GUAM-ın mənzil qərargahında terrorizmin bütün təzahürlərinə qarşı mübarizəyə dair aktual mövzu müzakirə edilmişdir

 

GUAM Katibliyinin rəsmi saytında xəbər verilir ki, təşkilatın Ukraynanın paytaxtı Kiyev şəhərindəki mənzil qərargahında terrorizmlə mübarizə üzrə işçi yarımqrupunun 6–cı iclası keçirilmişdir.

İclas iştirakçıları terrorizmlə mübarizə sahəsində regional, o cümlədən ikitərəfli və çoxtərəfli səviyyələrdə əməkdaşlığın inkişafına dair fikir mübadiləsi aparmışlar. İclasda GUAM çərçivəsində informasiyanın kriptoqrafik müdafiəsi üzrə layihənin reallaşdırılması gedişi nəzərdən keçirilmişdir.

İclasda kiberterrorizmlə və kibercinayətkarlıqla mübarizə sahəsində, habelə texnogen terrorizm, xüsusilə Azərbaycan Respublikasında “Eurovision” (2012-ci il may ayı) müsabiqəsinin, Ukraynada futbol üzrə Avropa çempionatının (2012-ci il iyun ayı) keçirilməsinə hazırlıq çərçivəsində, GUAM-ın üzvü olan dövlətlərdə digər kütləvi tədbirlərin təşkil edilməsi planında əməkdaşlığın genişləndirilməsinin vacib olduğu qeyd edilmişdir.

Forumun nəticələrinə görə protokol imzalanmışdır.

Növbəti profil iclasın cari ilin oktyabr ayında keçirilməsi planlaşdırılır.

 

 

Zeynal Ağazadə,

AzərTAc-ın xüsusi müxbiri

Kiyev

 

Azərbaycan.- 2011.-20 may.- S. 3.