Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 illiyi münasibətilə konfrans keçirilmişdir

 

Mayın 17-də Təbii Sərvətlər və Ekologiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi (TSEİHİRK) Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) 10 illiyinə həsr olunmuş konfrans keçirmişdir.

AzərTAc xəbər verir ki, TSEİHİRK-in sədri Telman Quliyev bildirmişdir ki, ekoloji problemlər daim dövlətin diqqət mərkəzindədir. Respublikada həyata keçirilən struktur islahatları çərçivəsində fəaliyyətlərində qismən bir-birini təkrarlayan Dövlət Ekologiya və Təbii Ehtiyatlardan İstifadəyə Nəzarət Komitəsi, "Azərmeşə" İstehsalat Birliyi, Geologiya Komitəsi, "Azərbalıq" Dövlət Konserni və Dövlət Hidrometeorologiya Komitəsi ləğv edilmiş və onların bazasında ümummilli lider Heydər Əliyevin 23 may 2001-ci il tarixli 485 saylı fərmanı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılmışdır. Azərbaycan Prezidenti İlham Əliyevin 2010-cu ili "Ekologiya ili" elan etməsi ölkəmizin təbii sərvətləri, flora və faunasının qorunmasında böyük rol oynamışdır.

ETSN-in ekoloji təbliğat şöbəsinin məsləhətçisi Şövkət Bəkirov nazirliyin 10 illik fəaliyyəti barədə məruzə etmişdir. O, ətraf mühitin mühafizəsi üzrə milli fəaliyyət proqramından, bu sahədə hüquqi baza yaradılmasından, təbii sərvətlərin mühafizəsi, milli parkların təşkili istiqamətində görülmüş mühüm işlərdən danışmışdır.

TSEİHİRK-in təşkilat şöbəsinin müdiri Kamal Nəbiyev, Naxçıvan Geoloji Axtarış Ekspedisiyasının baş geoloqu Yusif Kərimov və başqaları ekoloji tarazlığın qorunması istiqamətində qazanılan uğurlardan danışmışlar.

 

 

Azərbaycan.- 2011.-19 may.- S. 11.