Ustadlar sənət ocağında
anıldı
Fransa Respublikasının Mədəniyyət və Kommunikasiyalar Nazirliyinin təşəbbüsü ilə dünya muzeylərində hər il bahar fəslinin istirahət günlərinin birində "Muzeylər gecəsi" adı altında tədbirlərin keçirilməsi heç də təsadüfi deyildir. Bundan sonra Beynəlxalq Muzeylər Şurasının təşəbbüsü ilə 1977-ci ildən etibarən hər il 18 may Beynəlxalq Muzeylər Günü kimi dünyanın bütün ölkələrində qeyd edilir. Azərbaycanın Muzey Mərkəzində də mədəniyyət və turizm nazirinin sərəncamı ilə silsilə tədbirlərin keçirilməsi həmin ənənənin davamıdır.
Azərbaycanda da belə tədbirlər "Muzeylər və xatirə" devizi ilə keçirilir.
Dünən Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında təşkil edilmiş tədbir-sərgi "Vətənin gözəlliyi uşaqların gözü ilə" adlanırdı. Sərgidə Şamaxı şəhər İ. Nəsimi adına Uşaq İncəsənət Məktəbinin, Bakı şəhər T. Quliyev adına 12 saylı Uşaq Musiqi Məktəbinin və Respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzi dərnək üzvlərinin rəsmləri nümayiş etdirildi. Təşkilatçıları Azərbaycan İstiqlal Muzeyi ilə "Azərbaycan Musiqisinin İnkişafı və Tədrisi" İctimai Birliyi olan tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin, Rəssamlar İttifaqının əməkdaşları ilə yanaşı, Bakı və Şamaxı şəhər məktəblərinin şagirdləri, Heydər Əliyev adına Hərbi Məktəbin kursantları, Prezident Qvardiyasının, Daxili Qoşunların əsgərləri və digər qonaqlar iştirak edirdilər.
L.Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi, Beynəlxalq Muzeylər Şurası Azərbaycan Milli Komitəsi və "Azərbaycan xalçaları" İctimai Birliyinin may ayının 14-dən etibarən, birgə təşkil etdikləri silsilə tədbirlər də məhz bu silsilədəndir.
Hər il bir qayda olaraq Beynəlxalq Muzeylər Günü dünya muzeylərinin ictimaiyyəti tərəfindən geniş miqyasda maraqlı və rəngarəng tədbirlərlə "Açıq qapı" formasında qeyd olunur ki, bu da tərəflərin qarşılıqlı əməkdaşlığına zəmin yaradan amillərdən ən vacibidir.
Bu il Azərbaycan mətbuatı tarixində mühüm əhəmiyyət daşıyan və şöhrət qazanmış, Şərqin ilk fundamental satira nəşri sayılan "Molla Nəsrəddin" jurnalının birinci sayının çapdan buraxılmasının 105-ci ildönümü ilə də əlamətdardır. Ona görə də L. Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin Beynəlxalq Muzeylər Şurası Azərbaycan Milli Komitəsinin birgə təşkil etdiyi tədbir "Molla Nəsrəddin güldürür, düşündürür" devizi altında keçirilir. Məlumatlara görə, əksər muzeylərin eksponatları arasında "Molla Nəsrəddin" jurnalı və yaxud da adın obrazı ilə müəyyən dərəcədə bağlı olan materiallar qorunub saxlanır.
Qarabağ qrupuna aid, XX əsrin əvvəllərində toxunmuş, Molla Nəsrəddin obrazı təsvir olunmuş xalçalardan və Azərbaycan rəssamlarından Yaşar Səmədovun, Bayram və Günay Qasımxanlıların "Molla Nəsrəddin"ə və Elturan Avalovun Ü. Hacıbəylinin "O olmasın, bu olsun" musiqili komediyasına çəkdikləri karikaturalardan ibarət sərgi də tamaşaçıların marağına səbəb oldu. Muzeyin uşaq teatrı üzvlərinin ifasında dahi M. Füzulinin satirik mövzuda qələmə aldığı "Meyvələrin bəhsi" əsəri də yer tapdı.
C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin bayrama xüsusi hazırlığı Bakı şəhər Nizami rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin dram dərnəyi (bədii rəhbəri Xanım İsmayılovadır) üzvlərinin - Reyhanə, Rəna, Arzu, Nadir, Həmayıl, İmran, Ülkər, Yasəmən, Şərqiyyə və Molla obrazının ifaçısı Zeynalabidinin ifalarında görkəmli maarifçi-dramaturq, jurnalist-publisist C. Məmmədquluzadənin felyetonlarından və M.Ə.Sabirin şeirlərindən hazırladıqları kompozisiyadan da açıq-aydın hiss olunurdu.
Yaddaqalan məqamlardan biri də Qaradağ rayon 5 saylı (Sahil qəsəbəsi) Uşaq İncəsənət Məktəbi şagirdləri (rəssamlıq qrupunun üzvləri) - Həmidə, Sevda, Sevinc, Əflan, Murad, Cəmilə və Ayselin "Molla Nəsrəddinin gözü ilə" mövzusuna həsr etdikləri və tədbir boyu, tamaşaçıların gözləri qarşısında çəkdikləri rəsmlər idi. Rəssamlar İttifaqının üzvü, rəssamlar ailəsinin başçısı, adıçəkilən məktəbin müəllimi və qrup rəhbəri Rauf Ağayev çəkilmiş rəsmlərin hər birinin bir cümlə ilə ifadəsini tapmasını xüsusi diqqətə çatdırdı və həmin uşaqların C. Məmmədquluzadə və M.Ə. Sabir məktəbinin davamçıları olacaqlarına əminliyini bildirdi.
Sərgi-tamaşaya gələnlərin yaddaşında o gün dahilər bir daha öz ölməzlikləri ilə canlandılar. Bu obrazlardakı əbədiyaşarlıq həm uşaq və yeniyetmələrin, gəncliyin təmsilçilərinin, həm də vətənin və dövlətin keşiyində daim ayıq-sayıq dayanan igid əsgərlərin nəzərlərində obrazlaşdırıldı.
Məhəmməd NƏRİMANOĞLU
Azərbaycan.- 2011.-19 may.- S. 11.