Minskdə MDB Hökumət Başçıları Şurasının növbəti iclası başa çatmışdır

 

MDB Dövlət Başçıları Şurasının iclası sentyabrda Düşənbədə keçiriləcəkdir. Bunu mayın 19-da MDB İcraiyyə Komitəsinin sədri-icraçı katib Sergey Lebedev Minskdə keçirilən mətbuat konfransında bildirmişdir.

Hazırda Şuraya Tacikistanın sədrlik etdiyini söyləyən S.Lebedev demişdir: "Biz sentyabrda Düşənbədə keçiriləcək MDB Dövlət Başçıları Şurasının iclasına hazırlaşırıq".

MDB Hökumət Başçıları Şurasının növbəti iclası oktyabrda Sankt-Peterburqda keçiriləcəkdir. Bu qərar Birlik ölkələri hökumət başçılarının mayın 19-da keçirilən iclasında qəbul edilmişdir.

S.Lebedevin sözlərinə görə, iclasın gündəliyinə 19 məsələ daxil edilmişdir. Onların bir hissəsi dar formatda nəzərdən keçirilmiş, qalan hissəsinə isə geniş tərkibdə baxılacaqdır. Tam razılaşdırılmayan məsələlər də vardır. Məsələn, azad ticarət zonası ilə bağlı məsələ. Bu məsələ hökumət başçılarının növbəti iclasında müzakirəyə çıxarılacaqdır.

Eyni zamanda, Qazaxıstan tərəfinin Qazaxıstan Milli Bankının rəhbərinin BVF-nin sərəncamçı direktoru vəzifəsinə keçməsi təklifinin müzakirəsi nəzərdə tutulmuşdur.

AzərTAc-ın xəbər verdiyi kimi, Minskdə keçirilən iclasda ölkəmizi Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov təmsil etmişdir.

 

 

Zeynal AĞAZADƏ,

AzərTAc -ın xüsusi müxbiri

Minsk

 

Azərbaycan.- 2011.-20 may.- S. 2.