BMT-nin qaçqınlar
üzrə ali komissarı: Dağlıq Qarabağ münaqişəsi
ilə bağlı hazırkı vəziyyət
qəbuledilməzdir
AzərTAc xəbər verir ki, mayın 19-da Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan BMT-nin qaçqınlar üzrə ali komissarı Antonio Quterreşin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Görüşdə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının beynəlxalq və regional səviyyələrdə fəaliyyəti müzakirə olunmuşdur.
A.Quterreş Azərbaycanda məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün mühüm işlərin görüldüyünü qeyd etmişdir.
Ali komissar Azərbaycanın inkişafından və müasir bir ölkəyə çevrilməsindən məmnunluğunu vurğulamışdır.
E.Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi barədə qonağa ətraflı məlumat vermişdir. Nazir qeyd etmişdir ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması sülh prosesinə müsbət təsir göstərəcəkdir.
A.Quterreş münaqişə ilə bağlı hazırkı vəziyyətin qəbuledilməz olduğunu vurğulamışdır.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
Azərbaycan.- 2011.-20 may.- S. 4.