Moskvada Azərbaycanın müstəqilliyini yenidən bərpa etməsinin 20-ci ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilmişdir

 

Mərasimdə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva iştirak etmişdir

 

Xəbər verdiyimiz kimi, mayın 17-də Moskvada Azərbaycan Respublikasının müstəqilliyini yenidən bərpa etməsinin 20-ci ildönümünə həsr olunan "Azərbaycan gecəsi" adlı təntənəli mərasim keçirilmişdir. Heydər Əliyev Fondunun təşəbbüsü, ölkəmizin Rusiyadakı səfirliyinin dəstəyi ilə baş tutan və Dövlət Kreml Sarayında keçirilən mərasimdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva və Rusiyanın birinci xanımı Svetlana Medvedeva iştirak etmişlər.

Mərasimdən əvvəl Azərbaycanın və Rusiyanın birinci xanımları "Karl Faberje və daşoyma ustaları. Rusiyanın əlvan dəfinəsi" adlı sərgiyə baxdılar.

 

* * *

 

Sonra Dövlət Kreml Sarayında "Azərbaycan gecəsi" çərçivəsində Heydər Əliyev Fondunun ən uğurlu layihələrindən olan "Azərbaycan" nəşrinin rus dilindəki versiyasının təqdimatı oldu.

 

* * *

 

Mərasim iştirakçıları Azərbaycan xalçalarının sərgisi ilə də maraqla tanış oldular. Sərgidə Azərbaycanda xalçaçılıq məktəbinin bütün istiqamətləri üzrə

80-dən çox xalça nümunələri nümayiş etdirilmişdir.

Daha sonra Azərbaycan Respublikasının müstəqilliyini yenidən bərpa etməsinin 20-ci ildönümünə həsr olunan "Azərbaycan gecəsi" adlı təntənəli mərasim başladı.

 

Mərasimi Rusiyanın tanınmış teleaparıcısı Vladimir MOLÇANOV açaraq dedi:

- Axşamınız xeyir, xanımlar və cənablar!

Axşamınız xeyir, möhtərəm xanımlar Svetlana Medvedeva və Mehriban Əliyeva!

Dövlət Kreml Sarayına Rusiya Federasiyasında Azərbaycan gecəsinə təşrif buyuran bütün hörmətli qonaqlar!

Rusiya ilə yüzilliklər ərzində səmimi dostluğun qovuşdurduğu ölkənin və onun xalqının gecəsinə xoş gəlmisiniz.

Mənə Kremldə bu mərasimin aparıcısı şərəfi nəsib olub və buna görə də icazə verin, dərhal bu fərqli hüquqdan istifadə edərək bizim azərbaycanlı dostlarımızı - Nigar Camal və Eldar Qasımov duetini böyük müvəffəqiyyət münasibətilə ürəkdən təbrik edim.

Onlar iki gün əvvəl Düsseldorfda keçirilən "Eurovision-2011" müsabiqəsində çox parlaq qələbə qazanıblar. Qələbənizi təbrik edirik və bu layiqli qələbədə Azərbaycan təmsilçilərinə ən yüksək - 12 bal verən Rusiya tamaşaçılarının və bəndənizin - yəni mənim də payım olubdur.

Xanımlar və cənablar!

Kremldəki bugünkü gecə beynəlxalq humanitar təşkilat olan, milli mədəni dəyərlərin, elm və təhsilin inkişafını, səhiyyənin və idmanın qorunmasını qarşısına məqsəd qoyan Heydər Əliyev Fondu və Azərbaycanın Rusiyadakı səfirliyi tərəfindən təşkil olunubdur. Bu gün Kremlin bu salonunda çoxlu istedadlı, gözəl və yaraşıqlı insanlar toplaşıblar.

Bilirsiniz, bununla əlaqədar nə fikirləşdim? Yaşlı nəsil məni başa düşər. Bir vaxtlar, ölkəmizin və əslində dünyanın digər ölkələrinin milyonlarla qadınlarının vurulduğu Jerar Filip adlı görkəmli fransız kinoaktyoru vardı. Bir dəfə jurnalistlər Jerar Filipdən soruşdular: "O, qadınlarda daha çox hansı keyfiyyətləri qiymətləndirir?" Jerar Filip dərhal cavab verdi: "Fikir aydınlığı, zəriflik və xeyirxahlıq".

Bunlara gözəlliyini və təşkilatçılıq istedadını əlavə etsək siz bu salonda əyləşən iki gözəl qadını - Rusiyanın və Azərbaycanın birinci xanımlarını dərhal tanıyacaqsınız.

Mən onlardan birini bu səhnəyə dəvət etmək şərəfinə nail oluram. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, buyurun.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva mərasimdə nitq söylədi.

 

 

Azərbaycan.- 2011.-21 may.- S. 3.