Litvadakı Azərbaycan diasporu "Eurovision-2011" mahnı müsabiqəsində qazandığımız möhtəşəm qələbəni dünya azərbaycanlılarının zəfəri sayır

 

Litvadakı Azərbaycan diasporu "Eurovision-2011" mahnı müsabiqəsində qazandığımız möhtəşəm qələbəni dünya azərbaycanlılarının zəfəri sayır.

Diasporla İş üzrə Dövlət Komitəsindən AzərTAc-a bildirmişlər ki, bu sözləri Litva İctimai Radiosunun canlı yayımında Litva Azərbaycanlıları Cəmiyyətinin sədri Mahir Həmzəyev demişdir.

M.Həmzəyev bildirmişdir ki, bu möhtəşəm qələbə, ilk növbədə, dünya azərbaycanlılarının etnik Vətəni olan doğma Azərbaycanımızın zəfəridir. Qeyd etmişdir ki, bu qələbə nəticəsində Azərbaycanın Avropa ölkələri ilə çağdaş münasibətlərinin sərhədləri daha da genişlənmiş və ölkəmizin çoxistiqamətli xarici əlaqələri müstəvisində olduqca münbit zəmin yaranmışdır.

Azərbaycan təmsilçilərinin bu mötəbər müsabiqədə zəfər qazanaraq Avropanın musiqi mədəniyyətinə güclü sıçrayış etdiklərini deyən M.Həmzəyev yaranmış imkandan növbəti qələbələrimiz üçün, eləcə də Avropa məkanında Azərbaycan evinin təməlinin möhkəmləndirilməsi və lobbiçilik işinin gücləndirilməsi məqsədilə səmərəli surətdə istifadə ediləcəyinə əminliyini bildirmişdir.

Litvanın Azərbaycan təmsilçilərinə 8 xal verdiyini xatırladan M.Həmzəyev bu məsələdə Litva Azərbaycan diasporunun üzvləri ilə yanaşı, xalqımızın bu ölkədəki dostları və mədəniyyətimizin litvalı pərəstişkarlarının da rolunu xüsusi vurğulamışdır.

M.Həmzəyev Litva Azərbaycanlıları Cəmiyyətinin ünvanına bu ölkədə Azərbaycana dost münasibət bəsləyən şəxslərdən, ictimai-mədəni təşkilatlardan, siyasətçilərdən və ölkənin bir sıra milli azlıqlarını təmsil edən qurumlarından təbrik məktublarının gəldiyini diqqətə çatdırmışdır.

 

 

Azərbaycan.- 2011.-19 may.- S. 9.