Şamaxıda akademik Ramiz Mehdiyevin "Gorus-2010: absurd teatrı mövsümü" kitabının müzakirəsi keçirilmişdir

 

Şamaxı şəhərindəki Heydər Əliyev Mərkəzində Prezident Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin "Gorus-2010: absurd teatrı mövsümü" kitabının müzakirəsinə həsr olunmuş "dəyirmi masa" keçirilmişdir. Tədbir iştirakçıları bədnam erməni təbliğatına qarşı mübarizəyə sanballı töhfə olan bu kitab barədə geniş fikir mübadiləsi aparmışlar.

Rayon icra hakimiyyəti başçısının təhsil, səhiyyə və mədəniyyət məsələləri üzrə müavini Əşrəf Şükürov, tarix elmləri namizədi Zərifə Cavadova, YAP rayon təşkilatının sədri Bəxtiyar Abbasov, rayon gənclər və idman idarəsinin rəisi Şahmar Hüseynov, Şamaxı Sənaye İqtisad Kollecinin direktoru Vaqif İsgəndərov və başqaları öz çıxışlarında kitabın aktuallığı, elmi dəyəri, ayrı-ayrı məziyyətləri barədə danışmışlar. Bildirilmişdir ki, ermənilərin son iki əsrdə azərbaycanlılara və türklərə qarşı törətdikləri soyqırımı, terror aktları, həyata keçirdikləri deportasiya bəşər tarixində insanlığa qarşı ən ağır cinayətlərdəndir. Bütün bunlara baxmayaraq, ermənilər yenə də sərsəm fikir və xülyalarından əl götürmür, hər vasitə ilə dünya ictimaiyyətini aldatmağa çalışırlar. Bu cür ağılsız bəyanatla bu dəfə Ermənistan prezidenti Serj Sarkisyan çıxış etmişdir. O, keçən il oktyabrın 16-da Gorusda diaspordan olan jurnalistlər qarşısında çıxış edərək yeni yalanlarını, xüsusilə erməni tarixi ilə bağlı uydurmalarını cəmiyyətə sırımağa çalışmışdır.

Xüsusi vurğulanmışdır ki, görkəmli filosof alim, Prezident Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyev Ermənistan prezidenti Serj Sarkisyanın bu uydurmalarına "Gorus-2010: absurd teatrı mövsümü" kitabı ilə tutarlı cavab vermişdir. Nankor erməniləri, ilk növbədə, ağa qara deyən S.Sarkisyanı real faktlarla və elmi dəlillərlə ifşa edən bu dəyərli kitab cəmiyyətdə çox maraqla qarşılanmış, böyük əks-səda doğurmuşdur. Müəllif böyük vətəndaş yanğısı ilə ermənilərin indiyə qədər səsləndirdikləri tarixi, siyasi və hüquqi iddialarının əsassızlığını tam sübuta yetirmiş, Ermənistan prezidentinin Gorusda dediyi bütün fikirlərin absurd olduğunu göstərmişdir.

Çıxış edən natiqlər bildirmişlər ki, "Gorus-2010: absurd teatrı mövsümü" əsərinin əhəmiyyətini artıran əsas cəhət kitabda ciddi faktoloji bazaya, elmi mənbələrə istinad olunmasıdır. Əsərin girişində Ermənistan prezidenti Serj Sarkisyanın jurnalistlər qarşısında "açıqlamalarına" kəskin cavab verilir. Çox haqlı olaraq göstərilir ki, indi də akademiklik eşqinə düşən S.Sarkisyan Ermənistan tarixi, erməni dili və milləti haqqında uydurmalara əl atır, erməni diasporunu təmsil edən jurnalistlərə öz "tapşırıqlarını" verir. Müəllif yazır ki, bu, Xocalı soyqırımın, Dağlıq Qarabağ və ona bitişik ərazilərin azərbaycanlı əhalisinə qarşı etnik təmizləmələrin əsas təşkilatçılarından biri olmuş Sarkisyanın növbəti absurd tamaşasıdır. Əsərdə Serj Sarkisyanın, hətta ən yaxın tarixi görmək istəməməsi onun siyasi nadanlığı ilə izah olunur. Məhz bu nadanlıq nəticəsində bu gün Ermənistan özünü tamamilə təcrid etmiş, acınacaqlı bir duruma düşmüşdür. Sarkisyan Gorusdakı çıxışında hiddətlənmişdir ki, Stepan Şaumyanı Azərbaycanda "bandit" adlandırırlar. Fakt və dəlillər çoxdan sübut etmişdir ki, iyirminci yüzillikdə Azərbaycan tarixinin ən faciəli səhifələrindən biri də Stepan Şaumyanın adı ilə bağlıdır. O, bolşevizm bayrağı altında Azərbaycanda, o cümlədən Şamaxıda böyük qırğın və talanlara rəvac vermişdir. O vaxt təkcə Şamaxı qəzasının 53 kəndində ermənilər 8027 azərbaycanlını qətlə yetirmişlər. Onlardan 4190 nəfəri kişi, 2560 nəfəri qadın, 1277 nəfəri isə uşaqlardır. "Gorus-2010: absurd teatrı mövsümü" əsərində obyektiv tarixi faktlara əsaslanan müəllif müasir dövrdə ermənilik və erməni siyasətinə, erməni saxtakarlığına siyasi və fəlsəfi baxımdan kəskin münasibət bildirmişdir. Kitaba Azərbaycanın qədim və müasir dövrünün xəritələri də əlavə edilib. Müəllif Azərbaycanı bütöv görmək istəməyənlərə bu xəritələri təqdim etməklə onları tarixi həqiqətləri anlamağa və qəbul etməyə çağırır. Gərgin araşdırma, ağır zəhmət hesabına ərsəyə gəlmiş bu əsərdə bədnam qonşularımızın tarixən Azərbaycan torpaqları ilə yanaşı, milli-mədəni sərvətlərimizə də sahib çıxmaq, onları həyasızcasına özününküləşdirmək istiqamətindəki məkrli addımlarından da geniş söhbət açılır. İşğal olunmuş ərazilərimizdəki tarix və mədəniyyət abidələrinin dağıdılması, xalçaların, musiqi alətlərimizin erməni milli sərvəti kimi dünyaya təqdim edilməsi erməni vandalizmindən xəbər verir.

Çıxışlarda xüsusilə vurğulanmışdır ki, akademik Ramiz Mehdiyevin kitabı istər Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, istərsə də bədnam erməni ideoloqlarının apardığı çirkin təbliğat kampaniyasının ifşası baxımından son dərəcə əhəmiyyətli və aktual bir əsərdir. Digər tərəfdən, bu kitab nəinki tarixçilərin, ümumən humanitar və ictimai elm sahələrində çalışan alimlərin məsuliyyətlərini daha da artırır, onları ermənilərin bütün uydurmalarına vaxtında və elmi əsaslarla cavab verməyə səsləyir. Əsər həm də yetişən gənc nəsildə milli həqiqətlər barədə dolğun təsəvvür formalaşdırmağa xidmət edir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-19 may.- S. 5.