Görkəmli travmatoloq alim

 

...İranın Yezde şəhərindəki xəstəxanada 22 yaşına yenicə qədəm qoymuş bir qız üzərində cərrahiyyə əməliyyatı aparılırdı. Xəstənin ayaq sümüyündə və pəncəsində iliyin iltihabı prosesi gedirdi, üstəlik, baldırında 4 santimetr qısalma baş vermişdi. 50 nəfərdən artıq iranlı cərrah uzun aylardan bəri nə qədər çalışsalar da, qızın dərdinə əlac edə bilməmiş və nəhayət, ümumi rəyə gəlib amansız bir diaqnoz qoymuşdular: xəstənin ayağı kəsilməlidir!

Rusiyanın Kurqan vilayətindən İrana yenicə dəvət olunmuş məşhur azərbaycanlı cərrah, travmatologiya və ortopediya sahəsində görkəmli mütəxəssis, dünya tibb elminin korifeylərindən olan həmyerlimiz Q.İlizarovun əvəzsiz davamçısı Hüseynəli İsmayılovun gərgin zəhməti, nəhayət ki, öz bəhrəsini verdi. O, nəinki xəstənin ayaq sümüklərindəki iltihabı qısa müddətdə aradan qaldırdı, hətta 4 santimetr qısalmış baldırın 34 santimetrə qədər uzadılmasına nail oldu. Dünyada ortopediya sahəsində görünməmiş bir nailiyyət olan bu cür uğurlu cərrahi əməliyyat İranın bütün tibb ictimaiyyətini heyran qoydu.

Adı Rusiyanın, İsveçrənin, Niderlandın, Almaniyanın, İngiltərənin, Yaponiyanın, İranın və digər ölkələrin mətbu orqanlarında dünyanın ən məşhur həkimləri ilə qoşa çəkilən Hüseynəli İsmayılov 1961-ci il mayın 8-də Gürcüstanın Borçalı mahalının Qızılkilsə kəndində dünyaya göz açıb. 1986-cı ildə Azərbaycan Tibb İnstitutunun (indiki ADTU) cərrahiyyə fakültəsini bitirib. Həmin təhsil ocağında ümumi cərrahiyyə üzrə internatura keçib. Əmək fəaliyyətinə Rusiyanın Kurqan şəhərində, əslən Azərbaycanın Qusar rayonundan olan akademik Q.İlizarovun "Bərpa travmatologiyası və ortopediyası" elmi mərkəzində başlayıb. İlizarov həmin tibb mərkəzinə 100 nəfər namizəd arasından cəmi 7 nəfər istedadlı gənci seçmişdi ki, onlardan biri də Hüseynəli İsmayılov idi. 1992-ci ilin ortalarında Kurqan şəhərində bilək və pəncənin patalogiyasının müalicəsi üzrə elmi kliniki şöbənin rəisi vəzifəsinə təyin olunan H.İsmayılovu "Baldır və pəncənin deformasiyasının qaydaya salınması" mövzusunda məruzə etmək üçün ABŞ-a dəvət edirlər. Onun məruzəsini diqqətlə dinləyib, çəkilmiş videoyazıları dönə-dönə nəzərdən keçirən amerikalı cərrahlar başlarını yelləyərək pəncə, baldır, barmaq və düz sümüklərdə iltihab prosesinin qarşısının bu qədər asanlıqla alınmasının, sümüklərin uzadılmasının və sümük əyriliklərinin düzəldilməsinin qeyri-mümkün olduğunu, bunların sadəcə kompüterdə hazırlandığını bildirmişlər. Lakin amerikalı cərrahlar Kurqan şəhərinə dəvət edildikdən və orada İlizarov metodu ilə həyata keçirilən cərrahi əməliyyatları öz gözləri ilə gördükdən sonra heyrətlərini gizlədə bilməmiş, özlərinin dediyi kimi, bu istedadlı Azərbaycan oğlunun "möcüzəni gerçəkliyə çevirən bir cərrah" olduğunu yekdilliklə etiraf etmişlər.

Çox keçmir ki, Rusiyanın görkəmli cərrahlarından ibarət böyük bir nümayəndə heyəti İngiltərəyə dəvət olunur. H.İsmayılovun da daxil olduğu həkimlər qrupunun məqsədi həmin ölkə xəstəxanalarında travmatoloji şöbələrin fəaliyyəti ilə tanış olub, onlarla təcrübə mübadiləsi aparmaq idi. O vaxt "Medisinskaya qazeta" yazırdı: "Cərrahlarımızın travmatoloji şöbələrdə gördükləri lövhəciklər, bolt və şruplar dünyanın Böyük Britaniya kimi qabaqcıl bir ölkəsinin tibb mərkəzlərində hələ də tətbiqi həkimlərimizi heyrətə gətirdi. Çünki o vaxtadək nə İngiltərənin, nə də digər Qərb ölkələrinin İlizarov cihazının mövcudluğu barədə heç bir məlumatları yox idi". H.İsmayılovun müasir travmatologiya və ortopediya haqqındakı məruzəsi ingilis cərrahları tərəfindən böyük maraqla qarşılandı və H.İsmayılov tərəfindən təkmilləşdirilmiş bu cihaz onları heyrətdə qoydu. İstedadlı cərrah 2001-ci ildə Böyük Britaniya Səhiyyə Təşkilatının dəvəti ilə bir ay London, Oberqin, Şeffild və Birminqem şəhərlərində, iki ay isə Şotlandiyada qalır, bir sıra uğurlu cərrahi əməliyyatlar aparır. Məşhur travmatoloq-ortoped Oberqin şəhərində olarkən atdan yıxılaraq ağır zədə almış, baldır sümüyünün aşığı sınaraq sıradan çıxmış, iltihab nəticəsində sümüyündə irinli yara yaranmış bir nəfərin müalicəsi ilə məşğul olur. İngilis cərrahları onun üzərində dəfələrlə ciddi tibbi müayinə aparsalar da, heç bir müsbət nəticə əldə edə bilməmişdilər. Ayağın kəsilməsindən başqa çarə qalmamışdı. H.İsmayılov deyir: "Cərrahiyyə otağına girəndə məni dəhşət bürüdü. Təsəvvür edin, həkimlərdən biri onun sınmış sümüklərini düzəldir, digəri vətərləri qaydaya salır, üçünçüsü isə sinirlərlə məşğul olurdu. Söz yox ki, bu yolla heç bir müsbət nəticə alına bilməzdi. Halbuki biz bütün bu əməliyyatları yalnız bir cihazın köməyi ilə həyata keçiririk. İlizarovun cihazını qurduq. Qırılıb çilik-çilik olmuş sümük qırıntılarını bədəndən xaric etdik. Hər şey müvəffəqiyyətlə sonuclandı və xəstə tədricən sağalma mərhələsinə qədəm qoydu".

1993-cü ildə namizədlik, 2000-ci ildə doktorluq dissertasiyaları müdafiə edən H.İsmayılov İlizarovun davamçıları arasında digər əcnəbi ölkələrlə müstəqil şəkildə əlaqə yaradan ilk görkəmli travmatoloq-ortopeddir.

2002-ci ildə uzun müddətli müqavilə əsasında işləmək üçün İrana dəvət olunan məşhur həkim hazırda Tehranın "Milad" dövlət klinikasinda çalışsa da, Kurqanda yaradıcısı olduğu Azərbaycan diasporunun fəaliyyətini daim nəzarətdə saxlayır, əlaqələri daha da genişləndirir.

Öz müalicə metodları ilə dünyanı heyrətdə qoymuş bu müdrik loğmanın şəfalı əllərindən nicat tapmaq üçün hər il onun qəbuluna ABŞ-dan, Almaniyadan, Niderlanddan, İngiltərədən, İsveçdən, Küveytdən, Birləşmiş Ərəb Əmirliklərindən, Azərbaycandan və digər ölkələrdən xəstələr gəlməkdədir. Yeri düşmüşkən qeyd edək ki, Azərbaycandan gedən xəstələr onun köməyi ilə güzəştli şərtlərlə, yalnız klinikanın cüzi xidmət xərclərini ödəməklə müalicə olunurlar ki, bu da onun doğma Azərbaycanımıza və onun vətəndaşlarına tükənməz sevgisinin bariz nümunəsidir. Təsadüfi deyil ki, sağaldıqdan sonra xəstəxanadan xoş təəssüratla ayrılan insanlar bu müdrik Azərbaycan oğlunu "insan bədəninin bərpa mərkəzi" adlandırırlar.

H.İsmayılov əksər ölkələrdə travmatologiya və ortopediya elminə hələ də bəlli olmayan 50-dən çox texniki model işləyib hazırlayıb. O, ilk fəaliyyət meydanı olan Rusiyanın Kurqan şəhərində 2000-dən, İngiltərədə 30-dan, İranda isə 6000 nəfərdən artıq xəstə üzərində uğurlu cərrahiyyə əməliyyatları aparıb.

Görkəmli alim anadangəlmə və sonradan yaranmış ortopedik və travmatoloji xəstəliklərin müalicəsinə həsr olunmuş yüzlərlə elmi məqalənin, 3 monoqrafiyanın, 16 dərsliyin, praktikada geniş tətbiq olunan 200-dən artıq ixtira və təkmilləşmənin müəllifidir. Onun bütün elmi ixtiraları və səmərələşdirici təklifləri Rusiyada, MDB məkanında, Avropa və Asiyanın əksər ölkələrində travmatoloq-ortopedlər və plastik cərrahlar tərəfindən uğurla tətbiq olunmaqdadır. O, dünyanın 86 ölkəsində mütəxəssislərin İlizarovun müalicə metodlarını öyrənmələrinə yardımçı olub. Onun əl və ayaq xəstəliklərinin, sınıqlarının müalicəsində və bərpasında uğurla tətbiq olunan son elmi ixtirası Yaponiyada patent alıb. Cərrah həmçinin Rusiyanın "Alfred Nobel" və "Vernadski" qızıl medallarına layiq görülüb. H.İsmayılov 2003-cü ildə Rusiyada Azərbaycanın görkəmli şəxsiyyətləri arasında "İlin adamı" adını almış ilk mütəxəssisdir. O, akademik Q.İlizarov mükafatı laureatı, Rusiyanın əməkdar səmərələşdiricisi, dünya və Avropa travmatologiya və ortopediya cəmiyyətlərinin, həmçinin, Ümumrusiya Estetik və Plastik Əl Cərrahiyyəsi Cəmiyyətinin, Amerika Travmatologiya və Ortopediya Cəmiyyəti Akademiyasının və Rusiya Təbiət Elmləri Akademiyasının üzvüdür.

Hüseynəli İsmayılov qürbətdə fəaliyyət göstərsə belə, daim vətənlə nəfəs alır, müstəqil Azərbaycanımızın qazandığı hər bir nailiyyət onu ürəkdən sevindirir. Beynəlxalq aləmdə böyük nüfuz sahibi olan belə bir məmləkətin övladı olduğu üçün iftixar hissi keçirir. Bir necə gün bundan əvvəl həm ilk fəaliyyət meydanı olan Rusiyanın Kurqan şəhərində, həm də hazırda işlədiyi Tehranın "Milad" xəstəxanasında H.İsmayılovun anadan olmasının 50, əmək fəaliyyətinin 25 illiyi təntənəli şəkildə qeyd edildi. Biz də öz növbəmizdə onu yarım əsrlik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir, səmərəli fəaliyyətində daha böyük uğurlar diləyirik.

 

 

Zeynal VƏFA

 

Azərbaycan.- 2011.-19 may.- S. 11.