Cənubi Qafqaz və bu regionun ən aparıcı dövləti olan Azərbaycan ilə əməkdaşlıq Avropa İttifaqı (Aİ) üçün çox vacibdir

 

Cənubi Qafqaz və bu regionun ən aparıcı dövləti olan Azərbaycan ilə əməkdaşlıq Avropa İttifaqı (Aİ) üçün çox vacibdir.

Bu sözləri Avropa Parlamentinin (AP) sədri Yeji Buzek ölkəmizə səfərinin yekunları ilə bağlı mayın 20-də keçirdiyi mətbuat konfransında demişdir.

Azərbaycanı "Eurovision-2011" mahnı müsabiqəsində qələbə qazanması münasibətilə təbrik edən AP-nin sədri Y.Buzek səfəri müddətində olduqca səmərəli görüşlər keçirdiyini demişdir.

Azərbaycanın Avronest Parlament Assambleyasındakı fəallığını yüksək qiymətləndirən Y.Buzek bunun regional əməkdaşlıq və parlamentlərarası dialoqun daha da inkişaf etdirilməsi istiqamətində çox gözəl şərait yaratdığını diqqətə çatdırmışdır.

Son illər Azərbaycanda sürətli inkişaf proseslərinin getdiyini qeyd edən AP-nin sədri ölkəmizdə iqtisadi sahədə böyük uğurların əldə edilməsini xüsusi vurğulamışdır. Y.Buzek həmçinin Azərbaycanın bütün dünyada tolerant ölkə kimi tanınmasının təqdirəlayiq olduğunu bildirmişdir.

Azərbaycan və Avropa Parlamenti arasında əməkdaşlığın hər iki tərəf üçün faydalı olacağını deyən AP-nin sədri ölkəmizdə demokratiya sahəsində mühüm irəliləyişlərin əldə edildiyini vurğulamışdır.

Y.Buzek səfərinin Azərbaycan ilə Aİ arasında əlaqələrin gələcəkdə daha da inkişaf etdirilməsinə mühüm töhfə verəcəyinə əminliyini bildirmişdir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Y.Buzek problemin həlli istiqamətində ATƏT-in Minsk qrupunun səylərini dəstəklədiyini demişdir.

Yerevana səfəri çərçivəsində Ermənistan rəhbərliyinə bu ölkənin problemin həlli ilə bağlı üzərinə düşən məsuliyyəti xatırlatdığını qeyd edən Y.Buzek Aİ-nin münaqişə tərəfləri arasında qarşılıqlı etimadın gücləndirilməsinə yardım edə biləcəyini bildirmişdir.

AP-nin sədri Azərbaycanın suverenliyinin Avropa İttifaqı üçün çox vacib olduğunu xüsusi vurğulamışdır.

Bakının çox gözəl şəhər olduğunu deyən Y.Buzek ölkəmizə səfərinin onda böyük təəssüratlar yaratdığını demişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-21 may.- S. 2.