Prezident Vatslav Klaus çexiyalı iş adamları ilə görüşmüşdür

 

Mayın 18-də Çexiya Respublikasının Prezidenti Vatslav Klaus Azərbaycana səfəri çərçivəsində çexiyalı iş adamları ilə görüşmüşdür.

Çexiya dövlətinin başçısı demişdir: "Bakıya təkcə siyasi nümayəndə heyətinin deyil, həm də Çexiya sahibkarlarının bir qrupunun gəlməsi faktı göstərir ki, Azərbaycan bizim üçün böyük maraq kəsb edir".

Prezident Vatslav Klaus vurğulamışdır ki, Çexiya nümayəndə heyəti Azərbaycanın rəsmi şəxsləri ilə səmərəli danışıqlar aparmışdır. Azərbaycanda Çexiyaya böyük maraq hiss olunur. Bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin biznes forumdakı çıxışında bir neçə dəfə səslənmişdir.

Çexiya dövlətinin başçısı bildirmişdir ki, Azərbaycan paytaxtı zəngin, müasir və inkişaf etmiş şəhərdir. Mən burada real iqtisadi inkişafın şahidi oldum. V.Klaus vurğulamışdır ki, Azərbaycan ilə Çexiya arasında münasibətlər dinamik inkişaf edir.

Çexiya Prezidenti Bakı Slavyan Universitetində keçirdiyi görüşlə bağlı təəssüratlarını bölüşmüşdür.

Prezident Vatslav Klaus demişdir: "Bakı Slavyan Universitetində olarkən çex dilinə marağın səviyyəsi bizi valeh etdi. Burada təhsil alan tələbələr biliklərini tətbiq etməlidirlər". Çexiya dövlətinin lideri Azərbaycanda fəaliyyət göstərən çex şirkətlərini bu tələbələri fəal işə cəlb etməyə çağırmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-19 may.- S. 4.