Həştərxanda "Rusiya və
Azərbaycan: regionlararası əməkdaşlığın
yeni üfüqlərinə doğru" mövzusunda forum
keçirilmişdir
Mayın 19-da Həştərxanda "Rusiya və Azərbaycan: regionlararası əməkdaşlığın yeni üfüqlərinə doğru" mövzusunda ikinci Rusiya-Azərbaycan regionlararası forumu keçirilmişdir. Forum Rusiya Federasiyası və Azərbaycan Respublikası prezidentləri administrasiyalarının dəstəyi ilə "Avrasiya Tədqiqatları İnstitutu" İnkişaf Fondu tərəfindən təşkil edilmişdir.
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, forumun işində hər iki ölkənin mərkəzi və regional hakimiyyət orqanlarının, iri, orta və kiçik biznesin, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak etmişdir.
Forumda ölkəmizi Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun başçılıq etdiyi nümayəndə heyəti təmsil etmişdir. Nümayəndə heyətinə Azərbaycan Prezidenti Administrasiyasının məsul əməkdaşları, hökumətin üzvləri, Milli Məclisin deputatları, respublikanın bir sıra rayonlarının icra hakimiyyəti başçıları, sahibkarlar daxil idi.
Azərbaycan nümayəndə heyəti əvvəlcə Böyük Vətən müharibəsi döyüşçülərinin şərəfinə Həştərxanın mərkəzində ucaldılmış "Əbədi məşəl" abidəsinin önünə əklil qoymuşdur.
Tədbir başlamazdan əvvəl forum iştirakçıları Rusiyanın Azərbaycandakı səfirliyinin təşəbbüsü, İTAR-TASS və AzərTAc informasiya agentliklərinin dəstəyi ilə təşkil edilmiş "Rusiya-Azərbaycan qarşılıqlı mədəni əlaqələri İTAR-TASS-ın və AzərTAc-ın fotoşəkillərində" mövzusunda sərgi ilə tanış olmuşlar. Bildirilmişdir ki, Rusiya səfirliyi bu sərgini Həştərxan vilayətindəki Azərbaycan diasporuna hədiyyə etmişdir.
Sonra forum öz işinə başlamışdır. Əvvəlcə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevin forum iştirakçılarına təbrikləri oxunmuşdur.
Rusiya Federasiyası Prezidenti Administrasiyasının xarici ölkələrlə mədəni və regionlararası əlaqələr üzrə idarəsinin rəisi Sergey Vinokurov vurğulamışdır ki, bugünkü forum Rusiya ilə Azərbaycan arasında iqtisadi və humanitar əməkdaşlığın möhkəmlənməsi işinə xidmət edəcəkdir. Sergey Vinokurov demişdir: "Humanitar, siyasi və iqtisadi sahələrdə əlaqələr uğurla inkişaf edir. Bu, iki ölkənin dövlət başçılarının sıx qarşılıqlı əlaqələri sayəsində baş verir. Keçən il ölkələrimiz arasında əmtəə dövriyyəsinin həcmi 1,9 milyard dollar olmuşdur. Hazırda Azərbaycan bazarında 500-dən çox Rusiya şirkəti işləyir". O vurğulamışdır ki, Azərbaycan-Rusiya münasibətləri bütün səviyyələrdə əməkdaşlığı inkişaf etdirmək üçün güclü potensiala malikdir və bu forum əməkdaşlığın müxtəlif cəhətlərini müzakirə etmək üçün yaxşı fürsətdir.
Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov çıxış edərək demişdir ki, Rusiya ilə qarşılıqlı əlaqələrin dərinləşdirilməsi Azərbaycanın xarici siyasətində prioritet istiqamət olmuşdur və indi də belədir. Əli Həsənov demişdir: "Azərbaycan ilə Rusiya arasında münasibətlər açıq və səmimi xarakter daşıyır. Hazırda ölkələrimiz arasında əməkdaşlığın bir çox məsələlərinə dair konsensus əldə edilmişdir. Bu göstərir ki, tərəfdaşlıq münasibətləri inkişaf etməkdədir. Belə ki, təkcə bu ilin yanvar-mart aylarında ölkələrimiz arasında əmtəə dövriyyəsinin həcmi 616 milyon dollar olmuşdur. Bu, keçən ilin müvafiq dövrü ilə müqayisədə 18 faiz çoxdur. Elm, təhsil, səhiyyə, mədəniyyət sahələrində əlaqələr də uğurla inkişaf edir". Şöbə müdiri ölkələrimiz arasında qarşılıqlı münasibətlərin keyfiyyətcə yeni səviyyəyə çatdırılmasında ümummilli lider Heydər Əliyevin tarixi rolunu xüsusi vurğulamışdır.
Əli Həsənov əmin olduğunu bildirmişdir ki, regionlararası əməkdaşlığa dair ikinci Rusiya-Azərbaycan forumu ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlığın daha da möhkəmlənməsinə töhfə verəcəkdir.
Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin bildirmişdir ki, Azərbaycan bizim üçün Xəzər regionunda ən əhəmiyyətli tərəfdaşdır. Onun sözlərinə görə, vilayət ilə Azərbaycan arasında qarşılıqlı ticarətin həcmi artır və cari ilin birinci rübündə Həştərxan biznesmenlərinin Azərbaycan istiqamətində işgüzar fəallığı müşahidə olunur. A.Jilkin vurğulamışdır ki, tərəflər arasında əmtəə dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə beş dəfə artmışdır. Qubernator dəmir yolu, hava və dəniz nəqliyyatı sahəsində əlaqələrin inkişaf etdiyini söyləmişdir. Azərbaycan sahibkarları Həştərxanda mədəni-işgüzar mərkəzin yaradılması layihəsinin həyata keçirilməsində yerli biznesmenlərlə sıx qarşılıqlı fəaliyyət göstərirlər. Bu mərkəz Azərbaycan istehsalçılarına məhsullarını Həştərxan vilayətində satmağa imkan verəcəkdir. Qubernator vilayət rəhbərliyinin yod yataqlarının işlənilməsi sahəsində Azərbaycan mütəxəssisləri ilə qarşılıqlı fəaliyyət göstərilməsində maraqlı olduğunu bildirmişdir.
Sonra Həştərxan vilayəti və Azərbaycan Respublikası Ticarət-Sənaye Palataları arasında əməkdaşlıq haqqında sənədlər imzalanmışdır.
Forum "dəyirmi masa" iclasları ilə davam etdirilmişdir. Tərəflər Rusiya ilə Azərbaycanın infrastruktur layihələri, maliyyə-bank sistemi, Xəzərdə strateji əməkdaşlıq ilə bağlı məsələləri müzakirə etmişlər.
Sonda forum iştirakçıları yekun bəyanat qəbul etmişlər. Sənəddə deyilir ki, regionlararası səviyyədə qarşılıqlı fəaliyyətin səmərəsini artırmaq məqsədilə tərəflər energetika, nəqliyyat, kənd təsərrüfatı, innovasiyalar kimi ənənəvi sahələrdə əməkdaşlığın səmərəsini artırmaq, kiçik və orta biznes qurumlarının inkişafına yardım etmək barədə razılığa gəlmişlər. Bundan əlavə, növbəti forumu 2012-ci ildə Azərbaycanda keçirmək qərara alınmışdır.
Azərbaycan.- 2011.-20 may.- S.2.