Azərbaycan təmsilçilərinin "Eurovision-2011" mahnı müsabiqəsində qalib gəlmələri münasibətilə ölkəmizin ünvanına təbriklər səslənmişdir

 

Beynəlxalq Dəniz Təşkilatının (BDT) Dəniz Təhlükəsizliyi Komitəsinin Londonda keçirilən 89-cu sessiyasında "Eurovision-2011" mahnı müsabiqəsində Azərbaycanın birinci yeri qazanması münasibətilə ölkəmizin ünvanına təbriklər səslənmişdir.

Dövlət Dəniz Administrasiyasının (DDA) mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, sessiyada çıxış edən BDT-nin baş katibi admiral Eftimios Mitropoulos DDA-nın rəisi Qüdrət Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyətini ölkəmizin "Eurovision-2011" mahnı müsabiqəsində uğur qazanması münasibətilə təbrik etmiş, bu qələbə münasibətilə Azərbaycan xalqına təbriklərini çatdırmağı xahiş etmişdir.

Tədbirdə BDT-yə üzv dövlətlərin nümayəndə heyətlərinin başçıları da Azərbaycan xalqını böyük uğur münasibətilə təbrik etmiş, bu qələbənin ölkəmizdəki mövcud iqtisadi, sosial mədəni şəraitin bəhrəsi olduğunu xüsusi vurğulamışlar. Gələn il Azərbaycanda keçiriləcək "Eurovision-2012" mahnı müsabiqəsinin yüksək səviyyədə təşkil olunacağına əminliklərini bildirən natiqlər mahnı müsabiqəsini canlı izləmək üçün vətənimizə səfər etməkdən məmnun olacaqlarını diqqətə çatdırmışlar.

 

 

Azərbaycan.- 2011.-20 may.- S. 5.