Çexiya Prezidenti İçərişəhərlə
tanış olmuşdur
Azərbaycanda rəsmi səfərdə olan Çexiya Respublikasının Prezidenti Vatslav Klaus və xanımı Liviya Klausova mayın 18-də dünya mədəni irs abidələrindən olan İçərişəhərlə tanış olmuşlar.
AzərTAc xəbər verir ki, qonaqlar gəzintiyə yeni istifadəyə verilmiş Çin məsçidi ilə tanışlıqdan başlamışlar. Çexiya Prezidenti və xanımı burada numizmatik ekspozisiya ilə maraqlanmışlar.
Məlumat verilmişdir ki, ekspozisiyaya daxil olan sikkələr eramızdan əvvəl IV əsrdən eramızın XIX əsrin birinci yarısınadək böyük bir dövrü əhatə edir. Burada pula qədər istifadə olunan əmtəə mübadilə vasitələrini, Azərbaycan ərazisində yerləşən dövlətlərin, onlarla iqtisadi əlaqələri olan bir çox xarici dövlətlərin sikkələrini görmək mümkündür.
Elektromobillərlə gəzinti zamanı qonağa YUNESKO-nun Dünya İrsi Siyahısına daxil edilmiş "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu, həmçinin burada aparılan təmir, abadlaşdırma və bərpa işləri barədə ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, İçərişəhər ərazisində müxtəlif əsrlərə aid nadir tarixi memarlıq abidələri qorunub saxlanılır.
Kiçik Qala küçəsi ilə davam edən gəzinti zamanı Çexiya Respublikasının Prezidenti Vatslav Klaus və xanımı təndir çörəyinə qonaq edilmişlər.
Sonra Qız qalası ilə tanış olan qonaqlara Bakının rəmzi sayılan abidənin tarixi barədə məlumat verilmişdir. Bildirilmişdir ki, eramızdan əvvəl VII-VI əsrlərdə əsası qoyulmuş bu abidə XII əsrdə bərpa olunmuşdur. Hündürlüyü 28 metr, diametri 16-16,5 metr olan qala silindr formalı əsl qaladan və cənub tərəfdən ona bitişən iri dayaq tikilidən ibarətdir.
Qız qalasının yaxınlığındakı Sıratağlı dini-memarlıq kompleksinin ərazisindəki daş ekspozisiyanın yenidən təşkili işləri qonaqların böyük marağına səbəb olmuşdur.
Qonaqlara Cümə məscidi və burada aparılmış təmir-bərpa işləri barədə də ətraflı məlumat verilmişdir.
Daha sonra Çexiya Prezidenti və xanımı "Kiçik Karvansara"dakı Azərbaycan təsviri və dekorativ-tətbiqi incəsənət mərkəzi - "İncəsənət bağı"nda olmuşlar. Burada qonaqların şərəfinə çay süfrəsi təşkil edilmişdir.
Azərbaycan paytaxtının qədim guşəsi ilə tanışlıqdan yadigar olaraq qonaqlara hədiyyələr təqdim olunmuşdur.
Çexiya Respublikasının Prezidenti Vatslav Klaus İçərişəhərin fəxri qonaqlar kitabına ürək sözlərini yazmışdır.
AzərTAc
Azərbaycan.- 2011.-19 may.- S. 4.