O uzaq, yaşıl ada...
Çilov torpaqlarına hər yandan Xəzərin dəli-dolu dalğaları çırpılan, lakin dənizin qoynunda mərdliklə qərar tutan bir adadır. Qədim zamanlarda "ada" deyəndə insanların nəzərində əlçatmaz, ünyetməz, gözdən-könüldən iraq bir məkan canlanarmış. Bu gün istənilən adaya çatmağa nə var ki? Məsələn, quruya damba vasitəsilə birləşdirilmiş Pirallahı adasından Çilova gündə bir neçə reyslə vertolyotlar uçur və gəmilər yola düşür. Çilovla Pirallahını bir-birindən 60-70 kilometrlik dəniz yolu ayırır. Sürətli gəmi ilə təxminən iki saata-iki saatyarıma, vertolyotla isə cəmi 8-10 dəqiqəyə Çilova çatmaq mümkündür.
Çilov yaşayış məntəqəsi, Bakının Xəzər rayonunun ərazi vahididir. Onun 957 nəfər daimi sakini var. Bakıdan, ölkənin digər bölgələrindən gələn yüzlərlə insan isə burada istehsalat sahələrində və sosial obyektlərdə çalışır. Onlar da özlərini adanın sakinləri sayırlar. Çünki hər ayın 15 gününü adada yaşayırlar. Bu məkan onların iş yeri, çörək təhnəsi, hünər meydanıdır. Beləliklə, Çilov yaşca, milliyyətcə, vəzifəcə müxtəlif olan 2400 nəfəri bir ana kimi öz qoynuna alıb.
Çilovda ehtiyatları onilliklərdir tükənməyən neft yatağı var. O, "28 May" Neft və Qazçıxarma İdarəsi (NQÇİ) tərəfindən istismar olur. NQÇİ-nin inzibati binaları məhz bu qəsəbədə yerləşir. İdarənin bir sıra vacib sex və istehsalat sahələri də Çilovdadır.
Xəzərin
cənub-şərqində yerləşən Çilov
adasının uzunluğu 7, eni 5 kilometrə bərabərdir. Onun sahəsi bundan sonra da
yeni tikintilərin aparılmasına imkan verir. Təsadüfi
deyil ki, son vaxitlarda burada NQÇİ-nin inzibati binası əlavə
korpuslarla genişləndirilib. Qəsəbənin görməli
yerlərində Dövlət Bayrağı ucaldılıb, mədəni-məişət
obyektləri istifadəyə verilib.
Hər il "28 May"
NQÇİ "Günəşli" və
"Çilov" yataqlarından ölkəyə minlərlə
ton karbohidrogen verir. Hazırda idarənin "Günəşli"də
işlək vəziyyətdə olan 13 dərin dəniz
özülü var. Yataqlardan uzun illərdir neft və qaz hasil
olunsa da, onların ehtiyatları hələ tükənməyib.
Bu, bir tərəfdən təbiətin səxavətlə
verdiyi bəxşişdirsə, digər tərəfdən,
yeni texnika və texnologiyanın tətbiqinin nəticəsi, ən
başlıcası isə insanların fədakar əməyinin,
mütəmadi axtarışlarının bəhrəsidir.
Hazırda "28 May"
NQÇİ-yə kollektivin öz yetirməsi, peşəkar
neftçi Rövşən Qarayev rəhbərlik edir. İdarə
rəisi istər hasilatın göstəricilərindən, istərsə
də digər sex və istehsalat sahələrində, həmçinin
sosial yönümdə qazanılan nailiyyətlərdən
ürəkdolusu danışır. Bütün bunların dənizi
və adanı özünə məskən seçmiş
insanların əməyi, adı ilə bağlı
olduğunu deyir. Onların Azərbaycan dövlətindən
daim dəstək aldıqları, bütün bu işlərin
ARDNŞ-in rəhbərliyi və yaxından köməyi ilə
görüldüyü vurğulanır.
Keçən il idarədə
5 milyon 198 min 519 ton neft hasil edilib. Bu, planın 100,9 faiz yerinə
yetirilməsi deməkdir. Bu ilin yanvar-aprel aylarında isə 1
milyon 693 min 526 ton neft hasil edilərək
tapşırığa yenə də layiqincə əməl
olunub. Qazın hasilatı və təhvili üzrə plan da
artıqlaması ilə yerinə yetirilib. Dörd ayda təhvil
verilən 1885618 min kubmetrdən çox qazın əsas hissəsi
"Azəriqaz" İstehsalat Birliyinə
ötürülüb. Qalanı isə əmtəəlik qaz
kimi "Neft Daşları" NQÇİ-yə verilib.
Çilovda "28 May"
NQÇİ-nin bir neft və qazçıxarma sexi fəaliyyət
göstərir. Adanın adaşı olan "Çilov"
yatağını məhz bu sex istismar edir. 1950-ci ildən istismar
edilən yataqdan hasilat getdikcə çətinləşir.
Çünki yataq yaşlaşdıqca layların təzyiqi
düşür, sulaşma çoxalır və hasilat
zamanı ortaya bir sıra problemlər çıxır. Buna
baxmayaraq, son beş ildə hasilatı sabit saxlamaq
mümkün olub. İndi burada sutka ərzində orta hesabla 80
ton neft hasil edilir. Qarşıya qoyulan dövlət planları
bir qayda olaraq yerinə yetirilir. Belə ki, keçən il
"Çilov" yatağı üzrə
tapşırıqlara 122,3 faiz əməl olunub. Bu ilin dörd
ayında isə çilovlular nəzərdə
tutulduğundan 7,3 faiz çox neft veriblər. Bu da ilk növbədə
sexin gecə-gündüz bilmədən uğurlu əmək
növbələri çəkən mütəxəssis və
fəhlələrinin zəhməti sayəsində
mümkün olub.
Sex rəisinin müavini Aqil
Bağbanlı həmişə olduğu kimi, yenə də
avadanlıqların yanında, fəhlələr arasında
idi. 40 ildir neft sənayesində çalışır. Bir
mühəndis kimi ilk sınaqlardan Neft Daşlarında
çıxıb. Sonralar "28 May"da bir sıra vəzifələrdə
çalışıb. O bildirdi ki, bu sexdə 70 işçi
çalışır. Neft və qazçıxarma
operatorlarından Mayıl Vəliyevin, Əliqulu Abdullayevin,
Xidmət Babayevin adlarını çəkdi.
İşçilər təkcə
quruda deyil, sexin dənizdəki üç blokunda da
çalışırlar. Hər növbədə dörd nəfər
iş başında olur. Əgər bloklarda quyuların təmirinə
ehtiyac varsa, oraya bu işlə məşğul olan briqada
göndərilir. Təmirçilər də gedəndə hər
blokda işçilərin sayı artıq 10 nəfərə
çatır. Təcrübəli ustalar Şahin Qurbanov, Ələkrəm
Əliyev, onlardan nisbətən cavan olan Nəsimi Aşurov
işə həmişə can yandırırlar.
Dəniz və sahil
arasında əlaqəni isə təbii ki, kiçik gəmilər
yaradır...
Bu insanlarla
danışdıqca bir daha əmin olursan ki, dənizin cazibə
qüvvəsi çox böyükdür. Onunla çəkişib-bərkişənlər,
fırtınalarda, qasırğalarda sınaqlardan
çıxanlar sonralar rahat bir iş yerini
ağıllarına belə gətirmirlər. Maraqlıdır
ki, bu insanların əksəriyyəti Xəzəri
böyüyüb boya-başa çatandan sonra görüb...
Məsələn, Cavanşir Kərimov Lerikdə anadan olub.
1980-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasını
bitirəndə təyinatını Neft Daşlarına veriblər.
Onun dənizlə "dostluğu" həmin il noyabrın
28-dən başlanıb. 1999-cu il yanvarın 1-nə kimi dəniz
şəhərində çalışıb.
Avadanlığın təmiri və kirayəsi sexində
çilingər işləyib. Sonra neftin ilkin
hazırlanması və nəqli sexinə keçib.
Böyük mexanik, böyük mühəndis, sex rəisi vəzifələrində
çalışıb. 14 il bu sexə rəhbərlik edib.
İndi artıq 12 ilə
yaxındır ki, Cavanşir Kərimov Çilov
adasındadır. Evi Bakıda olsa da, o da özünü
çilovlu sayır. Çünki hər ayın tən
yarısını adada keçirir, əmək növbəsində
olur. "28 May" NQÇİ-nin neftin ilkin
hazırlanması və nəqli sexinin Çilov sahəsində
çalışır. Bu sahədə işlərin təşkili
və onların gedişinə nəzarət edilməsi sexin
mühəndis-texnoloqu olan Cavanşir Kərimova
tapşırılıb.
Nefti hasil etmək nə qədər
çətindirsə, onu nəql etmək, bu zaman nöqsana,
itkiyə yol verməmək bir o qədər məsuliyyətlidir.
Sözügedən sexin işi bu baxımdan böyük dəqiqlik
və peşə səriştəsi tələb edir.
Sualtı kəmərlərlə Xəzərdən gələn
və sonra yerüstü borularla sexə çatan nefti burada
çənlərə yığırlar. Sonra neft sobalarda bir
növ təmizlənir, yəni, suyu, parafini ondan
ayırırlar. Bütün bu əməliyyatları cəmi
21 nəfər işçi, özü də növbələşərək
yerinə yetirir.
İlkin
hazırlanmış nefti Çilovdan yenə də sualtı
xətlərə vururlar və o bu "yol"la "Şah
saçı" adlanan əraziyə çatır, sonra
borular nefti Dübəndiyə aparır.
Cavanşir Kərimov deyir ki,
neftimiz gedib mənzilbaşına çatınca rahat ola
bilmirik. Hərçənd, onun keçdiyi bütün proseslərin
hər birinə ayrı-ayrı işçilər cavabdehdir.
Ümumiyyətlə, neftçilərin hamısı sadə,
ciddi, məsuliyyətli və peşəsini sevən
insanlardır.
Neftçi peşəsi
şərəflidir, neftçi əməyi həmişə
gərəklidir. Dövlətimiz neftçiyə və onun əməyinə
yüksək qiymət verir. Bu sahədə
çalışanların iş və məişət şəraitinin
ildən-ilə daha da yaxşılaşması, istirahətinin,
boş vaxtının səmərəli təşkil edilməsi
üçün görülən ardıcıl tədbirlər
bunu bir daha təsdiqləyir.
Çilov adasında
bütün bunları əyani şəkildə görmək
mümkündür. Məsələn, çilovlular işlətdikləri
"mavi yanacağa" görə pul ödəmirlər.
Onlara xidmət edən qəsəbəarası marşrut
avtobusunda da gediş haqqı tələb olunmur. Üstəlik,
onlara əlavə təzə avtobuslar verilib.
Çilov sakinləri təmiz
və səliqəli, müasir avadanlıqlarla təchiz
edilmiş stasionarda müalicə olunurlar. Onların
sağlamlığı keşiyində bacarıqlı həkimlər
və qayğıkeş tibb bacıları dayanıb.
Mərkəzi Neftçilər
Xəstəxanasının "Neft Daşları"
tibbi-sanitar hissəsinin stasionar şöbəsi burada yerləşir.
Stasionarda xəstələrin qalıb müalicə alması
üçün hər şərait yaradılıb. Geniş
və işıqlı palatalar, təzə çarpayılar,
təmiz yorğan-döşək və s. xəstələrə
özlərini evlərindəki kimi rahat hiss etməyə imkan
verir.
Bu stasionarın xidmətindən
"28 May" və "Neft Daşları" neft və
qazçıxarma idarələrinin bütün işçilərinin
istifadə etmək hüququ var. Sahildən onlarca kilometr
aralıda yönümü təcili tibbi yardım göstərmək,
kəskin xəstəliklər baş verən zaman köməyə
gəlmək, ekstremal hallarda təxirəsalınmaz tədbirlər
görmək olan belə stasionarın əhəmiyyəti və
vacibliyi şərhsiz də aydındır.
Neftçilərin
balaları da yaddan çıxarılmır. Onların
sağlam böyüməsi, təlim-tərbiyə, təhsil
alması həmişə diqqət mərkəzindədir.
Çilovda Azərbaycanın Milli Qəhrəmanı Rasim
İbrahimov adına 131 nömrəli orta məktəb fəaliyyət
göstərir. Keçən il qəsəbədə 50 yerlik
yeni uşaq bağçası istifadəyə verilib.
NQÇİ-nin sosial inkişaf şöbəsinin rəisi Bəhram
Əmirov bildirir ki, bu, Dövlət Neft Şirkətinin
çoxsaylı bağçalarından biri, Çilovun isə
yeganə məktəbəqədər tərbiyə müəssisəsidir.
Burada tərbiyə alan körpələrin
hamısının valideynləri neft obyektlərində
işləyənlərdir.
Uşaq
bağçasında adanın balaca sakinləri
üçün hər cür şərait yaradılıb. O,
hətta ölkə paytaxtının ən abad
bağçaları ilə yarışa girə bilər. Tərbiyəçi
Arzu Dadaşovanın özü də Çilovda
böyüyüb boya-başa çatıb. Bəlkə
uşaqları belə ürəkdən sevməsinin bir səbəbi
də məhz budur.
Arzu deyir:
- Biz çilovluyuq. Atam Mirzə
Dadaşov Çilov gəmi limanında dispetçer işləyir.
Anam Reyhan xanım stasionarda tibb bacısıdır.
Qardaşım Emil isə beş ildir avadanlıq sexində
çilingər kimi çalışır. Qardaşım da,
mən də adada doğulmuşuq, burada orta məktəbi
bitirmişik. Mənim ali pedaqoji təhsilim var. Balacalarla
işləməyi çox sevirəm. Onlarla müxtəlif səhnəciklər
hazırlayırıq, uşaq şeir və nəğmələrinin
müsabiqələrini keçiririk, oyunlar təşkil
edirik.
Adada Dadaşovlar ailəsi
kimi ailələr çoxdur. Hamısı da zəhmətkeş,
mehriban...
Ümumiyyətlə, ada
sakinləri çox gülərüz, səmimi, qonaqpərvərdirlər.
Qeyri-adi məkanda, dənizin qoynuna sığınmış
torpaq parçasında yaşamaları onların bir-birinə
əl tutmaq, arxa-dayaq olmaq hisslərini daha da gücləndirir.
Çilova içməli su
da həmişə gəmilərlə sahildən gətirilib.
Lakin həyatı bulaq kimi qaynayan bu adanın özünün
də suyunun olması vacib bir məsələ idi. Bu problemin də
uğurlu həlli tapıldı. Çilovda ƏKS-OSMOS sistemi
həyata keçirildi.
İndi burada iki qurğu
işləyir. Onlardan biri keçən ilin əvvəllərindən
istifadəyə verilib və sutka ərzində 300 kubmetr su
istehsal edir. Digəri ondan xeyli böyükdür. Sutkada 500
kubmetr suyu şirinləşdirən, yəni, təmizləyən
həmin ikinci qurğu dördüncü aydır işə
salınıb.
Su təmizlənib içməli
vəziyyətə gəlincə bu qurğularda maraqlı bir
proses gedir. Bu barədə Çilov mənzil-kommunal təsərrüfatı
nəzdində fəaliyyət göstərən suşirinləşdirmə
sahəsinin rəisi Soltan Qarayev danışdı:
- Min tonluq su anbarımız var. Dəniz
suyunu nasoslar vasitəsilə həmin anbara vururuq və o,
altı saat burada qalır. Bu müddət ərzində su təbii
olaraq nisbətən təmizlənir, yəni, anbarın dibində
çöküntülər əmələ gəlir.
Yuxarı hissədəki su isə içinə bir sıra təmizləyici
dərman preparatları əlavə edildikdən sonra
qurğularda yüksək təzyiq altında saflaşır.
Bu gün adada
İndi adada torpaq da,
ağaclar da, malqara da
Çilovun başdan-başa
yaşıl dona bürünməsinin əsas səbəblərindən
biri də məhz suyun bolluğudur. Torpağa
basdırılmış tinglər təzəcə boy atmaqda
olsalar da, adanın görkəmini büsbütün dəyişiblər.
Onlar böyüyüb ağac olanda, torpağa çətir
tutub onu qızmar günəşdən qoruyanda, meyvə
ağacları isə bar verəndə Çilovun
hüsnü bambaşqa olacaq.
Çilovlular bunu
yaxşı bilirlər, ona görə də ağac əkməklə
kifayətlənməyib, həm də onlara lazımi qaydada
qulluq edirlər. Bu yerlərin təbiətinə yaxından bələd
olan yaşlı sakinlər, eləcə də mütəxəssislər
deyirlər ki, adada ağac yetişdirmək o qədər də
asan məsələ deyil. Əvvəla, torpaq qumsaldır, bura
bir növ yarımsəhra zonasıdır. Ona görə əkilən
ağac doyunca su içməsə, məhv olar. İkincisi də,
Çilov yaşayış məntəqəsidir, burada el-oba
var və insanlar inək, qoyun-keçi, toyuq-cücə
saxlayırlar. Otun-ələfin az olduğu şəraitdə
heyvanın yamyaşıl pöhrəyə can atması, onu
sındırıb yeməsi təbiidir. Ona görə bu
gün Çilovda əkilmiş ağaclara, kollara, güllərə
dəmir tordan hasar çəkilib. Təzə ağaclar,
güllər isə az deyil. Ağacəkmə kampaniyası əsasən
"Ekologiya ili" olan 2010-cu ildə başlanıb. Beləliklə,
keçən ilin əvvəlindən indiyədək burada 35
min ağac, o cümlədən 500 qızılgül kolu əkilib.
İndiyə qədər
meyvə ağacları çilovluların yalnız həyətində,
adətən sahəsi çox geniş olmayan
bağ-bağçasında bitirdi. Onların yolu Azərbaycanın
müxtəlif bölgələrinə düşdükcə
oradan şitil gətirib adada heyva, gilas, nar, hətta
fındıq kimi meyvələri buraya uyğunlaşdıra
bilmişdilər. Yol kənarları, çöllər isə
bomboz idi. ARDNŞ-in həyata keçirdiyi genişmiqyaslı
ekoloji tədbirlər Çilovdan da yan keçmədi.
Çilovluların özləri də bu hərəkata
yekdilliklə qoşuldular. İndi onların qəsəbəsi
Xəzərin qoynunda çiçək açmış bir
çəməni xatırladır. Burada zeytun, iydə, akasiya,
əncir, gilənar, tut ağacları boy atmaqdadır. Meynələr
pöhrələnir, qızılgüllər qönçələnir...
İndi Çilovun mini-futbol
meydançası da var. Qəsəbə mədəniyyət
evinin nəzdində fəaliyyət göstərir.
Meydança 2010-cu ilin yadigarlarındandır. Adanın gənc
sakinləri burada lap əl-qol açıblar. Ürəklərinin
istədiyi qədər idmanla məşğul olurlar. Futbol,
voleybol oynayırlar, asudə vaxtlarını mənalı
keçirirlər. Bədən tərbiyəsi üzrə təlimatçı-metodist
Ceyhun Zöhrabbəyli bildirir ki, meydançanın istifadəyə
verilməsi adaya yeni bir ab-hava gətirib. Bura gənclər,
yeniyetmələr də gəlir, yaşlı nəslin
nümayəndələri də. Meydançamızın
gözəlliyinə və keyfiyyətinə söz ola bilməz,
olduqca cəlbedicidir.
Bu son sözləri
bütün adaya şamil etmək olar. Yaxın gələcəkdə
isə Çilovun və çilovluların bundan da xoş
sorağı gələcək.
Flora SADIQLI
Azərbaycan.- 2011.-19 may.- S. 10.