Çexiya Respublikasının Prezidenti Vatslav Klausun Azərbaycana rəsmi səfəri

 

Qobustan Azərbaycanın qədim tarixinin yadigarıdır

 

Azərbaycan Respublikasına rəsmi səfəri çərçivəsində Çexiya Respublikasının Prezidenti Vatslav Klaus və xanımı Liviya Klausova mayın 18-də Qobustan Milli Tarix-Bədii Qoruğunda olmuşlar.

AzərTAc xəbər verir ki, əvvəlcə Çexiya Prezidenti və xanımı qoruğun muzeyində nümayiş etdirilən eksponatlara baxmışlar.

Məlumat verilmişdir ki, Bakıdan 65 kilometr məsafədə yerləşən Qobustan Azərbaycanın qədim tarixinin yadigarlarından biridir. Qoruq bu ərazinin Üst Paleolit və Mezolit dövrlərinin ilk ovçu qəbilələrinin, Neolit dövrünün ilk maldarlarının məskəni olmasını sübut edən abidədir. Ərazidə aparılmış tədqiqatlar nəticəsində mindən çox qayanın üzərində altı mindən artıq təsvir qeydə alınmışdır. Burada 40-dan artıq kurqan aşkar olunmuş və 105 mindən çox maddi mədəniyyət nümunəsi tapılmışdır. Qobustan qayalarında insan, heyvan, kollektiv əmək, qayıq şəkilləri, döyüş və ov səhnələri təsvir edilmişdir. Oyma, sürtmə, çapma və cızma üsulları ilə çəkilmiş təsvirlərin ən qədimləri eramızdan əvvəl VIII minilliyə aiddir.

Diqqətə çatdırılmışdır ki, buradakı qavaldaş Daş dövründə yaşamış insanların istifadə etdiyi musiqi alətidir. Qobustan qayalarında qədim Azərbaycanın "Yallı" rəqs səhnələri təsvir olunmuşdur. Bu rəqsin uğurlu ov üçün ovsun mərasimi olduğu vurğulanmışdır. Qayalardakı Roma yazısı eramızın 81-96-cı illərinə aiddir və altı sətirdən ibarətdir. Bu, Roma imperatoru Domisianın dövründə 12-ci Roma legionunun burada olduğunu göstərir.

Çexiya Prezidentinə və birinci xanımına məlumat verilmişdir ki, 4 min hektardan artıq ərazidə yerləşən dünya əhəmiyyətli tarixi abidə olan Qobustan qoruğu 2007-ci ildə YUNESKO-nun maddi-mədəni irs siyahısına daxil edilmişdir. Qobustan Milli Tarix-Bədii Qoruğundakı nadir qayaüstü rəsmlərin geniş təbliğinin xüsusi əhəmiyyətini nəzərə alan dövlətimizin başçısı martın 4-də qoruq muzeyinin yeni binasının tikilməsi üçün Prezidentin Ehtiyat Fondundan vəsait ayrılması ilə bağlı sərəncam imzalamışdır.

Qədim insan məskəni ilə tanışlıqdan məmnun qalan Prezident Vatslav Klaus ərazidə aparılmış tədqiqat işləri və tarixi eksponatlarla maraqlanmışdır.

Çexiya Prezidenti qoruğun Fəxri qonaqlar kitabına ürək sözlərini yazmışdır.

Qonaqlara xatirə hədiyyələri təqdim olunmuşdur.

Prezident Vatslav Klaus və xanımı Liviya Klausova Qobustan Milli Tarix-Bədii Qoruğundan xoş təəssüratla ayrılmışlar.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-19 may.- S. 4.