Azərbaycanın "Eurovision" zəfəri

 

Bu qələbənin əks-sədası hələ çox eşidiləcək

 

"Azərbaycan "Eurovision-2011"in qalibi oldu", "Azərbaycan dueti "Eurovision-2011"də qalib gəldi", "Azərbaycan Avropanı fəth etdi".E Almaniyanın Düsseldorf şəhərində "Eurovision-2011" mahnı müsabiqəsi başa çatdıqdan sonra dünyanın kütləvi informasiya vasitələri Azərbaycanın tarixi qələbəsini oxuculara, tamaşaçılara, dinləyicilərə belə başlıqlarla çatdırdılar. Azərbaycanın özü, dostları sevindi, bədxahları qəm-qüssəyə qərq oldular. Bütün Avropanın, dünyanın musiqisevərləri (musiqini sevməyən adam varmı?) Azərbaycanı, bu qələbəyə imza atan Eldarla Nigarı alqışladılar.

Az da olsa, gənc sənətkarlarımızın uğurunu gözü götürməyib ona kölgə salmaq istəyənlər də tapıldı. Sonuncular qələbənin sirrini ifaçılıq məharətində, sənətkarlıqda yox, başqa "taktiki vasitələr"də axtarmağa cəhd edirdilər. Bu da təəccüblü deyil: əsl səbəbi görmək istəməyəndə nəsə uydurmaq lazımdır! Amma belə uydurmalar əbəsdir. Həmin bədxahlardan birinin - "Eurovision-2011"in nəticələrini təhlil etməyə cəhd göstərən Rusiyanın "RİA Novosti" informasiya agentliyinin siyasi (!) şərhçisi Nikolay Troitskinin "fikir"lərini elə rusiyalıların özləri alt-üst etdilər (bax:httr:www.rian.ru/analytics/20110515/374886279.html). Həm də cürbəcür cəfəngiyyatlara diqqət yetirməyə dəyməz. Avropa tamaşaçıları və mahnı müsabiqəsinin münsiflər heyəti artıq sözlərini demişlər. Daldan atılan daşın hara dəydiyi də məlumdur...

Bəli, musiqi milliyyət, sərhəd tanımır. Musiqinin dilini hamı başa düşür və bu dildə deyilənləri layiqincə qiymətləndirir. Odur ki, Düsseldorfda qazanılmış qələbə ilə həqiqətən fəxr etməyə dəyər. Bu uğurun əks-sədası hələ çox eşidiləcək.

İstər-istəməz bir hadisəni xatırlayıram. 2004-cü ilin iyununda İstanbul NATO-nun növbəti sammitinə ev sahibliyi edirdi. Zirvə görüşünün keçirildiyi iki gün ərzində dünya ictimaiyyətinin diqqəti Türkiyənin bu gözəl şəhərinə yönəlmişdi. Alyansın rəhbərləri İstanbulun bənzərsiz mənzərələri fonunda müsahibələr verir və bu müsahibələr dərhal dünya telekanallarının efirində səsləndirilirdi. Sammit başa çatdıqdan sonra yerli telekanallardan birinin müxbiri Türkiyənin ovaxtkı xarici işlər naziri Abdulla Gülə NATO ölkələri rəhbərlərinin budəfəki görüşünün əhəmiyyəti barədə sual verdi. Yəqin ki, müxbir nazirin sammitdə müzakirə edilmiş məsələlərə, qəbul olunmuş qərarlara münasibətini öyrənmək istəyirmiş. Amma Abdulla Gülün dedikləri gözlənilməz oldu. Nazir sualı bir cümlə ilə cavablandırdı: "Türkiyənin bundan da böyük reklamı ola bilməzdi".

Bu sözləri Azərbaycanın "Eurovision-2011"də qazandığı qələbə barədə də demək olar. Eldar-Nigar dueti Avropa musiqi müsabiqəsində təkcə sənət zirvəsinə yüksəlmədi, həm də ölkəmizi reklam etdi. Özü də nə az, nə çox, 100-120 milyonluq tamaşaçı auditoriyası qarşısında. Üstəlik, dünyanın saysız-hesabsız kütləvi informasiya vasitələri istər-istəməz Azərbaycandan danışmalı oldular. Odlar yurdunu indiyədək yalnız neft ölkəsi kimi tanıyanlar bu diyarın həm də musiqi, incəsənətlə nəfəs aldığını yəqinləşdirdilər. Azərbaycanın adını tələffüz edə bilməyənlər indi tələffüz etməyi öyrəndilər. Azərbaycanı xəritədə tapa bilməyənlər indi tapdılar. Bu günlər internetdə ən çox axtarılan sözlərdən biri məhz "Azərbaycan"dır; bizimlə maraqlanırlar, ölkəmiz haqqında daha çox məlumat almaq istəyirlər.

Adətən, hansısa hadisə baş verdikdən sonra "artıq arxada qaldı" deyirlər. Amma bunu "Eirovision-2011" müsabiqəsində qazandığımız qələbə barədə demək olmaz. Çünki hələ ardı var: gələn il ölkəmiz bu musiqi yarışına ev sahibliyi edəcək. Qarşıdakı bir il ərzində avropalı musiqiçiləri "Eurovision-2012"yə hazırlaşacaqlar. Müsabiqəyə qoşulmaq uğrunda mübarizə aparan gənc sənətçilər Azərbaycana getmək arzusu ilə yaşayacaqlar. "Azərbaycan", "Bakı" sözləri dillərdən düşməyəcək. Gələn ilin bu vaxtlarında isə on minlərlə avropalı musiqisevər Bakıya üz tutacaq, on milyonlarla televiziya tamaşaçısının gözləri paytaxtımıza dikiləcək. Bir vaxtlar Azərbaycanın adını eşitməyənlər artıq bu ölkə ilə, onun vətəndaşları ilə bilavasitə təmasda olacaqlar. Həmişə Avropaya gedib həqiqətlərimizi avropalılara çatdırmağa çalışmışıq. İndisə avropalıların özləri gəlib həqiqətləri öz gözləri ilə görəcəklər.

Qazancımız böyük olacaq. Xalqımızın, ölkəmizin imici, mədəniyyətimiz, iqtisadiyyatımız qazanacaq. Məmləkətimizi Avropada, dünyada tanıtmaq üçün gözəl fürsətdir! Azərbaycanın bu fürsətdən qədərincə yararlanacağına heç kim şübhə etmir - bizi istəyənlər də, istəməyənlər də.

 

 

A.MEHDİYEV

 

Azərbaycan.- 2011.-19 may.- S. 9.