Fransa Azərbaycan ilə hüquqi əməkdaşlığı genişləndirməkdə maraqlıdır

 

Azərbaycan və Fransa arasında əməkdaşlıq münasibətləri bütün istiqamətlərdə, o cümlədən hüquqi sahədə də uğurla inkişaf edir. 2004-cü ildə Prezident İlham Əliyevin Fransaya səfəri zamanı iki ölkənin Ədliyyə nazirlikləri arasında əməkdaşlığa dair saziş imzalanmış, bir sıra birgə tədbirlər həyata keçirilmişdir.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, ədliyyə sahəsində qarşılıqlı fəaliyyətin yeni prioritetlərini müəyyən etmək məqsədilə Azərbaycana səfərə gəlmiş Fransa Ədliyyə və Azadlıqlar Nazirliyinin Avropa və beynəlxalq məsələlər xidmətinin rəisi Erik Metrpyer mayın 18-də ədliyyə naziri Fikrət Məmmədovla görüşmüşdür.

Fransa ilə Azərbaycan arasında səmərəli hüquqi münasibətləri qeyd edən nazir dövlət başçısının rəhbərliyi ilə məhkəmə və ədliyyə, o cümlədən penitensiar sistemin müasirləşdirilməsi istiqamətində görülən işlərdən danışmış, bu işdə fransalı mütəxəssislərin fəal iştirakını təqdir etmiş, səfərin hüquqi əlaqələrin inkişafına təkan verəcəyinə əminliyini bildirmişdir.

Fransanın Azərbaycanla hüquqi əməkdaşlığın inkişafında maraqlı olduğunu vurğulayan qonaq respublikamıza bir neçə dəfə səfər etdiyini bildirmiş, Azərbaycanın hərtərəfli dinamik tərəqqisinin, ədliyyə və məhkəmə sistemində əldə edilmiş nailiyyətlərin şahidi olduğunu bildirmişdir. O, xüsusilə hakimlərin Avropada ən mütərəqqi qaydalarla seçimi və tədrisi prosesini yüksək qiymətləndirmiş, qarşılıqlı fəaliyyətə dair konkret təkliflər irəli sürmüşdür.

Görüşdə Fransa Milli Hakimlər Məktəbi ilə əməkdaşlıq, hakimlərin və digər hüquqşünasların tədris səfərlərinin təşkili, həmçinin inzibati məhkəmələrin fəaliyyəti, Ədliyyə Akademiyasının potensialının gücləndirilməsi, məhkəmə qərarlarının icrası, xüsusi notariatın inkişafı, məhkəmələrdə müasir texnologiyaların tətbiqi, habelə korrupsiya ilə mübarizə və digər məsələlər ətrafında faydalı fikir mübadiləsi aparılmışdır.

Qonaq, həmçinin Məhkəmə-Hüquq Şurasında olmuş, Şuranın və Hakimlərin Seçki Komitəsinin üzvləri ilə görüşmüşdür. Görüşdə Məhkəmə-Hüquq Şurasının fəaliyyəti və onun hüquq sisteminin inkişafında rolu, hakimlərin müstəqilliyinin təmin edilməsi, peşəkar tədrisi məsələlərinə toxunulmuş, məhkəmə və prokurorluq orqanlarına, vəkillik xidmətinə keçirilən müsabiqələr barədə qonağa məlumat verilmişdir.

Azərbaycanda son illər hüquq sisteminin inkişafında əldə edilmiş nailiyyətləri yüksək qiymətləndirən qonaq hüquqi sahədə əməkdaşlığın hər iki tərəf üçün faydasını vurğulamışdır. Hüquq sistemində kadrların obyektiv seçim prosedurlarına böyük maraq göstərən qonaq həmin gün prokurorluq orqanlarına işə qəbulla bağlı keçirilən test imtahanının gedişini izləmiş, şəffaf qaydaların tətbiqindən məmnunluğunu bildirmişdir.

Səfər çərçivəsində fransalı qonağın dövlətimizdə aparılan çoxşaxəli islahatlara maraq göstərərək bölgələrə səfəri, regionların sosial-iqtisadi inkişafı, yerli ədliyyə və məhkəmə orqanlarının fəaliyyəti, Dünya Bankı ilə həyata keçirilən birgə layihə çərçivəsində yaradılan müasir məhkəmə infrastrukturu, habelə inşa olunan yeni penitensiar komplekslərlə tanışlığı, həmçinin hakim, prokuror və ədliyyə işçiləri ilə görüşü nəzərdə tutulmuşdur.

 

 

Azərbaycan.- 2011.- 19 may.- S. 8.