Antonio Quterreş: "Ümidvaram
ki, Azərbaycana növbəti səfərimdə məcburi
köçkünləri öz doğma yurdlarında
salamlayacağam"
Azərbaycana ikigünlük səfəri çərçivəsində BMT-nin qaçqınlar üzrə ali komissarı Antonio Quterreş mayın 18-də Bakıdan vertolyotla Ağdam rayonuna gəlmişdir.
Baş nazirin müavini,
Qaçqınların və Məcburi Koçkünlərin
işləri üzrə Dövlət Komitəsinin sədri Əli
Həsənov qonağa Ermənistanın Azərbaycana hərbi
təcavüzü nəticəsində doğma
yurd-yuvalarından didərgin düşmüş insanların
problemləri barədə ətraflı məlumat
vermişdir. Bildirilmişdir ki, Azərbaycan dövləti
öz imkanları hesabına qaçqın və məcburi
köçkünlərin həyat şəraitinin
yaxşılaşdırılması istiqamətində
genişmiqyaslı tədbirlər həyata
keçirmişdir. Xüsusi Dövlət Proqramı və ona
əlavələr qəbul edilmiş, məcburi
köçkünlər üçün yeni qəsəbələr
salınmış, müasir yaşayış kompleksləri
tikilmişdir. Prezident İlham Əliyevin bu sahəni daim diqqətdə
saxlaması və məqsədyönlü siyasəti nəticəsində
2007-ci ilin dekabrında ölkəmizdəki sonuncu
qaçqın düşərgəsi ləğv
olunmuşdur. Ümumilikdə, bugünə qədər
qaçqın və məcburi köçkünlər
üçün bütün infrastruktura malik 67 yeni qəsəbə
salınmışdır. Bu qəsəbələrdə məcburi
köçkünlərin məşğulluq məsələlərinə
xüsusi diqqət yetirilmişdir. Qaçqın və məcburi
köçkünlərin həyat şəraitinin
yaxşılaşdırılması istiqamətində
dövlət tərəfindən görülən işlər
bu gün də uğurla davam etdirilir.
Ağdam rayonunun Quzanlı kəndi
ərazisində məcburi köçkünlər
üçün salınmış yeni qəsəbəyə
gələn qonaqları sakinlər mehribanlıqla
qarşılamışlar. Onlara məlumat verildi ki, qəsəbə
2010-cu ilin noyabrında istifadəyə verilmişdir. Qəsəbənin
açılışında Prezident İlham Əliyev və
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva
iştirak etmişlər. Qəsəbədə inşa
olunmuş 689 evdə 2760 nəfər məcburi
köçkün məskunlaşmışdır. Qəsəbədə
bütün infrastruktur yaradılmışdır.
Qonaqlar məcburi
köçkün Oruc Cabbarovun 4 otaqlı mənzilinə
baş çəkmiş, ailənin şəraiti ilə
Sonra ali komissar qəsəbədəki
Ağdam rayon 18 nömrəli məktəbinin həyətində
məcburi köçkünlərlə görüşmüşdür.
Baş nazirin müavini Əli
Həsənov qonağı sakinlərə təqdim edərək
demişdir ki, 2005-ci ildən BMT-in qaçqınlar üzrə
ali komissarı olan Antonio Quterreş Azərbaycan həqiqətlərini
dünyaya yayan bir şəxsdir və o, qaçqın məsələsinə
həssas münasibətilə tanınır. A.Quterreş ilk
dəfə Azərbaycana 2006-cı ildə gəlmişdir.
Məcburi köçkün
Aybəniz Məhərrəmova didərgün
düşdükləri vaxtdan üzləşdikləri
çətinliklərdən danışmışdır.
Bildirilmişdir ki, onlar Prezident İlham Əliyevin diqqət və
qayğısı ilə ötən il bu müasir qəsəbəyə
köçmüşlər.
Burada onlar üçün hər
cür şərait yaradılmışdır. Ancaq onların
ən böyük arzuları doğma yurd-yuvalarına
qayıtmaqdır. Ermənistanın Azərbaycana hərbi təcavüzü
nəticəsində təkcə Ağdam rayonunun 6 min şəhid
verdiyini vurğulayan A.Məhərrəmova bu gün də atəşkəsin
ermənilər tərəfindən tez-tez pozulmasından, mart
ayında 9 yaşlı Farizin erməni snayperinin gülləsinə
tuş gəlməsindən ürək ağrısı ilə
danışmışdır.
Məcburi köçkün
Qədulla Səfərov qonağa onların
görüşünə gəldiyinə görə minnətdarlıq
etmişdir. BMT-nin Liviya ilə bağlı qərarının
tez bir zamanda icra olunmasını xatırladan Q.Səfərov,
uzun illərdir ki, BMT TŞ-nin Azərbaycanla bağlı qəbul
etdiyi
4 qətnaməsinin hələ
də kağız üzərində qalmasından
narazılığını bildirmişdir.
Məcburi
köçkünlər qarşısında
çıxış edən A.Quterreş demişdir ki, mən
heç vaxt qaçqın olmasam da, sizi yaxşı başa
düşürəm və sizə böyük hörmətlə
yanaşıram. Sizin probleminiz yaddan çıxmayıb və
biz də yaddan çıxarmayacağıq. Hökumətinizin
bu işə sadiqliyi nəticəsində sizin
üçün çox yaxşı şərait
yaradılmışdır. Mən dünyanın bir çox
yerlərində qaçqınların çox ağır vəziyyətdə
yaşadığını görmüşəm. Nə
yaxşı ki, sizə bu cür gözəl şəraiti
yaradan insanlar vardır. Mən inanıram ki, siz öz doğma
yurdunuza dönəcəksiniz.
Sonra qonaqlar məktəblə
tanıış olmuşlar. Ağdam təhsil şöbəsinin
uşaq xor kollektivi bədii proqramla çıxış
etmişlər. Onların Vətən həsrətli "O kənd
bizim kəndimizdir" bədii kompozisiyası qonaqlarda
böyük təəssürat yaratmışdır. BMT
QAK-ın nümayəndələri məktəbdəki
informatika kabinetində olmuş, idman zalına baxmışlar.
Qonaqlar məktəbin müasir kompüter otağında
gördüklərindən razı qalmışlar. İdman
zalında isə yeniyetmə idmançıların nümunəvi
çıxışları olmuşdur.
Antonio Quterreş məktəblilərlə
söhbət etmiş, onlarla xatirə şəkli çəkdirmişdir.
BMT QAK-ın nümayəndələri
elə həmin gün Yevlax rayonunda da olmuşlar. Ali komissar və
onu müşayiət edən şəxslər Yevlax şəhərində
Ağdam və Kəlbəcərdən olan məcburi
köçkünlər üçün yeni
salınmış çoxmərtəbəli binalardan ibarət
yaşayış kompleksinə baş çəkmişlər.
Qonaqlara məlumat verilmişdir ki, burada doqquzmərtəbəli
10 binada 612 ailə məskunlaşmışdır. Məhəllədə
məcburi köçkünlərlə görüşdə
qonağa bu yaşayış kompleksində lazımi şəraitlə
təmin olunmalarına baxmayaraq, onlar yenə də öz
doğma ev-eşiklərinə qayıtmaq istədiklərini
bildirmiş, qonaqdan Azərbaycanın haqq səsini dünya
ictimaiyyətinə çatdırmasını xahiş
etmişlər.
Qonaqlar ağdamlı məcburi
köçkün Şahmar Göyüşovun 4 otaqlı mənzilindəki
şəraitlə
23 nömrəli Ağdam, 30
nömrəli Kəlbəcər orta məktəbinin həyətində
keçirilən görüşdə məcburi
köçkünlər dövlətin onlara
qayğısından razılıqlarını bildirmişlər.
Ermənistanın işğalçı siyasətini davam
etdirmələrindən, beynəlxalq hüququn tələblərinə
məhəl qoymamalarından narahatlıqlarını ifadə
etmişlər.
Nə qədər gözəl
şəraitləri olsa da, bütün bunlar doğma yurdu əvəz
edə bilməz, - deyən məcburi köçkünlər
ali komissardan Azərbaycanın haqq səsini beynəlxalq səviyyədə
müdafiə etməyi xahiş etmişlər.
Baş nazirin müavini Əli
Həsənov görüşdə qeyd etdi ki, BMT-nin
Qaçqınlar üzrə Ali Komissarlığı 1992-ci
ildən Azərbaycanda qaçqın və məcburi
köçkünlərin problemlərinə həssaslıqla
yanaşan ən böyük beynəlxalq təşkilatdır.
Ötən illər ərzində beynəlxalq təşkilatlardan
azərbaycanlı məcburi köçkünlərə
göstərilən 220 milyon ABŞ dolları məbləğində
yardımın 70 milyonu BMT QAK-ın payına düşür.
A.Quterreş Azərbaycan
dövlətinin qaçqın və məcburi
köçkünlər üçün yaratdığı
şəraiti bir daha yüksək qiymətləndirmişdir.
O demişdir: "Mən başa düşürəm ki,
münaqişə tezliklə öz həllini
tapmalıdır. İnsanlar öz yurd-yuvalarına
qayıtmalıdırlar. Bizim borcumuz sizin problemlərinizi
dünyaya çatdırmaqdır və bu istiqamətdə
işimizi davam etdirəcəyik".
Görüşün sonunda
A.Quterreş ümidvar olduğunu bildirdi ki, Azərbaycana
növbəti səfərində məcburi
köçkünləri öz doğma torpaqlarında
salamlayacaqdır.
Yevlaxdan Bakıya qayıdan
BMT QAK-ın nümayəndələri paytaxtın Binəqədi
rayonunun Dərnəgül qəsəbəsində
yataqxanalarda və yeni salınmış məhəllədə
müvəqqəti məskunlaşmış məcburi
köçkünlərlə görüşmüşlər.
Yataqxanalarda məskunlaşmış
ağdamlı məcburi köçkün Vəli Qocayev,
torpaqlarımızın azadlığı uğrunda 5 şəhid
vermiş Qəndab ana dövlətin onlara göstərdiyi diqqət
və qayğıdan razılıqlarını bildirmişlər.
Məcburi
köçkünlər ali komissardan Azərbaycan həqiqətlərinin
olduğu kimi dünyaya çatdırılmasını və
rəsmi Bakının ədalətli mövqeyini müdafiə
etməyi xahiş etmişlər.
2 nömrəli evtikmə
kombinatının həyətindəki yeni məhəllədə
məskunlaşmış məcburi köçkünlər də
qonaqları hərarətlə qarşılamışlar. Zəngilan
rayonundan olan məcburi köçkün Cahan Cabbarova onlara
göstərilən diqqət və qayğıdan
razılıq etmişdir. Azərbaycan İqtisad Universitetinin
II kurs tələbəsi, məcburi köçkün Bəhruz
Hüseynzadə qonaqlara məcburi köçkün gənclərin
problemlərindən, ata-baba yurdlarına qayıtmaq
arzularından danışmışdır.
Qonaqlar B.Hüseynzadənin gənclər
adından çıxış edərək onların arzu və
istəklərini ingilis dilində, sərbəst şəkildə
ifadə etməsini yüksək qiymətləndirmişlər.
A.Quterreş bir daha söz
vermişdir ki, Azərbaycanın, xüsusən də məcburi
köçkünlərin haqq səsinin dünyaya
çatdırılması, məcburi köçkünlərin
doğma yurd-yuvalarına dönmələrinin təmin
olunması üçün səylərini bundan sonra da davam
etdirəcəkdir.
Ali komissarın
başçılıq etdiyi nümayəndə heyəti daha
sonra BMT QAK-ın Qaçqın qəbulu, qadın və gənclər
Mərkəzi ilə tanış olmuş, burada
yaradılmış şəraiti yüksək qiymətləndirmişdir.
Xətayi ƏZİZOV,
AzərTAc-ın müxbiri
Bakı-Ağdam-Yevlax-Bakı
Azərbaycan.- 2011.-19 may.- S. 5.