Azərbaycan təmsilçilərinin
"Eurovision-2011" mahnı müsabiqəsindəki qələbəsi
xarici mətbuatda geniş yer almışdır
Azərbaycan təmsilçiləri - Eldar Qasımov və Nigar Camal duetinin Düsseldorf şəhərində 56-cı "Eurovision-2011" mahnı müsabiqəsində 43 ölkənin səsverməsi nəticəsində tarixi qələbəsi ilə əlaqədar Belçikanın həm fransız, həm də flamand dilli bütün qəzet və jurnallarında məqalələr dərc edilmişdir.
Məqalələrdə Azərbaycan iştirakçılarının həqiqətən birinci yerə layiq olduqları vurğulanır və onların heyranedici çıxışının Belçikaya verdiyi xoş təəssüratdan bəhs olunur.
Azərbaycanın qələbəsi Belçikada böyük əks-səda doğurmuşdur və dərc olunan çoxsaylı məqalələr bunu aydın sübut edir. Məqalələrdə qeyd olunur ki, Azərbaycan bu möhtəşəm musiqi müsabiqəsində yalnız dördüncü dəfə iştirak etməsinə baxmayaraq, İtaliya və İsveç kimi daha təcrübəli ölkələri qabaqlayaraq ən yüksək pilləyə qalxmışdır. Yeri gəlmişkən, Belçika təmsilçisinin finala çata bilməməsi Belçika mətbuatının geniş tənqidinə məruz qalmışdır.
Məqalələrdə müsabiqənin şərtlərinə əsasən növbəti mahnı müsabiqəsinin Azərbaycanın paytaxtı Bakıda keçiriləcəyi, şübhəsiz ki, Avropanın möhtəşəm yüksək səviyyəli şounun şahidi olacağı və bununla da Azərbaycanın bütün dünyaya öz zəngin mədəniyyətini və tarixini nümayiş etdirəcəyi bildirilir.
Əsgər ƏLİYEV,
AzərTAc-ın xüsusi
müxbiri
Paris
Azərbaycan.- 2011.-19 may.- S. 9.