Modern cəmiyyət quruculuğu milli müstəqilliyin daimiliyinə etibarlı təminatdır

 

1991-ci ilin oktyabrında dövlət müstəqilliyinə qovuşan Azərbaycan xalqı bu möhtəşəm tarixin 20-ci ildönümünü təntənə ilə qeyd etməyə hazırlaşır. Son 8 ildə dövlət müstəqilliyini praktik addımlarla daha da möhkəmləndirən, Azərbaycanı bütövlükdə MDB məkanında qüdrətli respublikalardan birinə çevirən möhtərəm Prezident İlham Əliyevin 2011-ci il yanvarın 21-də imzaladığı "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında" sərəncamda bu əlamətdar yubileyin qeyd olunması, həmçinin xüsusi tədbirlər planının hazırlanması nəzərdə tutulmuşdur. Sərəncamın preambula hissəsində vurğulandığı kimi, bu illər ərzində demokratik, hüquqi və dünyəvi dövlətin qurulması xalqımızın tarixi nailiyyətidir.

 

İstiqlal yolunda ilk qığılcımlar

 

Müsəlman Şərqində ilk demokratik, hüquqi və dünyəvi dövlətin məhz Azərbaycanda elan olunması, yüksək sosial-mədəni, iqtisadi tərəqqiyə, vətəndaş cəmiyyətinin formalaşmasına xidmət edən çoxşaxəli islahatların bu dövlətdə reallaşdırılması azərbaycanlıların zəngin mənəvi aləmə, yüksək milli qürura, yenilikçi, inkişafsevər düşüncə tərzinə malik olmasının təcəssümüdür. Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti ilk gündən dövlət müstəqilliyini qoruyaraq onu daha da inkişaf etdirməyi, səmərəli sosial-iqtisadi islahatların həyata keçirilməsi yolu ilə xalqın firavan həyat tərzinə nail olmağı, hər bir fərdin qanuni maraq və mənafeyinin müdafiəsində dayanmağı qarşıda duran mühüm vəzifələr kimi müəyyənləşdirmişdir.

Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ölkəmizin çoxəsrlik tarixinin, sosial-iqtisadi, mədəni inkişafının, XX əsrin əvvəlində başlanmış, Rusiya imperiyasının süqutu ilə daha da genişlənən milli azadlıq mübarizəsinin məntiqi yekunu olmuşdur. Müstəqil dövlətçilik ənənələrinin formalaşdırılması istiqamətində həyata keçirilən tədbirlər xalqın gələcək yaşam fəlsəfəsinin və inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etmişdir. Cümhuriyyət dövründə respublikada demokratik hüquq və azadlıqların bərqərar olması, etnik və dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlara bərabər hüquqların verilməsi, Şərqdə ilk dəfə olaraq qadınların seçki hüququnun tanınması, Azərbaycan dilinin dövlət dili elan edilməsi, təhsil və mədəniyyətin inkişafına qayğı göstərilməsi, Bakı Dövlət Universitetinin təsis edilməsi, milli ordunun, parlamentin, təhlükəsizlik strukturlarının formalaşdırılması, mətbuatın inkişafı Azərbaycan Xalq Cümhuriyyətinin qısamüddətli mövcudluğunun parlaq uğurları kimi xatırlanır.

Bununla belə, müəyyən obyektiv və subyektiv səbəblər üzündən əsrlərin mücadiləsi kimi XX əsrin əvvəllərində müstəqillik qazanmış Azərbaycan xalqı bu nemətin şirinliyini uzun müddət dada bilməmişdir: bir tərəfdən idarəçilikdə buraxılan bəzi səhvlər - daxildə tam milli birliyin əldə edilməməsi, düşmən qüvvələrə qarşı layiqli müqavimət əzminin olmaması, digər tərəfdən həmin dövrdə bütün dünyanın siyasi mənzərəsini dəyişməkdə olan geosiyasi proseslər Azərbaycan Xalq Cümhuriyyətinin yaşamasına, müstəqil təsisat kimi öz sözünü deməsinə imkan verməmişdir. Beləliklə, cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti süquta uğrayaraq həmin dövrün insanları üçün xoş xatirəyə çevrilmişdir.

Cümhuriyyətin süqutundan sonrakı onilliklər ərzində sovetlər imperiyası rəhbərliyi tərəfindən Azərbaycanda həyata keçirilən repressiyalar, təzyiqlər insanlarımızın milli istiqlal duyğularına xələl gətirməmiş, imperiyanın antimilli, şovinist siyasəti ilə barışmayan xalqımız şərait yetişdikcə, istər konkret fərdlər, istərsə də qruplar şəklində milli haqlarımız uğrunda mücadilə aparmışdır. Azərbaycanın dövlət müstəqilliyinin bərpasına gətirib çıxaran kəşməkəşli və uzun mübarizə tarixinin ötən əsrin 70-ci illərinin əvvəllərindən başlaması isə fenomenal şəxsiyyət, ümummilli lider Heydər Əliyevin xidmətləri ilə bilavasitə bağlıdır. Bir sıra milli ziyalılarımızın Moskvanın cəza orqanlarından qurtularaq xilas edilməsi dahi rəhbərin sayəsində mümkün olmuşdur.

XX əsrdə Azərbaycan xalqının yetirdiyi nadir şəxsiyyət Neydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra siyasi reallıqdan çıxıb ideya formasında, azərbaycanlıların istiqlal duyğularında qığılcım kimi közərən milli dövlətçilik düşüncəsini - ötən əsrin 70-ci illərinin əvvəllərindən başlamaqla əsrin sonlarına doğru - müstəqil Azərbaycan dövləti kimi əzəmətli bir reallığa qovuşdurmuş, böyük fədakarlıqlar hesabına qurub-yaratdığı bu dövlətin sarsılmazlığını, demokratik yüksəlişini, Azərbaycanın müstəqilliyinin əbədiliyini, dönməzliyini təmin etmişdir.

 

Gələcək müstəqilliyə etibarlı zəmin

 

1969-cu il iyulun 14-də Azərbaycanda siyasi hakimiyyətə gələn ümummilli lider Heydər Əliyev ilk gündən hər cür ideoloji-siyasi çətinliklərə və təzyiqlərə sinə gərərək xalqının milli özünüdərki üçün bütün zəruri tədbirləri həyata keçirməyə başlamış, ictimai şüurdakı qorxunu, ehtiyatlılığı aradan qaldırmağı, cəmiyyəti bütün sahələr üzrə mənəvi yüksəlişlərə ruhlandırmağı bacarmışdır. Ulu öndər xalqda milli heysiyyəti gücləndirmək, onu şanlı keçmişinə, soy-kökünə qaytarmaq, habelə zəngin mədəni irsini yaşatmaq üçün bir sıra mühüm tədbirlər həyata keçirmişdir. Bu addımlardan biri də milli düşüncənin əsas mərkəzi olan Azərbaycan Dövlət Universitetinin 50 illik yubileyinin keçirilməsi olmuşdur. 1969-cu il noyabrın 1-də keçirilən bu təntənəli tədbirdə totalitar sovet rejiminin tətbiq etdiyi bütün sədləri aşan Heydər Əliyev Azərbaycan dilində çıxış etmiş, universitetin milli inkişafdakı rolunu xüsusi qiymətləndirmişdir.

Böyük strateq Heydər Əliyev ölkəmizin keçmiş İttifaq miqyasında geridə qalmış respublikalardan biri kimi tanınması ilə barışmayaraq mövcud vəziyyətin kökündən dəyişdirilməsi üçün qətiyyətli addımlar atmış, mövcud resursları - maddi və insan ehtiyatlarını səfərbər etməklə inkişaf prosesindəki maneələrin aradan qaldırılmasına çalışmışdır. Heydər Əliyev respublikanın sosial-iqtisadi cəhətdən geridə qalmasının səbəblərini ilk gündən araşdıraraq dəqiqliklə müəyyən etmiş, geniş xalq kütlələrini səfərbərliyə almaqla mövcud nöqsanların, çatışmazlıqların həllinə səy göstərmiş, ilkin mərhələdən respublikanın siyasi rəhbərliyinin birliyinə, monolitliyinə nail olmaqla yanaşı, milli kadrlara üstünlük vermiş, azərbaycanlıların, xüsusilə, gənc kadrların bütün sahələr üzrə vəzifəyə irəli çəkilməsinə çalışmışdır. Məhz həmin illərdə formalaşmış kadr potensialı, eyni zamanda, ulu öndərin qətiyyəti sayəsində inşa olunmuş iri sənaye müəssisələri Azərbaycanın milli və iqtisadi müstəqilliyi üçün etibarlı zəmin formalaşdırmışdır.

"Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında" sərəncamda qeyd olunduğu kimi, "...Hələ ötən əsrin 70-ci illərindən başlayaraq Azərbaycanın böyük oğlu Heydər Əliyevin strategiyasına uyğun respublikada həyata keçirilən genişmiqyaslı proqramlar müasir iqtisadi potensialın formalaşdırılmasına, sosial-mədəni həyatın canlandırılmasına və milli-mənəvi dəyərlərin dirçəldilməsinə yönəldilərək gələcək müstəqilliyimizin təmin olunması üçün zəmin hazırlamışdı".

Tarixin milli lider kimi Azərbaycan xalqına bəxş etdiyi Heydər Əliyevin ölkəyə birinci rəhbərliyi dövründə azərbaycanlıların müstəqil düşüncə ətrafında birləşməsi, habelə gələcək müstəqil dövlət üçün hərtərəfli zəmin yaradılması imkanları da genişlənmişdir. Həmin illərdə Azərbaycanda milli özünüdərk prosesinə əsaslı təkan verən bir sıra taleyüklü qərarların qəbulu Heydər Əliyevin xalqına və dövlətinə necə bağlı şəxsiyyət olduğunu bir daha təsdiqləyir. 1978-ci ildə Azərbaycan SSR-in konstitusiya layihəsi qəbul edilərkən, ulu öndərin Azərbaycan dilinin bu ali sənəddə dövlət dili kimi təsbit edilməsi üçün göstərdiyi qətiyyəti də xüsusi qeyd etmək lazımdır. Gərgin keçən müzakirələrdə Heydər Əliyev İttifaq rəhbərliyini bu müddəanın saxlanmasının vacibliyinə inandıra bilmişdi. Çox sonralar ulu öndər Heydər Əliyev həmin cəsarətli addımını belə izah edirdi: "Azərbaycan dilinin dövlət dili kimi qeyd olunması böyük etiraza səbəb oldu. Belə izah edirdilər ki, başqa respublikalarda bu yoxdur, buna ehtiyac yoxdur. Ancaq mən o vaxt Sovetlər İttifaqının rəhbərliyi ilə, Kommunist Partiyasının rəhbərliyi ilə çox gərgin danışıqlar apardım. Sübut etməyə çalışdım ki, bu dövlət dilinin Azərbaycan dili olduğunu da konstitusiyamıza yazmalıyıq və yazacağıq".

Ümumilikdə, Heydər Əliyevin rəhbərliyi altında 70-80-ci illərdə istər icra strukturları, istərsə də parlament səviyyəsində həyata keçirilmiş kompleks tədbirlər respublikanın ötən əsrin 90-cı illərə doğru müstəqillik uğrunda mübarizəsinə real hüquqi-siyasi və iqtisadi əsaslar yaratmışdı. 70-80-ci illərdə respublikamız bir çox sahələrdə - milli gəlirin inkişaf tempinə, sənaye və kənd təsərrüfatı məhsullarının istehsalının həcminə, elmi-texniki tərəqqinin nailiyyətlərinin istehsalata tətbiqinə, ictimai əməyin məhsuldarlığına görə Ümumittifaq miqyasında ön sıralara çıxmışdı.

 

Xilaskarlıq və quruculuq missiyası

 

Azərbaycan Respublikası 1991-ci ilin oktyabrında müstəqillik qazandıqdan sonra hüquqi dövlət ideyasının reallaşmasına zəmin yaradılması, milli-mənəvi dəyərlərə qayıdış, demokratik intibahın başlanması xalqın gələcək taleyi ilə bağlı bir sıra aktual problemlərin həlli zərurətini ön plana çıxarmış, yeni ictimai-iqtisadi formasiyada mahiyyətcə yeni proseslər cəmiyyətin bütün sferalarını əhatə edərək keçid dövrünün qeyri-müəyyənliyinin aradan qaldırılması üçün zəruri əsaslar formalaşdırmışdı. Eyni zamanda, respublikamız 1993-cü ilin iyun ayınadək hakimiyyət boşluğunun doğurduğu bir sıra ağır fəlakətlərlə üzləşmiş, həqiqi müstəqilliyinə qovuşa bilməmişdi.

1993-cü ilin iyununda ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı isə Azərbaycan cəmiyyətində müstəqil dövlətçilik ideyalarının praktik şəkildə bərqərar olmasına fundamental əsaslar yaratmışdır. Ölkə xaosdan, vətəndaş müharibəsindən, hərc-mərclikdən, hüquqi nihilizmdən, bir sözlə, dövlətçiliyini itirmək təhlükəsindən qurtulmuşdur. Ölkədə siyasi sabitliyi bərqərar edən, qanunsuz silahlı birləşmələri zərərsizləşdirən, milli həmrəyliyin təmin edilməsi istiqamətində qətiyyətli addımlar atan ulu öndər Heydər Əliyev xalqın gələcək inkişafı üçün zəruri olan azərbaycançılığı da sistem halına gətirmiş, milli ideologiyaya çevirmişdir.

Tarix fərdi maraqlar yükünü daşımaq imkanından məhrum edilmiş ideyalar sisteminin uğursuzluğa məhkum olduğunu dəfələrlə sübuta yetirmişdir. Bu mənada əminliklə demək olar ki, Heydər Əliyevin yüksək dövlətçilik təfəkkürü sayəsində həyata vəsiqə alan milli azərbaycançılıq ideologiyası hər bir vətəndaşın maraqlarını da özündə ehtiva etməklə, xalqın daimi birliyi və həmrəyliyində vacib amildir. Azərbaycançılıq ideologiyası dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşməsini şərtləndirən tarixi-siyasi amillərin təsnifatını, xaricdə yaşayan soydaşlarımızın hüquq və azadlıqlarının qorunması sahəsində Azərbaycan dövlətinin qarşısında duran vəzifələri, onların Azərbaycan Respublikasına münasibətdə üzərinə düşən mənəvi öhdəlikləri, azərbaycanlı anlayışının sosial-fəlsəfi məzmununu müəyyənləşdirən təkmil konsepsiyadır.

Hər bir azərbaycanlı bu ideologiya və baxışlar sistemində özünün ictimai dəyərlər dərəcəsinə yüksəlmiş istək və arzularının dolğun ifadəsini tapır. Özünü inkişaf prosesinin müşahidəçisi deyil, fəal iştirakçısı qismində görür. Yəni, Azərbaycanın davamlı inkişafının Heydər Əliyev konsepsiyası praktik fəaliyyətə transformasiya edərək insanların fərdi davranışını stimullaşdırmaq qüdrətinə malik olan dəyərlərin məcmusunu özündə ifadə edir. Həmin dəyərlər sistemi ümummilli ideyanın təmin edilməsi ilə yanaşı, hər bir fərdin şəxsi idealının həyata keçirilməsini nəzərdə tutan prinsip və vəzifələri üzvi şəkildə əks etdirir. Əslində, Heydər Əliyev ideyalarını müstəsna edən və onun uğurunu şərtləndirən başlıca cəhətlərdən biri də məhz budur.

Ümummilli lider Heydər Əliyev 1993-cü ildən ölkədə siyasi sabitliyi təmin etməklə yanaşı, demokratik və hüquqi dövlət modeli konsepsiyasını da uğurla həyata keçirməyə başlamışdır. Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında hazırlanaraq 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası dövlətimizin tarixində hakimiyyət bölgüsü prinsipini, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun hüquqi əsaslarını, insan hüquq və azadlıqlarının qeyri-şərtsiz təmin olunmasının bünövrəsini qoymuşdur.

Müstəqil Azərbaycanda sivil parlamentarizm ənənələrinin formalaşması da məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. 1995-ci ilin 12 noyabrında Konstitusiyanın ümumxalq referendumuna çıxarılması ilə paralel Azərbaycan Respublikası Milli Məclisinə ilk demokratik, azad seçkilərin keçirilməsi təmin edilmişdir. Müstəqil Azərbaycanın tamamilə şəffaf şəraitdə formalaşmış I, II və III çağırış Milli Məclisi fəaliyyətini demokratiya, çoxpartiyalılıq, plüralizm, qanunun aliliyi prinsipləri üzərində qurmuş, çevik və məhsuldar fəaliyyətə başlamış, milli qanunvericiliyin Avropa standartlarına uyğunlaşdırılması naminə səylə işləmiş, ictimai etimadı doğrultmağa çalışmışdır. Onun gündəlik fəaliyyətində insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi, qanunun aliliyinin təmini məqsədilə aparılan islahatların əsasında inkişaf etmiş dövlətlərin hüquqi dövlət quruculuğu təcrübəsi, ümumbəşəri demokratik prinsiplər, Azərbaycan xalqının dövlətçilik tarixi və ənənələri dayanmışdır.

Etiraf etmək lazımdır ki, Azərbaycanda demokratiya anlayışı uzun illər mahiyyəti üzrə başa düşülməmişdir. Ən yaxşı halda, ictimai rəy bunu 1993-cü ilin iyun hadisələrinə qədərki proseslər fonunda anarxist meyillər kimi qavrayırdı. Ümummilli lider Heydər Əliyev bu yanlış təsəvvürləri dəyişmək üçün hər şeydən əvvəl, xalqla əl-ələ verərək hakimiyyət böhranını aradan qaldırmış, cəmiyyətdə yeni mübariz əhval-ruhiyyə yaratmağa nail olmuş, milli birlik yolu ilə dövləti parçalanmaqdan xilas etmişdir. Xalqın milli-mənəvi sərvətinə çevrilmiş bu birlik sayəsində hazırda respublikamızda demokratik dəyərlər qanunların və milli dəyərlərin tənzimlədiyi sərhədlərdən kənara çıxmır və dialektik inkişafa uyğun olaraq getdikcə ictimai şüur tərəfindən tam şəkildə mənimsənilir. Bəli, Azərbaycanda həqiqi demokratiya da məhz Heydər Əliyevin milli dövlətçilik irsinin təcəssümü kimi formalaşmışdır. Bu siyasi irs demokratiyanın kütləvi özbaşınalıq kimi başa düşülməsinə və yaxud da ifrat Qərb demokratiyasının neqativ cəhətlərini özündə ehtiva etməsinə yol vermir. Faktiki olaraq bu kursun bütün sahələrdəki tənzimləmə missiyası ideoloji müstəvidə də özünü doğrultmuşdur.

Azərbaycanın ictimai-fəlsəfi fikrinin görkəmli tədqiqatçısı, akademik Ramiz Mehdiyev "Demokratiya yolunda: irs haqqında düşünərkən" əsərində yazır: "...Güclü hakimiyyət ideyası heç də milləti basıb əzən hakimi-mütləq bürokratik aparat ideyası deyildir. Əksinə, güclü hakimiyyət ideyası milli mövqelərdən düşünən, məmur aparatını özünə tabe etməyə qadir olan, dövlət quruculuğu və ictimai quruluş sahəsində millətin ideallarını bərqərar edən dövlət xadimlərindən millətin formalaşdırdığı siyasi sinfin hökmranlığıdır. Azərbaycanda məhz hakimiyyətin mərkəzləşdirilməsi sayəsində müstəqillik prinsiplərinə əsaslanan milli dövlətçilik yaratmaq mümkün olmuşdur. Dövlət müstəqilliyi, öz növbəsində, institusional demokratiyanı formalaşdırmağın başlanğıc nöqtəsi idi. Prezident Heydər Əliyev hesab edirdi ki, demokratiyaya transformasiya prosesi həm də dövlətçiliyin inkişafının mühüm mərhələsidir. Məhz onun səyləri sayəsində bu siyasət səmərəli dövlətçiliyə yönəldilmiş xətt oldu".

 

Tam müstəqil siyasət yürüdən dövlət

 

Əzəmətli tarixə çevrilmiş iyirmi illik inkişaf yolunun ən parlaq nəticəsi ondan ibarətdir ki, bu gün Azərbaycan, sözün əsl mənasında, tam müstəqil siyasət yürüdən dövlətdir. Bu gün müstəqil Azərbaycan dövlətinin öz siyasi dəst-xətti, dövlətçilik siması, inkişaf yolu vardır. Ötən illər ərzində respublikanın milli inkişaf strategiyası, siyasi-iqtisadi, mədəni-mənəvi təkamül konsepsiyası, vahid ideologiyası formalaşmışdır. Dövlətin milli maraqlara əsaslanan diplomatiyası, demokratikləşdirmə, hüquqi dövlət quruculuğu istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyəti də məhz milli müstəqilliyin praktik olaraq gerçəkləşdirilməsini təmin etmişdir. Eyni zamanda, qloballaşma şəraitində milli özünəməxsusluğun qorunub saxlanması, habelə, milli-mənəvi dəyərlərə sədaqətlə yanaşılması, ümumbəşəri dəyərlərin, beynəlxlaq hüquq normalarının inkişaf etdirilməsi, böyük dövlətlər və qonşu dövlətlərlə münasibətlərin qurulmasında balanslaşdırılmış siyasət yeridilməsi Azərbaycanın müsbət siyasi aurasını, özünəməxsus beynəlxalq imicini formalaşdırmışdır.

Möhtərəm Prezident İlham Əliyev ötən 8 ildə böyük siyasi məharətlə dövlətə rəhbərlik fəaliyyətinin bütün məqamları arasında qırılmaz bağlılığa, məntiqi ardıcıllığa nail olmuş, Azərbaycanda dövlət idarəçiliyinin özünəməxsus mükəmməl sistemini formalaşdırmış, bu sistemin xalqın mənafeyinə uyğun intensiv fəaliyyətini təmin etmişdir. Dövrün tələblərinə uyğun formalaşdırılmış bu sistem respublikamızın sürətli sosial-iqtisadi tərəqqisinə, siyasi sabitliyə, vətəndaş sülhünə, insanların maddi rifah halının yaxşılaşmasına, ölkəmizdə demokratiyanın inkişafına yönəlmiş mühüm qərarlara, habelə bu qərarların icrasına xalqla birgə nəzarət formuluna əsaslanır.

Ölkənin davamlı uğurlarını təmin edən, rəsmi Bakının bütün sahələrdə müstəqil siyasət yürütməsinə, milli maraq və mənafeləri qətiyyətlə müdafiə etməsinə imkan yaradan ən mühüm amil isə son illərdə əldə olunmuş böyük iqtisadi nailiyyətlərdir. Bu gün dünya miqyasında özünəməxsus milli inkişaf modeli ilə tanınan Azərbaycan ictimai həyatın bütün sahələrində yüksək tərəqqiyə və intibaha imza atır, sürətlə modernləşərək qarşıya qoyduğu strateji hədəflərə doğru inamla irəliləyir. Bir sıra qabaqcıl Qərb dövlətlərinin onilliklər boyu keçdiyi inkişaf mərhələlərini qısa zamanda adlamağa müvəffəq olmuş respublikamızın dünyanı sarsıdan qlobal böhrandan minimim itki ilə çıxması, ümumi daxili məhsul istehsalında əvvəlki yüksək tempi qoruyub saxlaması dünyanın nüfuzlu iqtisadi-maliyyə dairələrində də böyük maraqla qarşılanır.

Dövlət başçısının "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında" sərəncamında da bütün bunlar xüsusi ilə önə çəkilmişdir: "Keçid dövrünü başa vuran respublikamız bu gün özünün uzunmüddətli inkişaf strategiyasının istiqamətlərini müəyyən edən bir ölkədir. Azərbaycan dünya miqyasında iqtisadi artım sürətinə görə ön sıralarda gedərək islahatçı ölkə kimi tanınır. Resublikamızda neft və qeyri-neft sektorlarının yüksəlişi, çoxşaxəli iqtisadiyyatın ahəngdar inkişafı təmin olunmuşdur. Ümumi daxili məhsul, büdcə və valyuta ehtiyatları ildən-ilə artmaqdadır. Güclü sahibkarlar sinfi və orta təbəqə yaranır. Azərbaycanın enerji təhlükəsizliyi təmin olunmuşdur. Yeni infrastruktur formalaşır, beynəlxalq aeroportlar istismara verilir, minlərlə kilometr yol və müasir körpülər salınır. Mühüm sosial əhəmiyyətə malik obyekt olan Oğuz-Qəbələ-Bakı su kəməri istismara verilmişdir. Tarixi İpək yolunun bərpası ilə bağlı Bakı-Tbilisi-Qars dəmir yolu və yeni limanın tikilməsi kimi irimiqyaslı strateji layihələr gerçəkləşdirilir".

2010-cu ildə ölkədə həyata keçirilən siyasətin uğurlu nəticələri nüfuzlu beynəlxalq təşkilatların hesabatlarında da dolğun şəkildə öz əksini tapmışdır. Dünya İqtisadi Forumunun 2010-2011-ci illər üçün hazırladığı "Qlobal Rəqabətlilik Hesabatı"na əsasən Azərbaycan MDB ölkələri arasında yenə də birinci, makroiqtisadi sabitlik altindeksi üzrə isə 14 pillə irəliləyərək 139 ölkə arasında 13-cü yerdə qərarlaşmışdır. "Standard and Poors" Beynəlxalq Reytinq Agentliyi 2009-2010-cu illər üzrə ölkə reytinqini "Stabil"dən "Pozitiv"ə yüksəltmiş, "Fitch Ratings" Agentliyi ölkəmizə ilk dəfə olaraq investisiya reytinqi vermişdir.

BMT-nin İnkişaf Proqramının əhalinin rifah səviyyəsini əks etdirən "İnsan İnkişafı Hesabatı"na əsasən, Azərbaycan son beş ildə 34 pillə irəliləyərək 182 ölkə arasında 2005-ci ildə tutduğu 101-ci yerdən 2010-cu ildə 67-ci yerdə qərarlaşmışdır. 2000-2010-cu illər üzrə ölkəmiz insan inkişafı indeksinin orta illik artım tempinə görə MDB məkanında birinci yerə layiq görülmüş və "orta insan inkişafı" ölkələri qrupundan "yüksək insan inkişafı" qrupuna keçmişdir.

Möhtərəm Prezident İlham Əliyevin dövlət başçısı olaraq bu və digər uğurlarının səbəbi heç də təkcə onun öz fəaliyyətini bünövrəsi Heydər Əliyev tərəfindən qoyulmuş möhkəm zəmin üzərində qurması ilə məhdudlaşmır. Burada ikinci mühüm amil cənab İlham Əliyevin siyasi lider kimi yeni iqtisadi münasibətlər sisteminə dərindən bələd olmasıdır. Əgər yeni ictimai inkişaf mərhələsinə keçidin birinci fazası kommunist ideologiyasından imtina edilməsini və sosialist iqtisadi münasibətlərindən qarışıq bazar iqtisadiyyatına keçilməsini nəzərdə tuturdusa, ikinci faza həmin bu sinkretik ictimai-iqtisadi sistemin bazasında Qərb standartlarına uyğun islahatların davam etdirilməsini, vətəndaş cəmiyyətinə keçilməsini nəzərdə tutur. Yəni, birinci keçid dövründə sosializm cəmiyyətinin, dövlət iqtisadiyyatının, kommunist ideologiyasının xüsusiyyətlərini yaxşı bilmək, yeni iqtisadi münasibətlərə sosializm dönəmində əldə olunmuş nailiyyətlərin dağıdılmasına yol vermədən keçmək tələb olunurdusa, indi bazar iqtisadiyyatının özünü yaxşı mənimsəmək, sahibkarlığın xüsusi çəkisini artırmaq, orta təbəqəni möhkəmləndirmək və vətəndaş cəmiyyətinə keçidi təmin etmək üçün sosial-iqtisadi baza yaratmaq, habelə bu irəliləyişi siyasi-hüquqi müstəvidə təsbit etmək, yeni imkanlardan maksimum səmərəli istifadə qaydasında yararlanmaq tələb olunur. Prezident İlham Əliyev məhz belə bir missiyanı üzərinə götürmüşdür və ardıcıl surətdə yerinə yetirir.

Avropa dəyərləri, müasirlik dedikdə, həm də demokratikləşmə, plüralizm və s. ilə yanaşı, həm də peşəkarlığın ön plana çəkilməsi, işçilərin siyasi fəallıq görüntüsünə görə yox, məhz peşəkarlıq xüsusiyyətlərinə görə seçilməsi nəzərdə tutulur. Bu baxımdan Prezident İlham Əliyevin elmin, təhsilin, mədəniyyətin inkişafını sürətləndirən onlarla fərman və sərəncam, dövlət proqramları imzalaması onun yetişməkdə olan gənc nəslin mənəvi bütövlüyü, kamilliyi və saflığı, habelə qlobal miqyaslı yad təsirlərə qarşı mənəvi müqavimətin təkmilləşdirilməsi istiqamətində həyata keçirdiyi siyasətin mühüm məqamlarıdır.

Avratlantik məkana inteqrasiya kursu seçməklə dinamik inkişaf yoluna qədəm qoymuş Azərbaycanda təhsilin müasirləşdirilməsi və onun problemlərinin mərhələli həlli, inkişaf etmiş dövlətlərin bu sahədəki zəngin təcrübəsinin dərindən mənimsənilməsi, habelə ümumtəhsil məktəblərində kompüter və informasiya texnologiyalarının geniş tətbiqi dövlət başçısının xüsusi diqqət mərkəzindədir. Prezident İlham Əliyev Azərbaycan xalqının gələcəyinin məhz elm və təhsilə bağlı olduğunu çıxışlarında hər zaman bildirməklə yanaşı, fəal milli maarifçilik xətti yeridir və dünya təhsil sisteminə inteqrasiyanı vacib sayır. Son illər respublika iqtisadiyyatının yüksək inkişaf tempi, ictimai-siyasi sabitliyin davamlı xarakter daşıması təhsilin və elmin dünya standartları səviyyəsinə qalxması üçün daha uğurlu islahatlar aparmağa imkan yaratmışdır. Bütün bunlar, eyni zamanda, mənəvi yüksəlişə, intibaha xidmət edən mühüm addımlar kimi cəmiyyətin pozitiv ruhda inkişafına təkan vermişdir.

Prezident İlham Əliyev müstəqil dövlətçilik konsepsiyasını məhz ulu öndər Heydər Əliyevin müəllifi olduğu strateji kurs üzərində formalaşdırır və bu kursu yeni dövrün tələblərinə uyğun zənginləşdirir. Milləti Heydər Əliyev ideyaları ətrafında toparlayır, özünü azərbaycanlı sayan, bu mənsubiyyətdən qürur duyan hər bir kəsi ulu öndərimizin yarımçıq qalmış arzularının, ideyalarının həyata keçirilməsi istiqamətində səfərbər edir. Bu gün hər bir azərbaycanlı dərk edir ki, bizi xəyallarda yaşatdığımız qüdrətli, modern Azərbaycanın qurulması üçün Prezident İlham Əliyevin liderliyi altında mühüm vəzifələr gözləyir. Əminik ki, bir çox dövlətlərin onilliklərlə keçdiyi yolu qısa müddətdə qət edən Azərbaycan öz rəhbərinin əzmkar fəaliyyəti sayəsində qarşıya qoyduğu bu hədəflərə də çox qısa zamanda qovuşacaqdır.

 

 

İsmayıl ƏLİYEV,

Bakı Dövlət Universitetinin

elmi işlər üzrə prorektoru,

professor

 

Azərbaycan.- 2011.- 20 may.- S. 6.