Dünyanı dolaşan səsimiz
Almaniyanın Düsseldorf şəhərində keçirilən 56-cı "Eurovision-2011" mahnı müsabiqəsində azərbaycanlı ifaçılar Eldar Qasımov və Nigar Camalın qələbəsi neçə gündür ki, xalqımıza böyük sevinc və xoş duyğular yaşadır. Əslində, biz bu qələbə və uğurlar üçün çox darıxmışdıq. Bu qalibiyyətimiz dünyaya yayıldıqca keçirdiyimiz həyəcanların, sevincin həddi-hüdudu yoxdur. Azərbaycan təmsilçilərinin bu məşhur və möhtəşəm müsabiqədə qələbə qazanması mədəniyyət tariximizə qızıl hərflərlə yazıldı. 43 ölkənin yer aldığı mötəbər musiqi yarışmasında Azərbaycan dördüncü dəfə idi ki, iştirak edirdi. 25 ölkənin birincilik uğrunda mübarizə apardığı "Eurovision-2011"in finalında Azərbaycan təmsilçilərinin qələbəsi bizim hər birimizdə qeyri-adi hisslər yaratdı. Gənc ifaçılar Eldar Qasımov və Nigar Camalın böyük coşqunluqla oxuduqları "Running Scared" (Azərbaycan dilində "Geriyə baxmadan qaç" mənasını verir) mahnısı könülləri fəth etdi. Səsimiz dünyaya yayıldı.
Azərbaycan ifaçıları Almaniyada çox məharətlə, özlərinə məxsus üslubda sübut etdilər ki, onlar avropalılardan daha güclü, məlahətli və cazibəli şəkildə Avropa musiqisini, mahnısını duymaq və oxumaq iqtidarındadırlar. İfaçılarımız möhtəşəm səhnə perfomansları ilə 221 bal toplayaraq Azərbaycanı 43 Avropa ölkəsi arasında birinci sıraya yüksəltdilər. Azərbaycan ifaçılarının təkrarolunmaz çıxışını yüksək balla qiymətləndirən Avropa ölkələrinin adlarına fikir verəndə heyrətlənməyə bilmirsən. Türkiyə, Rusiya və Malta təmsilçilərimizin çıxışlarını ən yüksək - 12 balla qiymətləndirdilər. Ukrayna, Xorvatiya, San-Marino, Rumıniya, Moldova da ifaçılarımızın istedadını layiqincə dəyərləndirərək hər biri 10 balla bu möhtəşəm sıraya qoşuldular. Daha bir neçə ölkə - Kipr, İslandiya, Avstriya, Polşa, Gürcüstan, Albaniya, Portuqaliya, Litva, Bosniya və Herseqovina, Estoniya ölkəmizə 8 bal verməklə öz məhəbbətlərini, münasibətlərini bildirdilər. Beləliklə, azərbaycanlı gənclərin bu möhtəşəm dueti 30 ölkədən dəstək aldı.
Ölkə Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva "Eurovision-2011" mahnı müsabiqəsində qələbə qazanmış gənclərimizi fərəhlə qəbul etdilər. Onları təbrik edən Prezident İlham Əliyev söylədi: "Bu qələbə ölkəmizin qələbəsidir, sizin qələbənizdir. Bu qələbə ilə siz bütün Azərbaycan xalqını sevindirmisiniz. Yəqin bilirsiniz ki, qələbədən sonra dərhal minlərlə insan küçələrə çıxıb sizin qələbənizi qeyd etdi. Azərbaycan bayrağı dalğalanırdı. Biz çox gözəl anlar yaşadıq".
Doğrudan da bu qəribə anların analoqu yoxdur. Harada azərbaycanlı, türk varsa, o gecə o yerlərdə bayraqlarımız dalğalandı. İnsanlar bir-birlərini təbrik etdilər. Azərbaycan musiqi ifaçılığında, Qərb musiqisinə olan münasibətində, onu çatdırmaq qabiliyyətində öz sözünü dedi. Biz illərdir qələbə sorağını ancaq idmançılarımızın müxtəlif yarışlarda qazandıqları uğurlardan alırdıq. Nəhayət ki, musiqi sahəsində də möhtəşəm bir qələbənin sahibi olduq.
Xatırladaq ki, Heydər Əliyev Fondunun prezidenti, ölkəmizin birinci xanımı, Milli Məclisin deputatı Mehriban Əliyevanın təşəbbüsü ilə Azərbaycan dördüncü ildir ki, "Eurovision" beynəlxalq televiziya mahnı yarışmasında iştirak edir. 2008-ci ildə ölkəmiz 8-ci (Samir və Elnur dueti), 2009-cu ildə 3-cü (Aysel və Araş dueti), 2010-cu ildə isə 5-ci yerdə (Səfurə Əlizadə) olmuşdu. Bu il isə Eldar və Nigar dueti ölkəmizi yarışmanın qalibi etdi. Növbəti 57-ci "Eurovision" musabiqəsi 2012-ci ilin mayında Azərbaycanın paytaxtı Bakıda keçiriləcək. Olduqca sevindirici, fərəh doğuran bir hadisədir. Azərbaycan ifaçılarının bu zəfəri dünyaya səs saldı.
Gənclərimizin qazandığı bu parlaq qələbə həqiqətən də dünyada geniş rezonans doğurdu. Televiziyanın, mətbuatın diqqət mərkəzində dayandı. Bəlkə də dünənəcən Azərbaycanı o qədər də əməlli-başlı tanımayanlar bu gün xəritədə ölkəmizi axtarırlar. Dünya mətbuatı Eldar Qasımovla Nigar Camalın qazandıqları bu mötəbər uğur barəsində məhəbbət və ehtiramla yazırlar.
Əslində, bu qələbə bütün türk dünyasına məxsusdur. İfaçılarımızın əllərində həm Türkiyənin, həm də Azərbaycanın bayraqlarının dalğalanması ürəklərimizi iftixar hissi ilə doldurdu. İstər-istəməz ümummilli lider Heydər Əliyevin məşhur fikrini xatırladıq: "Biz iki dövlət, bir millətik". Bax, bu bir millət olmağın fəxarətidir ki, Türkiyənin əksər telekanalları və informasiya agentliklərinin aparıcı xəbər mövzusu məhz Azərbaycan təmsilçilərinin qələbəsi oldu. "Hürriyyət", "Vətən", "Milliyyət" və digər nüfuzlu qəzetlərin internet saytlarında Azərbaycan gənclərinin qələbə anını əks etdirən videoçarxlar yerləşdirildi. Qəzetlərin birinci səhifələrindəki xəbərlər qaliblərimizlə bağlı oldu. Bu yazıların elə başlıqlarını oxuyanda adam riqqətə gəlir: "Eurovision"da qardaş təsəllisi", "Finala çıxa bilmədik, amma qazandıq". "Eurovision"da zəfər qardaş Azərbaycanın oldu", "Bir millət, iki dövlət olduğumuzu anladılar" və s. Bu yazılarda Türkiyə ictimaiyyətinin Azərbaycanın qələbəsini öz uğuru və nailiyyəti kimi qiymətləndirdiyi əksini tapıb.
Fransa, Amerika, İsveç, Almaniya, Ukrayna, Belarus, Gürcüstan, Çin, İsrail, Latviya mətbuatında da Azərbaycanla bağlı maraqlı yazılar dərc edilməkdədir. Xüsusilə də Fransa mətbuatının aparıcı mövzularından biri məhz Eldar Qasımov və Nigar Camal duetidir. Bununla bağlı dəyərli materiallar dərc edilmişdir. Fransa mətbuatı Azərbaycanın belə möhtəşəm mahnı yarışmasında dördüncü dəfə iştirak etməsinə baxmayaraq, qibtə ediləcək dərəcədə böyük uğura imza atmasını xüsusi olaraq qiymətləndirmişdir.
Gürcüstanda və qardaş Türkiyədə Azərbaycanın "Eurovision-2011"-də zəfər qazanması ümumxalq bayramı kimi qeyd edilib. Türkiyə Respublikasının Prezidenti Abdullah Gül Prezident İlham Əliyevə təbirk teleqramı göndərmiş, Gürcüstan Prezidenti Mixeil Saakaşvili və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan ölkəmizin başçısı cənab İlham Əliyevə telefonla zəng edərək azərbaycanlı ifaçıların bu beynəlxalq müsabiqədə qələbə qazanması münasibətilə təbriklərini çatdırmışlar. Xarici ölkələrdə yaşayan həmvətənlərimiz müsabiqənin nəticələri məlum olan gecə küçələrə çıxaraq dostluq, birlik haqqında mahnılar oxumuş, yerli sakinləri də bu sevinc dolu yürüşdə iştirak etməyə həvəsləndirmişlər. Beləliklə, iki azərbaycanlı gəncin uğurlu dueti sülhsevər, mahnısevər insanları bir araya gətirdi. Eldarla Nigar bir daha təsdiqlədilər ki, əsl sənətin yolu açıqdır.
Tamaşaçı auditoriyası yüz milyondan artıq olan bu mötəbər yarışda birincilik əldə etmək tarixi bir qələbədir. Bu, həm də Azərbaycan gəncliyinin özünə inamı, eləcə də Azərbaycan xalqının və Azərbaycan dövlətinin böyük dəstəyi deməkdir. Prezident İlham Əliyev mayın 17-də "Eurovision-2011" mahnı müsabiqəsində qazandıqları qələbəyə görə Eldar Qasımovun və Nigar Camalın "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Onların böyük coşqu ilə ifa etdikləri mahnı "Geriyə baxmadan qaç" adlanır. Həqiqətən də üzü zirvəyə doğru geriyə baxmadan qaçmaq qələbə ilə nəticələnir. Bu qələbəni böyük sevinclə, rəğbətlə qarşılayan xalqımız inanır ki, növbəti yarışmaya qədər biz Azərbaycan oğullarının dəyanəti və igidliyi nəticəsində illərdir qəlbimizi incidən bir problemin də həll olunacağı günü görəcəyik. Növbəti may ayında öz qonaqlarını qarşılamağa hazırlaşacaq Azərbaycan tarixi bir qələbəsini - Qarabağda, işğal olunmuş ərazilərimizdə üçrəngli bayrağımızın dalğalanacağını da görəcək. Geriyə baxmadan irəli və ancaq irəli! Dayanmağa haqqımız yoxdur! Böyük qələbəyə doğru irəli! Azərbaycan əsgəri, irəli! Bunu bizdən zaman və bir də ana torpaq tələb edir!
Flora XƏLİLZADƏ
Azərbaycan.- 2011.-20 may.- S. 5.