Mətbuat Şurasında
Berlin Jurnalistlər Məktəbinin əməkdaşı
ilə görüş
keçirilmişdir
Azərbaycan Mətbuat
Şurasında Berlin Jurnalistlər Məktəbinin əməkdaşı
Klemens Şöl ilə görüş keçirilmişdir.
AzərTAc xəbər
verir ki, KİV təmsilçilərinin və media ekspertlərinin
iştirak etdikləri toplantıda Berlin Jurnalistlər Məktəbinin
Robert Boş Fondu ilə birlikdə
reallaşdırdığı “Mətbuat - xalqlar arasında
vasitəçi kimi” layihəsinin təqdimatı
keçirilmişdir.
Mətbuat
Şurasının sədri Əflatun Amaşov
görüşü açaraq layihənin əhəmiyyətindən
danışmış, qonaqları təqdim etmiş,
Şuranın gördüyü işlər barədə məlumat
vermişdir.
Proqramın rəhbəri Klemens Şöl tədbir iştirakçılarının diqqətinə çatdırmışdır ki, layihə əsasında müsabiqə yolu ilə seçilmiş Mərkəzi və Şərqi Avropa ölkələrindən 25-35 yaşları arasında olan və alman dilində sərbəst danışan peşəkar jurnalistlər 3 ay ərzində Berlin şəhərində fəaliyyət göstərən alman mətbuat orqanında təcrübə keçmək imkanı qazanacaqlar.
Məlumat verilmişdir ki, 2003-cü ildən başlayan bu layihədə indiyədək müxtəlif ölkələrdən ümumilikdə 140 jurnalist iştirak etmişdir.
Görüşdə çıxış edən “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu Almaniya ilə Azərbaycan arasında əlaqələrin hər zaman dinamik olduğunu bildirmişdir. Media sahəsində də münasibətlərin inkişafının vacibliyini vurğulayan baş redaktor mövcud layihənin bu baxımdan mühüm əhəmiyyət kəsb etdiyini, Azərbaycan jurnalistlərinin irəli sürülən təşəbüssün reallaşmasında fəallıq göstərəcəklərinə ümid etdiyini söyləmişdir.
Mətbuat Şurası idarə heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə də Berlin Jurnalistlər Məktəbi tərəfindən reallaşan layihənin əhəmiyyətini diqqətə çatdırmış və layihədə Azərbaycan jurnalistlərinin iştirakı ilə əlaqədar prosedur qaydaları ilə maraqlanmışdır.
Bildirilmişdir ki, bu layihə qədim tarixi kökləri olan Azərbaycan-Almaniya münasibətlərinin inkişafına, o cümlədən iki dost ölkə arasında jurnalistika sahəsində əməkdaşlığın dərinləşməsinə öz layiqli töhfəsini verəcəkdir.
Sonda almaniyalı qonaq tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırmışdır.
Proqram barədə ətraflı məlumatı
aşağıdakı internet
səhifələrindən əldə etmək olar:http://www.berliner-journalisten-schule.de/,
www.medien-mittler.de
Azərbaycan.- 2011.- 21 may.- S. 2.