Azərbaycan əcnəbilər
üçün cəlbedici ölkəyə
çevrilmişdir
Azərbaycanda səfərdə olan BMT-nin qaçqınlar üzrə ali komissarı Antonio Quterreş mayın 19-da Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Arzu Rəhimov ilə görüşmüşdür.
Xidmət rəisi Arzu Rəhimov Azərbaycanda miqrasiya proseslərindən, DMX-nin yaranma tarixindən, bu sahədə görülən işlərdən danışmışdır. Bildirilmişdir ki, yaranmasından dörd il keçməsinə baxmayaraq, DMX tərəfindən çox böyük və əsaslı işlər görülmüşdür. Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində uğurlarımız davam etdirilir.
Son illər Azərbaycanda sosial-iqtisadi sahələrdə həyata keçirilən islahatlar ölkəmizin sürətli inkişafına və buraya gələn əcnəbilərin sayının artmasına səbəb olmuşdur. Azərbaycana gələn və DMX-yə müraciət edən bütün vətəndaşların müraciətlərinə ölkə qanunvericiliyinin tələblərinə uyğun şəkildə baxılaraq müvafiq qərarlar qəbul olunur.
A.Rəhimov qaçqın statusunun müəyyənləşdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər barədə də məlumat vermişdir.
Azərbaycanın əcnəbilər üçün cəlbedici ölkəyə çevrildiyini deyən Antonio Quterreş bildirmişdir ki, BMT QAK ilə Azərbaycan Hökuməti arasında çox yaxşı əməkdaşlıq qurulmuşdur və biz bu əməkdaşlığın daha da genişlənməsində maraqlıyıq. Eyni zamanda, Azərbaycana üçüncü ölkələrdən gələn şəxslərin məsələlərinə baxılması ilə bağlı iş birliyi yaratmaq niyyətindəyik.
Ali komissar demişdir: "Bəzi ölkələrdə müəyyən problemlər hələ də qalmaqdadır. Qaçqınlar müəyyən bir ölkənin ərazisinə daxil olurlar və oradan qovulur, geriyə göndərilirlər. Amma Azərbaycanda belə hal baş vermir. Azərbaycanda ənənəvi qonaqpərvərlik, dözümlülük, tolerantlıq vardır. Biz bunu çox yüksək qiymətləndiririk".
A.Rəhimov ölkəmizdə qaçqın statusunun müəyyənləşdirilməsinin qanunla yüksək səviyyədə tənzimləndiyini qeyd etmiş, DMX ilə BMT QAK-ın Azərbaycandakı nümayəndəliyi arasında əməkdaşlığın gələcəkdə daha da inkişaf etdiriləcəyini bildirmişdir. Miqrasiya sahəsində beynəlxalq təcrübənin öyrənilməsi, bu sahədə ölkə qanunvericiliyinin təkmilləşdirilməsi məqsədi ilə DMX-nin bir çox xarici ölkələr və beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq etdiyi də diqqətə çatdırılmışdır.
AzərTAc
Azərbaycan.- 2011.-20 may.- S. 4.