Azərbaycan Milli Elmlər
Akademiyasının maddi-texniki bazasının möhkəmləndirilməsi
ilə bağlı əlavə tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər
tutaraq qərara alıram:
1. 2011-ci il dövlət
büdcəsində nəzərdə tutulmuş Azərbaycan
Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Milli Elmlər
Akademiyasına 5,0 (beş) milyon manat, o cümlədən
akademiyanın Mərkəzi Kitabxanasının yeni
binasının tikintisinə başlamaq üçün 2,0
(iki) milyon manat; "Akademiya şəhərciyi" ərazisində
yerləşən Fizika və Geologiya institutlarının, eləcə
də Sumqayıt şəhərində yerləşən
Polimer Materialları İnstitutunun binalarının əsaslı
təmiri üçün onların hər birinə 1,0 (bir)
milyon manat vəsait ayrılsın.
2. Azərbaycan
Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın
1-ci hissəsində nəzərdə tutulmuş vəsaitin
maliyyələşdirilməsini müəyyən olunmuş
qaydada təmin etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 may 2011-ci il
Azərbaycan.- 2011.- 21 may.-
S. 1.