Antonio Quterreş: Azərbaycan fəxr edə bilər ki, heç bir beynəlxalq humanitar yardıma ehtiyacı yoxdur

 

Mayın 19-da Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov və Azərbaycanda səfərdə olan BMT-nin qaçqınlar üzrə ali komissarı Antonio Quterreş birgə mətbuat konfransı keçirmişlər.

A.Quterreş bildirmişdir ki, Azərbaycana ilk səfərimdən 5 il keçir. Budəfəki səfərimdə Azərbaycan dövlətinin öz imkanları hesabına qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində gördüyü genişmiqyaslı tədbirlərin şahidi oldum. Azərbaycan fəxr edə bilər ki, heç bir beynəlxalq humanitar yardıma ehtiyacı yoxdur. Mən bunu yüksək qiymətləndirirəm. Bu sahəyə qoyulmuş sərmayənin həcminə görə Azərbaycan dünyada birinci yerdədir. Səfər müddətində doğma yurd-yuvalarından didərgin düşmüş və yataqxanalarda məskunlaşmış insanların həyat şəraiti, problemləri ilə yaxından tanış oldum. Əminəm ki, Azərbaycan-Ermənistan münaqişəsi tezliklə öz həllini tapacaq və insanlar öz yurd-yuvalarına qayıdacaqlar. Sülh müqaviləsi əldə ediləndən sonra biz sizə əlimizdən gələn yardımı etməyə hazırıq.

A.Quterreş səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə, bir sıra dövlət qurumlarının rəhbərləri ilə görüşdüyünü, Azərbaycanla BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində müzakirələr apardığını demişdir.

Əli Həsənov bildirmişdir ki, A.Quterreşin səfərinin çox böyük siyasi əhəmiyyəti vardır. Beləliklə, dünya ictimaiyyəti bir daha görəcəkdir ki, Ermənistan-Azərbaycan münaqişəsi hələ də mövcuddur və həllini tapmamışdır.

Sonra jurnalistləri maraqlandıran suallar cavablandırılmışdır.

A.Quterreş mətbuat nümayəndələrinin Ali Komissarlığın Ermənistandakı qaçqınlara yardım məqsədilə donorlara müraciət edib-etməməsi sualına müsbət cavab vermiş və bunu Ermənistanda qaçqınların həyat şəraitinin yaxşılaşdırması istiqamətində Dövlət Proqramının olmaması və bu ölkənin maliyyə ehtiyatlarının məhdudluğu ilə əlaqələndirmişdir.

Qonaq Ali Komissarlığın Dağlıq Qarabağda ofisinin fəaliyyət göstərməsi barədə xəbərləri isə əsassız adlandırmışdır.

Azərbaycana başqa ölkələrdən qaçqın kimi gələn insanlarla bağlı sualın cavabında vurğulamışdır ki, bu sahədə Azərbaycan hökumətinin indiyədək apardığı siyasət yüksək qiymətə layiqdir. Bu ölkəyə pənah gətirən heç bir qaçqın zorla Azərbaycandan çıxarılmamışdır. Ölkəyə gəlmiş bu insanlara göstərilən münasibətə görə biz Azərbaycana minnətdarıq.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 20 may.- S. 4.