Azərbaycan təmsilçilərinin "Eurovision-2011" mahnı müsabiqəsindəki qələbəsi xarici mətbuatda geniş yer almışdır

 

Latviyanın Ves.Iv portalı "Eurovision" mahnı müsabiqəsində Azərbaycanın qələbəsinə həsr olunmuş məqalə yerləşdirmişdir. Məqalədə deyilir ki, builki "Eurovision" müsabiqəsinin qalibləri Ell və Nikki zəfər günündən cəmi 1-2 ay əvvəl bir yerdə oxumağa başlamışlar. Beynəlxalq müsabiqənin qızıl medalını almağa artistləri Dima Bilan və Alsu ruhlandırmışdır.

Müəllif qaliblər haqqında yazır ki, səhnədən kənarda Ell və Nikkini bağlayan məqamlar azdır: Ell 21 yaşlı tələbə, Londonda yaşayan və ixtisasca iqtisadçı olan Nikki isə iki uşaq anasıdır. Onları yaxınlaşdıran məqam budur ki, hər ikisi Bakıda doğulmuşdur və uşaqlıqdan çoxsaylı mahnı müsabiqələrində iştirak etmişlər. "Eurovision"un qalibləri həm də musiqi alətlərində yaxşı çalırlar. Ell pianoda, Nikki isə saksafonda. Məqalədə deyilir ki, onlar Düsseldorfdakı sensasiyalı qələbələrinin əhəmiyyətini hələ tam dərk etməmişlər. Nikki özü barədə "Cəmi bir neçə ay əvvəl ev xanımı idim. Bütün bunlar çox qeyri-adidir" deyir. Ellin fikrincə isə, gələcək barədə danışmaq hələ tezdir. Baş verənləri anlamaq lazımdır. Heç nəyi istisna etmək olmaz.

Nikkini qələbəyə aparan yolda müğənni Alsu böyük rol oynamışdır. Avropanın bir anda tanımağa başladığı Nikki deyir: "Hər birimiz uzun illər ərzində qələbəyə doğru inadkarlıqla, həqiqətən, çox gərgin bir yol qət etmişik. Eldar da, mən də təxminən eyni vaxtdan - 2000-ci ildən etibarən bu müsabiqədə iştirak etməyi arzulamışıq. Məsələn, məni Alsu, 2000-ci ildə onun ikinci yer tutması ruhlandırdı, lakin Azərbaycan o zaman "Eurovision"da iştirak etmirdi və bu, əlçatmaz arzuya oxşayırdı".

Hekayəsinin oxşar olduğunu etiraf edən Ell isə belə deyir: "Məni 2008-ci ildə Dima Bilanın qələbəsi ruhlandırdı. Azərbaycanın "Eurovision" müsabiqəsində iştirak etdiyi son dörd ildə mən ancaq bu müsabiqəyə mütləq qatılmalı olduğum barədə düşünmüşəm. Nəticədə biz ikimiz də yeddi seçim turundan keçərək 77 namizəd arasından seçildik. Bu, olduqca böyük və gərgin iş idi və biz bugünkü uğurumuzu, sözün əsl mənasında, böyük zəhmət bahasına əldə etmişik".

 

 

Nigar HÜSEYNOVA,

AzərTAc-ın xüsusi müxbiri

Riqa

 

Azərbaycan.- 2011.-19 may.- S. 9.