Əsl həqiqət arxivlərdədir
Tədqiqatçı-alim Mehmet Bora Perinçek İstanbul Universitetinin hüquq fakültəsini və universitetin nəzdində Atatürk Prinsipləri və Türkiyə İnqilabının Tarixi İnstitutunun aspiranturasını bitirib. Doktorluq dissertasiyasını başa vurmaq üzrə olan gənc alim hazırda bu elm ocağında böyük elmi işçidir. 2005-2006-cı illərdə Moskva Beynəlxalq Münasibətlər İnstitutunun aspiranturasında təhsil alıb. On ildən çoxdur Rusiya Dövlət və Hərb Tarixi arxivlərində Sovet-Türkiyə münasibətlərini və erməni məsələsinə aid sənədləri öyrənir. İndiyədək bu sənədlər əsasında altı kitabı işıq üzü görüb, bir neçə kitabı da nəşrə hazırdır. Tədqiqatçı-alimin Rusiya arxivlərindən 1914-1918-ci illərdə İngiltərə, Fransa və çar Rusiyasının Osmanlı imperatorluğuna qarşı apardığı müharibə dövründə Cənubi Qafqaz cəbhəsinin Baş Qərargah rəisi general-mayor Leonid Volxovtinovun gördükləri və şahid olduqları barədə hazırladığı 65 səhifəlik raportunu tarixin tozlu səhifələrindən gün işığına çıxarmışdır. Raportda diqqəti cəlb edən sənədlərdən biri 1915-ci il dekabrın 11-də generalın Mərkəzi Qərargaha göndərdiyi şifrəli teleqramdır. Sənəddə deyilir: "Erməni birlikləri irqçi duyğularla müsəlman xalqına qarşı vəhşi qırğınlara başladı". Ermənilərin uydurduğu "soyqırımı" məzhəkəsinə tutarlı cavab olan bu raportda bircə cümlə belə olsun nə türk, nə də Azərbaycan mənbələrinə istinad olunub. Yalnız cəbhədə Osmanlı Türkiyəsinə qarşı döyüşən çar generallarının, məmurlarının daxili yazışmaları, əmrləri, raportları və şifrəli teleqramları əsasında hazırlanıb. Kitab işıq üzü görən kimi əks-sədası dünyaya yayıldı, tərcümə olunub bir neçə ölkədə çap olundu. "Azərbaycan" qəzeti də çox mühüm arxiv sənədlərinə istinad edən kitab haqqında 2008-ci il 28 iyun tarixli sayında "Rus generalı erməniləri ifşa edir" sərlövhəli məqalə ilə çıxış etdi. Bundan sonra kitab Azərbaycan ictimaiyyətinin də diqqətini cəlb etdi. Mehmet Perinçek neçə gündür ölkəmizdə qonaqdır. Biz də fürsəti qaçırmadıq. Onunla xeyli söhbət etdik. Mehmet bəy əminliklə deyir ki, rus arxivlərinə girmədən erməni məsələsini öyrənmək və həqiqəti bilmək mümkün deyil:
- Nə üçün?
- Bunun bir çox səbəbləri var. Çar Rusiyası Birinci dünya müharibəsində Osmanlı Türkiyəsinə qarşı Qafqaz cəbhəsində savaşan dövlət idi. Bu zaman rus ordusunun tərkibində yüzlərlə, minlərlə erməni muzdluları da savaşırdı. Sovet dönəmində də Cənubi Qafqazda baş verən hadisələri ən yaxından görən, bilən, iştirakçısı olan yenə Rusiyadır. Bu dövrə aid ən həssas məqamlar, gizlin yazışmalar, əmrlər, raportlar, teleqramlar Rusiyada olub və təbii ki, bu ölkənin arxivlərində də toplanıb. Rusiya bu savaşda əsas tərəf idi. Bu mənada Rusiyanın arxivləri ayna kimidir, hər səhifəni açdıqca o dönəmi güzgü kimi görmək olur, sanki tarixi hadisələr yenidən canlanır. Buna görə deyirəm ki, Rusiyanın arxivlərinə girmədən "erməni məsələsi"ni öyrənmək mümkün deyil. Başqa bir tərəfdən də Ermənistan həm çarlıq, həm də sovet dönəmində Moskvaya bağlı olmuş ölkədir. Vaxtilə baş vermiş hadisələri əks etdirən arxiv sənədləri ora daşınmışdır. Rusiyanın arxivlərində erməni məsələsi və Osmanlı dövlətində baş verən hadisələrlə bağlı açılmamış, tədqiq olunmamış minlərlə dəyərli, bütün iddiaları bir cümləylə çürüdən bəlgələr var. On ildən artıqdır orada çalışıram, hələ açılmalı, tədqiq olunmalı çox nəsnələr görürəm. İndiyədək sırf arxiv sənədlərindən ibarət tarixi mənbələri ortaya qoyan altı kitabım işıq üzü görüb, dərc olunmalı hələ çox kitablar çap sırasındadır.
- Ermənistanın arxivlərində
olmusunuzmu?
- Xeyr, Ermənistan arxivləri xarici tədqiqatçıların üzünə bağlıdır, Türkiyə tədqiqatçılarının, tarixçilərinin üzünə isə lap qapalıdır. Orada araşdırmalar aparmaq, həmin dövrün bəlgələrini üzə çıxarmaq mümkün deyil. Türkiyə dövləti dəfələrlə Ermənistanı arxivlərini açmağa, birgə müzakirələr aparmağa çağırıb. Rus arxivlərində belə deyil. Baxmayaraq ki, burada toplanmış sənədlər, materiallar damğalı və möhürlənmişdir, tam gizlidir, ancaq tədqiqatçıların işləməsi üçün heç bir maneə yoxdur. Mən araşdırdığım hər bir sənədin surətini də çıxarıram. Sənədlər arasında kifayət qədər erməni, daşnak yazışmalarına, ərizələrinə, məktublarına da rast gəlmək olur.
- On ildən bəri
apardığınız araşdırmalar nəticəsində
Rusiya arxivlərində 1915-ci ildə soyqırımı hadisəsi
olduğunu sübut edən bir sənədlə
qarşılaşdınızmı? Yəni rus hərbçilərinin
raportlarında, daxili yazışmalarında, teleqramlarında
soyqırımına işarə varmı?
- Sənədləri araşdıranda erməni məsələsi ilə bağlı üç əsas nəticəyə gəlmək olur. Birinci dünya müharibəsindən əvvəl, müharibənin getdiyi dövrdə və sonrakı zamanlarda Türkiyənin bölgələrində yaşanan hadisələr soyqırımı adlandırıla bilməz. Çünki o dövrdə soyqırımı deyil, qarşılıqlı qırğın yaşanmışdır. Elə isə bu qırğın nədən baş vermişdi? İmperialist dövlətlər Osmanlı torpaqlarını parçalamaq, işğal etmək planını reallaşdırmaq üçün ermənilərdən yararlandılar, onları qızışdırdılar. İkincisi, bu məqsədlə erməni könüllü dəstələri yaradıldı, xarici qüvvələrin köməyilə təşkilatlanmış və silah-sursatla təchiz olunmuşdu. Erməni birliklərinin əsas fəaliyyəti Türkiyəni arxa cəbhədən zəiflətməyə, gücsüzləşdirməyə istiqamətlənmişdi. Ona görə də hər gün ucqarlarda qırğınlar törədilir, qətliamlar baş verir, Türkiyə arxadan xəncərlənirdi. Buna görə də Osmanlı dövləti və Türkiyə Böyük Millət Məclisi ölkəyə qarşı törədilən cinayətin və xəyanətin qarşısını almaq üçün tədbirlər görməyə başladı. Əlbəttə, əgər dövlətsənsə, vətənini, torpağını, vətəndaşını qorumalısan, bu, sənin ən doğru haqqındır. Türkiyə hökuməti beynəlxalq qanunlara uyğun olaraq tədbir görməyə qərar verdi. Bu da "köç" qərarı idi. Türkiyənin müxtəlif bölgələrində qətliamlar törədən, basqınlar edib kəndləri yağmalayan erməni dəstələri iddia edirdilər ki, guya onlar bu qırğınları "köç" qərarına cavab olaraq ediblər, yəni köçürmənin heyifini çıxıblar. Əslində isə belə deyil, Türkiyə bu qərarı törədilən hadisələrdən sonra vermişdi, yəni bu qərarı verməyə məcbur olmuşdu. Biz ona görə Ermənistanı arxivlərini açmağa çağırırıq ki, gəlin doğru oturaq, düz danışaq. Onlar isə açmırlar, bilirlər ki, soyqırımı iddialarının cəfəng olduğu bilinəcək. Bu, Ermənistandan daha çox maraqlı ölkələrə sərf etmir.
İddialardan biri odur ki, guya ermənilər Osmanlı dövründə əzilir, sıxılır, haqları tapdanır, erməni olduqlarına görə zülmə məruz qalırdılar. Rusiya arxivlərində deyilənlərin əksini göstərən çoxlu sənəd var. Nəinki rusların, ermənilərin özlərinin yazışmalarında, sənədlərində dəfələrlə bu məsələyə toxunulur. Mən o sənədlərin hər birini tərcümə etmiş, surətini çıxarmışam. Burada göstərilir ki, ermənilər Osmanlı dövlətində çox yaxşı yaşamış, qanunla təsdiqlənmiş şəkildə fəaliyyət göstərmişlər. Qəzetləri, jurnalları, cəmiyyətləri, partiyaları, deputatları, məclisləri olmuşdur. Təsəvvür edirsinizmi, Osmanlı Türkiyəsinin iqtisadi gücü, ticarəti o dönəmdə ermənilərin əlində olub, bunu onların özləri yazır. Sosial rifah baxımından müsəlmanlardan çox yaxşı yaşayıblar.
Rus generallarının, məmurlarının və digər hərbçilərinin bir-birilə daxili yazışmalarında da bu mövzuda bəlgələr yetərincədir. Onlar türk sultanlarının ermənilərə çox isti münasibət bəslədiklərinin, onlara önəm verdiklərinin şahidi olduqlarından yazıblar. Bu sözləri biz demirik, Birinci dünya savaşında Osmanlıya qarşı müharibə edən rus generalları deyir və bu sənədlər 100 ilə yaxındır ki, arxivdə qorunub saxlanır. Bunlar soyqırımı nəzəriyyəsini tamamən sıfıra endirir. Kimsə deyə bilməz ki, ermənilər erməni olduqları üçün sıxışdırılmış, təzyiqlərə, yaxud sosial-iqtisadi sıxıntıya məruz qalmışlar. 1915-ci ildə, ümumiyyətlə, belə hadisə olmayıb, buna bənzər bir sənəd belə yoxdur arxivlərdə. Buyursunlar, dünyanın hansı ölkəsinin arxivlərində bu fikri düzə çıxaran, ifadə edən bəlgə varsa, qoysunlar ortaya. Ya da icazə versinlər biz onların özlərilə birgə Ermənistan arxivlərini araşdıraq, bəlkə onların özlərinin arxivlərində belə sənədlər var?!.
- Mehmet bəy, bir halda ki ermənilər
Osmanlı dönəmində təzyiqlərə məruz
qalmayıb, mənəvi cəhətdən əzilməyiblərsə,
niyə soyqırımına məruz qalmaları barədə
uydurmadan əl çəkmirlər?
- Bəli, məni də düşündürən bu sualdır. Bu sualın da ən doğru cavabı Rusiyanın arxivlərindədir. Bu barədə 1914-1918-ci illərdə çar Rusiyasının Cənubi Qafqazdakı Baş Qərargah rəisi general-mayor L.Volxovtinov hazırladığı raportda geniş yazıb. O bildirir ki, Osmanlı dövlətinin içərisində sevilməyən, ünsür halına gələn ermənilərin bu vəziyyətə düşməsində günahkar özləridir. Çünki onlar bu qırğınları təşkil edən Avropa diplomatiyasının qurbanıdırlar. İmperialist dövlətlər Rusiya ilə Türkiyə arasında olan potensial ittifaqın qarşısını almaq üçün hər cür plana əl atırdılar, əsas alət isə ermənilər idi. L.Volxovtinov daha sonra yazır: "Rusiya Osmanlı dövləti içərisindəki erməni olaylarını kənardan izləməklə kifayətlənir, İngiltərədən fərqli olaraq, odun üstünə körüklə getmirdi". - Fəda edildilər - raportda ayrıca yer alan bu başlıq belə adlanır. Sözünə davam edir general: "Müstəqil Ermənistan" xülyasına uyaraq erməni xalqını Avropa diplomatiyası üçün fəda etdilər... Hər kəsə qarşı terror - erməni birləşmələri məqsədlərinə çatmaq üçün bu yolu seçmişdilər. Onlar öz fikirlərinə qarşı çıxan soydaşlarını da amansızlıqla qətlə yetirirdilər. Qızışdırılmış erməni silahlıları avropalıların diktəsilə üsyana qalxaraq bölgədə yaşayan erməniləri Osmanlı hökumətinə qarşı təşviq edir, onları musəlmanlara qarşı hər cür təxribata hazırlayırdı..." Bu sualın cavabı budur. Erməni məsələsi ingilislərin Osmanlını parçalamaq üçün ortaya atdıqları plandan qaynaqlanır və hələ də başağrısına çevrilib.
Mən indi daşnakların özlərinin bir-birilə daxili yazışmalarından və digər ölkələrin konsulluqlarına, hərbi komandanlarına göndərdikləri məktublardan, onlarla söhbətlərinin mövzusundan danışacağam. Osmanlı təbəəsində olan, yəni Türkiyə vətəndaşı sayılan ermənilərə iki missiya həvalə edilir. Birinci vəzifə ondan ibarətdir ki, erməni birlikləri Türkiyənin arxa cəbhəsində güclənərək, necə deyərlər, zərbəni arxadan vurmaqla Osmanlının məğlubiyyətində çox böyük rol oynayacaqlar. İkinci vəzifə isə bu idi ki, Türkiyə vətəndaşı olan ermənilərdən təşkil olunmuş "könüllü dəstələr" rus, ingilis və fransız ordularında Osmanlıya qarşı savaşacaqlar. Yəni bir qismi arxadan zərbə vuracaq, bir qismi müxtəlif ölkələrin cəbhəsində savaşacaq. Məsələ elə şəkildə qoyulmuşdu ki, bu missiyanın həyata keçirilməsində uşaqdan böyüyə, oxumuşundan tutmuş cahilinə qədər hamı iştirak etməli idi. Kütləvi şəkildə irqçi düşmənçilik dalğası yaradılmışdı. Tarix ortadadır. Bu hadisələr Türkiyənin "köç" qərarı verməsinə səbəb olur. İstinad etdiyim bütün sənədlər Osmanlıya qarşı qanlı müharibə aparan rus vəzifəlilərinin, hərbçilərinin və erməni daşnaklarının imza qoyduqları bəlgələrdir.
Ən tükürpədici mənbələr isə erməni dəstələrinin türk müsəlman kəndlərini yağmalaması, dinc əhalini məhv etməsi ilə bağlıdır. Bildiyimiz kimi, Türkiyədə o zaman savaş idi, kişilərin hamısı müharibəyə yollandığından kəndlərdə qadınlar, qocalar, uşaqlar, əlsiz-ayaqsızlar qalmışdı. Ölkə çox ağır dönəmlərini yaşayırdı. Bundan yararlanan ermənilər kəndlərə basqın edir, insanları qətlə yetirir, mal-qaranı, unu-buğdanı aparır, əhalini qırıb, kənldləri yağmalayırdılar. Çar ordusunun döyüşçüləri bu vəhşilikdən dəhşətə gəlir, çaşqınlıq içində qalırlar. Əslində, ermənilər rus cəbhəsində onların tərəfindən türklərə qarşı savaşırdılar. Lakin buna rəğmən rus ordusunun komandanlığı ermənilərin türklərə qarşı törətdikləri cinayətlərdən dəhşətə gəlmişdilər. Bu vəhşiliklərlə bağlı arxivlərdə o qədər təlimatlar, raportlar, teleqramlar var ki, saysız-hesabsız. Kim yazır bunları? Türkiyəyə qarşı savaşan bir millətin hərbçiləri. Bundan daha obyektiv, doğru sübut ola bilərmi?!
Arxiv sənədlərindən oxuyuruq ki, rus-Qafqaz ordularında əsgər məhkəmələri mövcud olub, yəni hərbi tribunal. Bu sənədlərlə çox məşğul oldum. Burada əsgərin məhkəməyə çəkilməsi haqqında yüzlərlə məhkəmə qərarı var. Məsələn, əmrə tabe olmadığına görə, cəbhə xəttindən qaçdığına görə, silah qaçırdığına, fərariliyə görə və sair. Döyüşlər zamanı erməni könüllülərinin türk-müsəlman kəndlərində qətliamlar törətdiyinə dair ittiham olunmaları, hətta edam olunmaları haqqında sənədlər var. Təsəvvür edirsinizmi? Osmanlıya qarşı savaşan Rusiya türklərə qarşı qətllər, yağmalar törətdiyinə, irqçi nifrət bəslədiyinə görə onun cəbhəsində döyüşən əsgəri tribunala verir, edam edirdi. Bu məhkəmədə ən böyük cinayət irqçilik olub. Ermənilər müsəlmanları düşmən olduqları üçün deyil, türk olduqları üçün qırırdılar. Birinci dünya savaşında ermənilərin Osmanlı dövlətində törətdikləri qətllərlə bağlı Rusiya arxivlərində 700-dən artıq məhkəmə qərarı var. Söyləyən kim? Rusiya Əsgəri Məhkəməsi. Rusiyada yeni işıq üzü görən "Rus dövlət arxivlərindən 120 sənəddə erməni məsələsi" kitabımda bu sənədlərdən 120-dən istifadə etmişəm. Raportların birində yazılır: "Ermənilər müsəlman köylərində daş üstünə daş buraxmadılar". Bunların hamısını foto-surətləri ilə birlikdə çapa hazırlayıram.
Sonda bir faktı da nəzərinizə çatdırım. Osmanlı dövlətində bu hadisələrin baş verdiyi zaman, daha doğrusu, 1915-ci il aprelin 24-də 234 erməni terroristi həbs edilmişdi. Oyuncaq erməni soyqırımı buradan qaynaqlanır. Lakin həmin dövrlərdə və ondan əvvəlki dönəmlərdə, məsələn, 1908-ci ildə törətdikləri cinayət əməllərinə görə Rusiyada 500-600-dən çox daşnak həbs edilir, yəni üç-dörd qat artığı. Plan ondan ibarət idi ki, Türkiyəyə belə bir damğa vurulsun, zəiflədilsin və sonda parçalansın. Bütün tarixi dönəmlərdə ermənilər harada yaşamışlarsa, orada terror törətmişlər. Bu terrorlar təkcə türklərə qarşı deyildi. Terrorçunu həbs etmək necə soyqırımı hesab oluna bilər?!
Bütün bunlara rəğmən Ermənistan Türkiyəni qapılarını açmağa, münasibətləri normallaşdırmağa çağırır. Baxın, bu ölkənin Konstitusiyasında Türkiyənin ərazisi tanınmır, torpaq iddiası var. Qarabağ torpaqlarını isə faktiki işğal edib. Belə bir ölkə ilə necə dostluq münasibəti qurmaq, qapıları onun üzünə açmaq olar? Bu, heç bir ağla və məntiqə sığmır. Bunu nəinki Türkiyə, dünyanın heç bir dövləti etməz. Türkiyəni buna çağıran ölkələr özləri bunu edərlərmi? Heç vaxt! Ermənistan buyursun, ağıllı hərəkət etsin, kiməsə alət olmaqdan çəkinib doğru yolu seçsin. Azərbaycan torpaqlarını azad etsin, düşmənçiliyə son qoysun. O zaman bütün münasibətlərdən, qarşılıqlı qonşuluq münasibətlərindən, qapı açmaqdan məmnuniyyətlə söhbət edərik.
Müsahibəni apardı: Rəsmiyyə
RZALI
Azərbaycan.- 2011.-20 may.- S. 7.