetirilməsi üçün Sazişin iştirakçılarına bütün lazımi lisenziyalar, gömrük icazələri, vizalar başqa səlahiyyətlər və sanksiyalar verilir.

8. Sazişə və ya Əlavələrə hər hansı əlavələr, düzəlişlər, dəyişikliklər yalnız Sazişin və Əlavələrin tərəflərinin yazılı razılığı ilə edilir.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 may 2011-ci il

 

Azərbaycan.- 2011.-19 may.- S. 1.