Moskvada Azərbaycanın müstəqilliyini
yenidən bərpa etməsinin 20-ci ildönümünə həsr
olunmuş təntənəli mərasim keçirilmişdir
Mərasimdə Azərbaycanın
birinci xanımı Mehriban Əliyeva iştirak etmişdir
Mayın 17-də Moskvada Azərbaycan Respublikasının müstəqilliyini yenidən bərpa etməsinin 20-ci ildönümünə həsr olunan "Azərbaycan gecəsi" adlı təntənəli mərasim keçirilmişdir. Heydər Əliyev Fondunun təşəbbüsü, ölkəmizin Rusiyadakı səfirliyinin dəstəyi ilə baş tutan və Dövlət Kreml Sarayında keçirilən mərasimdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva və Rusiyanın birinci xanımı Svetlana Medvedeva iştirak etmişlər.
Kremlin Uspensk kilsəsinin önündə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanı Rusiyanın birinci xanımı Svetlana Medvedeva qarşıladı.
Sonra birinci xanımlar
arasında görüş oldu.
Görüşdə
S.Medvedeva Mehriban xanım Əliyevanı "Eurovision-2011"
müsabiqəsində Azərbaycanın inamlı qələbəsi
münasibətilə təbrik etdi. Rusiyanın birinci
xanımı dedi ki, Azərbaycan duetinin qələbəsi bu
ölkədə musiqi mədəniyyətinin yüksək səviyyəsindən,
Azərbaycana beynəlxalq marağın artmasından xəbər
verir.
RF Prezidentinin xanımı Azərbaycanda
sayı təxminən 130 min nəfərə çatan həmvətəninin
yaşaması üçün əlverişli şəraitin
yaradılması istiqamətində respublika rəhbərliyinin
səylərini vurğuladı. O bu ölkədə rus dilində
təhsil almaq imkanlarına görə Azərbaycan tərəfinə
minnətdarlığını bildirdi.
Birinci xanımlar azərbaycanlı
tələbələrin Rusiyada təhsili məsələlərini
də müzakirə etdilər. Bildirildi ki, Azərbaycan
tolerant ölkədir, burada müxtəlif dinlərin nümayəndələri
əmin-amanlıq şəraitində yaşayırlar. Azərbaycanda
Rus Pravoslav Kilsəsinin uğurla fəaliyyət göstərdiyi
də vurğulandı.
Sonra Azərbaycanın və
Rusiyanın birinci xanımları Uspensk kilsəsinin sərgi
salonunda "Karl Faberje və daş-oyma ustaları.
Rusiyanın əlvan dəfinəsi" adlı ekspozisiyaya
baxdılar. Ekspozisiyada görkəmli rus zərgəri Karl
Faberjenin şah əsərləri nümayiş etdirilir.
Bütün dünyada tanınan zərgər Karl Faberje
1846-cı ildə Sankt-Peterburqda zərgər ailəsində
dünyaya gəlmişdir. Faberje Zərgərlik Evi rus
çar ailəsi üçün özünəməxsus tərzdə
zinət əşyalarının istehsalı sayəsində məşhurlaşmışdır.
Bu zərgərlik məmulatları virtuoz hazırlanma tərzi
və ideyanın orijinallığı ilə seçilir.
Mehriban Əliyeva və
Svetlana Medvedeva sərgidə Faberje ilə eyni dövrdə
yaşayan və imperator sarayı üçün zinət əşyaları
hazırlayan zərgərlərin, Ural sənətkarlarının
işləri də
Azərbaycanın birinci
xanımı burada xatirə kitabına ürək sözlərini
yazdı.
* * *
Dövlət Kreml
Sarayında "Azərbaycan gecəsi" çərçivəsində
Heydər Əliyev Fondunun ən uğurlu layihələrindən
olan "Azərbaycan" nəşrinin rus dilindəki
versiyasının təqdimatı oldu. Oxuculara odlar yurdu Azərbaycan
haqqında müfəssəl məlumat vermək məqsədilə
ərsəyə gətirilən nəşrdə toplanan 1000-dən
çox şəkil xalqımızın qədim tarixini, ənənələrini,
mədəniyyətini, etnoqrafik xüsusiyyətlərini əks
etdirməklə yanaşı, ölkəmizin
keçmişini və bu gününü, müasir
simasını da təcəssüm etdirir. Bu kitab oxucuda
ölkəmiz haqqında əyani təsəvvür yaratmaq,
onu tanımaq və sevmək baxımından çox
böyük əhəmiyyətə malikdir. Kitabda paytaxt
Bakı ilə bərabər, bütün bölgələr
barədə şəkillər və materiallar əksini
tapmışdır. Ölkəmizin qədim tarixinin,
memarlığının, mədəniyyətinin bütün
tərəfləri ilə əks olunduğu "Azərbaycan"
nəşri ilə tanışlıq respublikamız və
paytaxt Bakı haqqında dolğun təəssürat yaratmaqla
onun mədəniyyətlər və sivilizasiyaların
qovuşuğunda yerləşməsindən xəbər verir.
* * *
Bu gecəyə Azərbaycan
xalçalarının sərgisi də xüsusi ovqat gətirdi.
Coğrafi mövqeyinə, naxış, kompozisiyasına, rəng
həlli və texniki xüsusiyyətlərinə görə
Azərbaycan xalçaçılıq məktəbinin
bütün istiqamətlərinin təmsil olunduğu bu sərgidə
80-dən çox xalça nümunələri nümayiş
etdirilir. Sərgidə yer alan Qarabağ
xalçaçılıq məktəbinin nümunələri
Qarabağın əzəli Azərbaycan torpağı
olduğunu bir daha hamının diqqətinə
çatdırır.
Bu gün Azərbaycanda
xalçaçılıq məktəbi özünün
inkişaf dövrünü yaşayır.
Xalqımızın milli sərvəti olan bu sahənin
inkişafı ilə bağlı ölkədə həyata
keçirilən tədbirlər, ilk növbədə, bu qədim
el sənətinin yaşadılmasına göstərilən
diqqətdən irəli gəlir. Hazırda özünün
yeni inkişaf mərhələsinə daxil olan
xalçalarımız Azərbaycan mədəniyyətinin ən
böyük hamisi olan Heydər Əliyev Fondunun həyata
keçirdiyi layihələrlə daha da zənginləşir.
Azərbaycan xalçalarının
Dövlət Kreml Sarayında nümayişi böyük
maraqla qarşılandı. Xalqımızın milli kimliyinin,
soydaşlarımızın arzu və istəklərinin əks
olunduğu bu xalçalar hər bir azərbaycanlının qəlb
döyüntüsünü Moskva auditoriyasına uğurla
çatdırdı.
Sonra Azərbaycan
Respublikasının müstəqilliyini yenidən bərpa etməsinin
20-ci ildönümünə həsr olunan "Azərbaycan gecəsi"
adlı təntənəli mərasim başladı. Mərasimi
açan Rusiyanın tanınmış teleaparıcısı
Vladimir Molçanov bu tədbirin əhəmiyyətini qeyd
etdi. O, "Eurovision-2011" müsabiqəsində Azərbaycan
təmsilçiləri Eldar Qasımov və Nigar Camalın
möhtəşəm qələbəsi münasibətilə
təbriklərini çatdırdı.
Azərbaycanın birinci
xanımı Mehriban Əliyeva mərasimdə
çıxış etdi. Tədbirə gələnləri
salamlayan Mehriban Əliyeva Azərbaycan gecəsində
iştirak etdiyinə görə Rusiya Prezidentinin xanımı
Svetlana Medvedevaya xüsusi minnətdarlığını
bildirdi. Azərbaycanın birinci xanımı
"Eurovision-2011" mahnı yarışmasında ölkəmizi
təmsil edən Eldar Qasımov və Nigar Camal
cütlüyünə səs verənlərə təşəkkürünü
çatdırdı. Vurğuladı ki, bu günlərdə
Azərbaycanda hamı bu qələbə ilə, gənclərimiz
və ölkəmiz ilə fəxr edir. Heydər Əliyev
Fondunun prezidenti müsabiqədə səsvermə zamanı Azərbaycana
ilk 12 balı verən Rusiyaya təşəkkürünü
bildirərək qeyd etdi ki, bu, iki ölkə arasındakı əməkdaşlığı
bir daha nümayiş etdirir. Azərbaycan dövlətçiliyinin
qədim tarixindən danışan Mehriban Əliyeva ölkəmizin
həmişə Şərqlə Qərbi, Şimalla Cənubu
birləşdirdiyini vurğuladı. Bildirdi ki, Azərbaycanda həmişə
bütün xalqlar sülh şəraitində
yaşamışlar. Tolerantlığın əsasları
ölkəmizdə qədim dövrlərdən belə
qoyulmuşdur.
Mehriban xanım Əliyeva Azərbaycanın
müsəlman Şərqində ilk parlament respublikası
olduğunu, burada ilk opera və baletin yarandığını
bildirdi, qazanılan uğurları qeyd etdi. Sovet dövründə
neft sahəsinin inkişafı, faşizm üzərində Qələbənin
qazanılmasında Azərbaycanın rolu barədə
danışan Mehriban Əliyeva dedi ki, biz ölkəmizin əldə
etdiyi nailiyyətlərlə fəxr edirik.
Azərbaycanın birinci
xanımı Azərbaycan-Rusiya əlaqələrinə toxundu,
bu gün ölkəmizdə orta və ali təhsilin ana dili ilə
yanaşı, rus dilində də tədris olunduğunu,
Bakı Slavyan Universitetinin, Lomonosov adına Moskva Dövlət
Universitetinin filialının, Rus Dram Teatrının fəaliyyət
göstərdiyini bildirdi.
Azərbaycanın birinci
xanımı ötən il Bakıda Azərbaycan-Rusiya humanitar
forumunun keçirildiyini, bu il artıq beynəlxalq humanitar
forumun təşkil olunacağını diqqətə
çatdırdı.
"Mədəni müxtəliflik
qədim mədəniyyət və tarixə malik Azərbaycan
xalqı üçün ənənəvidir", - deyən
Mehriban xanım Əliyeva müstəqil dövlət kimi
ölkəmizin 20 il mövcud olduğunu və bu qısa vaxtda
böyük uğurların qazanıldığını
vurğuladı. Azərbaycanın iqtisadi sahədə əldə
etdiyi nailiyyətlər haqqında danışan Heydər Əliyev
Fondunun prezidenti ölkəmizin irimiqyaslı layihələr həyata
keçirdiyini, dövlət siyasətinin
sosialyönümlü olduğunu, 900 min yeni iş yerinin
yaradıldığını, yoxsulluğun səviyyəsinin
azaldıldığını, ölkədə yeni təhsil
və səhiyyə ocaqlarının inşa edildiyini,
parkların, teatrların yaradıldığını və
yenidən qurulduğunu diqqətə çatdırdı.
Bildirdi ki, yalnız bu il Bakıda beşulduzlu altı hotelin
açılması planlaşdırılır.
Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi barədə məlumat
verən Azərbaycanın birinci xanımı vurğuladı
ki, ölkəmiz bu məsələnin beynəlxalq hüquq
normaları çərçivəsində həll
olunacağına və ərazi
bütövlüyümüzün bərpa ediləcəyinə
ümid edir. "Bu gün bizim vizit kartımız - zəngin
mədəni irsimizdir", - deyən Mehriban Əliyeva
hamını Azərbaycana dəvət etdi. "Sizi görmək
biz azərbaycanlılara həmişə xoş olacaq", -
deyən Azərbaycanın birinci xanımı Rusiya xalqına
sülh, əmin-amanlıq və firavanlıq arzuladı.
* * *
D aha sonra tədbirdə
ölkəmizin incəsənət ustaları maraqlı konsert
proqramı ilə çıxış etdilər. Xalq artisti
Rauf Abdullayevin dirijorluğu ilə Üzeyir Hacıbəyli
adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında
Üzeyir Hacıbəylinin "Koroğlu"
operasının uvertürası salona Azərbaycan ovqatı gətirdi.
Mərasimdə Azərbaycan
musiqisinin ən gözəl nümunələri səsləndi,
olduqca tələbkar auditoriyanı öz sehrinə saldı.
Şirzad Fətəliyevin balabanda orkestrin müşayiəti
ilə ifa etdiyi "Sən gəlməz oldun"
mahnısı, xanəndə Təyyar Bayramovun
çıxışı, Üzeyir Hacıbəylinin
"Arşın mal alan" operettasından parçalar Azərbaycan
adlı məmləkətin sahib olduğu və
xalqımızın min illərdir qoruyub saxladığı
qiymətli xəzinəni rus tamaşaçısına
uğurla çatdırdı.
İsfar Sarabskinin ifa etdiyi
"Novruz" caz kompozisiyası, xanəndə Mirpaşa
Şükürovun ifasında "Qarabağ şikəstəsi"
də mərasimə xüsusi ovqat qatdı.
Qara Qarayevin
"Vals"ı, "Küçələrə su səpmişəm"
məşhur xalq mahnısı, Natiq Şirinovun
"Abşeron ritmləri" nağaraçalanlar
ansamblının çıxışı və digər
çıxışlar maraqla qarşılandı.
Bu dəfə Azərbaycan mədəniyyəti
Rusiya paytaxtını fəth edirdi. Moskvanın gündəmində
yenə də Azərbaycan var idi. Bu dəfə bir qədər
fərqli formada və təbii ki, fərqli ovqatda. İyirmi
ildir öz sürətli inkişafı ilə dünyada lider
olan ölkəmizin öz uğurlarını mədəniyyətin,
musiqinin, bir sözlə, hamının başa
düşdüyü dildə təqdim etməsi heç də
təsadüfi deyildir. Çünki bu təcrübə Azərbaycanın
timsalında dəfələrlə uğurla sınaqdan
çıxarılmışdır və mədəniyyətlərarası
dialoq platformasının yaradılmasında strateji məkan
funksiyasını həyata keçirən ölkəmiz
artıq mədəni dəyərləri, zəngin musiqisi ilə
dünyanın diqqətini çəkir. Azərbaycan incəsənətinin
məşhur simalarının çıxış etdiyi
konsert də əsas diqqətçəkən məqamlardan
biri burada janr müxtəlifliyi, sintez harmoniyasının, zəngin
improvizasiyaların mövcudluğu idi. Elə auditoriyanı ən
çox heyrətləndirən də bu oldu.
Bu konsert Moskvada əsl mədəniyyət
hadisəsinə çevrildi və diqqəti bir daha Azərbaycana
yönəltdi.
Bu son dərəcə
maraqlı konsert proqramı bir daha təsdiq etdi ki, Azərbaycan
mədəniyyətinin nadir incilərinin sorağı mötəbər
mərasimlərdən gəlir. Bu da ilk növbədə Azərbaycan
dövlətinin milli mədəni irsimizə olan diqqət və
qayğısının nəticəsidir. Təbii ki, Heydər
Əliyev Fondunun Azərbaycan mədəniyyətinin
inkişafında oynadığı rol da əvəzedilməzdir.
Elə bu mərasim də fondun prezidenti Mehriban xanım Əliyevanın
mədəni irsimizin qorunması və təbliği işində
böyük xidmətlərinin göstəricisi oldu.
* * *
Konsertdən sonra Azərbaycanın
və Rusiyanın birinci xanımları arasında
görüş oldu.
Rusiyanın birinci
xanımı Svetlana Medvedeva möhtəşəm gecəyə
görə Mehriban Əliyevaya minnətdarlığını
bildirərək dedi: "Zənnimcə, bu gecə
xalqlarımız arasında dostluğun möhkəmlənməsinə
xidmət edəcəkdir. Mədəniyyətinizə həsr
olunmuş gecə, həqiqətən, mənim xoşuma gəldi".
O, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət
Simfonik Orkestrinin, gənc ifaçıların
çıxışlarını yüksək qiymətləndirdi.
Svetlana Medvedeva səmərəli
fəaliyyətə, mədəniyyətə və gənc nəslə
göstərilən diqqət və qayğıya görə
Azərbaycanın birinci xanımına minnətdarlığını
bildirdi.
Azərbaycanın birinci
xanımı Mehriban Əliyeva tədbirdə iştirakına
görə Svetlana Medvedevaya minnətdarlığını
bildirərək dedi: "Rusiya paytaxtında belə bir tədbirin
təşkil edilməsi barədə qərarın qəbul
edildiyi ilk gündən biz burada dəstək və
anlayış gördük, özümüzü evimizdəki
kimi hiss etdik. Bu xoş münasibətə görə mən
bütün Rusiya xalqına minnətdarlığımı
bildirmək istəyirəm. Qonaqpərvərliyinizə görə
çox sağ olun. Şadam ki, bu gecə alındı. Siz
tamamilə haqlısınız. Bu gecə ölkələrimiz
arasında dostluğun və mehriban qonşuluq münasibətlərinin
möhkəmlənməsinə xidmət edəcəkdir. Şəxsi
dəstəyinizə görə sizə bir daha böyük
minnətdarlığımı bildirirəm".
* * *
Təntənəli gecədən
sonra qonaqlara Azərbaycan milli mətbəxinin nümunələri
təqdim olundu.
Qonaqlar Azərbaycanın
birinci xanımı Mehriban Əliyeva ilə görüşdə
mərasimin yüksək səviyyədə təşkil
edildiyini və belə gözəl gecənin keçirilməsi
ilə bağlı təşəkkürlərini bildirdilər.
Beləliklə, Azərbaycan mədəniyyətinin Rusiya
paytaxtında nümayişi unudulmaz bir bayrama çevrildi. Burada
nümayiş etdirilən mədəniyyət nümunələri
mərasimə gələn hər bir kəsi odlar yurdu Azərbaycanla
daha yaxından tanış etdi.
AzərTAc
Azərbaycan.- 2011.-19 may.- S. 3.