Moskvada Azərbaycanın müstəqilliyini yenidən bərpa etməsinin 20-ci ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilmişdir

 

Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın nitqi

 

- Hörmətli Svetlana Vladimirovna!

Hörmətli qonaqlar, xanımlar cənablar!

İlk növbədə, icazə verin, sizi Azərbaycan gecəsində salamlayım və bu gün bizimlə olduğunuz üçün sizə minnətdarlığımı bildirim. Mən bu gecədə iştirak etdiyi üçün Rusiya Federasiyasının birinci xanımı Svetlana Medvedevaya xüsusi minnətdarlığımı bildirmək istəyirəm. Bu yüksək kürsüdən istifadə edərək, "Eurovision" musiqi müsabiqəsində Azərbaycan duetinin xeyrinə səs verən hər kəsə dərin minnətdarlığımı bildirmək istəyirəm. Bilirsiniz ki, bu günlər Azərbaycanda biz hamımız sözlə ifadə edilməsi mümkün olmayan hisslər yaşayırıq. Bu qələbəyə görə, gənclərimizə görə, ölkəmizə görə qürur hissi keçiririk. Əminəm ki, bir neçə il əvvəl Rusiya da həmin müsabiqədə parlaq qələbə qazananda bütün Rusiya xalqı eyni hissləri yaşamışdır. İlk 12 xala görə Rusiyaya "Çox sağ ol" deyirik.

Əziz dostlar, Azərbaycan dövlətçiliyi tarixinin çox qədim kökləri vardır.

Xəzərin qərb sahilində ilk dövlətlər hələ eramızdan əvvəl I və II minilliklərin qovuşuğunda yaranmışdır. Azərbaycan özünün bütün tarixi boyu Qərb və Şərq, Şimal və Cənub arasında əlaqələndirici vəsilə rolunu oynamışdır.

Müasir Azərbaycanın ərazisində yerləşən dövlətlərdə qədim zamanlardan bəri müxtəlif dillərdə danışan, müxtəlif dinlərə etiqad edən insanlar sülh və əmin-amanlıq şəraitində yaşamışlar. Mədəniyyətlərin və sivilizasiyaların tarixi vəhdəti Azərbaycanda möhkəm tolerantlıq, dözümlülük və mehribanlıq ənənələrinin formalaşmasına gətirib çıxarmışdır. 1918-ci il mayın 28-də müsəlman Şərqində Azərbaycanda elan olunmuş ilk demokratik parlament respublikası tarixdə öz izini qoymuşdur. Həmin dövr və həmin hadisələr, habelə hələ XIX əsrin sonunda başlamış birinci neft bumu Azərbaycan cəmiyyətində o dövr üçün çox mütərəqqi olan keyfiyyətli dəyişikliklərin baş verməsinə gətirib çıxarmışdır.

 Məsələn, Azərbaycan qadınları seçki hüququ qazandılar, Azərbaycanda qızlar üçün ilk dünyəvi məktəb açıldı, siyasi partiyalar yarandı, azad seçkilərə söykənən ilk çoxpartiyalı və çoxmillətli parlament formalaşdı. Yenə də müsəlman Şərqində ilk operabalet teatrı yaradıldı.

Ümumi tariximizi əhatə edən illərdə Azərbaycanda savadsızlıq tamamilə ləğv edildi, təhsil və mədəniyyət müəssisələri şəbəkəsi yaradıldı, ali məktəb tamamilə formalaşdı, Milli Elmlər Akademiyası fəaliyyətə başladı. Biz sovet hakimiyyəti illərində ölkəmizin həm iqtisadiyyat, həm də təhsil və mədəniyyət sahələrində əldə etdiyi nailiyyətlərlə haqlı olaraq fəxr edirik. Neft sənayesindəki uğurlar xüsusilə nəzərəçarpan olmuşdur. Keçmiş İttifaqda "ikinci Bakı", "üçüncü Bakı" terminlərinin mövcudluğu ölkəmizdə nüfuzlu məktəbin yaradıldığını təsdiq edir.

Bütün bunlardan əlavə, təhsil sistemi sahəsində geniş şəbəkə yaradıldı. Ali təhsil müəssisələri meydana gəlməyə başladı.

İkinci Dünya müharibəsi illərində bütün zəruri yanacağın 90 faizini təmin edən Azərbaycan faşizm üzərində Qələbəyə öz misilsiz töhfəsini verdi.

O illərdə ölkəmizdə rusdilli mədəni təhsil məkanı formalaşdı. Biz rus mədəniyyəti ilə ünsiyyət fenomenini yüksək qiymətləndiririk. Bu gün ölkəmizdə həm orta, həm də ali məktəblərdə əvvəlkitək rus dilində təhsil verilir. Ölkədə Rus Dram Teatrı, Rus  Mədəniyyəti Mərkəzi, Slavyan Universiteti, Lomonosov adına Moskva Dövlət Universitetinin filialı fəaliyyət göstərir. Ötən ilin yanvarında Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumu təşkil edilmişdi. Bu ilin oktyabrında Rusiya ilə birlikdə artıq Bakı Beynəlxalq Humanitar Forumu keçirmək planlaşdırılır. Əminəm ki, bu hadisə mehriban qonşuluqdostluq münasibətlərimizin daha bir təsdiqi olacaqdır.

Mədəni müxtəliflik, dünyanın müxtəlif mədəniyyətlərinə hörmətlə yanaşmaq Azərbaycan xalqı üçün ənənəvi haldır. Bu gün biz böyük rus mədəniyyətini öyrənməklə və qorumaqla mənən daha da zənginləşirik.

Əziz dostlar!

Qədim mədəniyyətə və tarixə malik olan Azərbaycan müstəqil dövlət kimi dünya xəritəsində yalnız 20 ildir ki, mövcuddur. İnsan ömrü üçün 20 il kifayət qədər uzun müddətdir, lakin tarix üçün bir andır. Bu qısa müddət ərzində biz nəzərəçarpacaq nəticələr əldə etmişdik. Azərbaycan iqtisadiyyatının inkişaf sürəti rəsmən rekord sayılmışdır. Cənubi Qafqaz dövlətlərinin ümumi iqtisadiyyatının 75 faizi Azərbaycanın payına düşür. Ölkədə neft, qaz, nəqliyyat, logistika sahələrində irimiqyaslı layihələr uğurla həyata keçirilir. Bu gün Azərbaycanda aparılan siyasət son dərəcə qabarıq sosial xarakter daşıyır. 2003-cü ildən etibarən Azərbaycanda iki mindən çox yeni məktəb binası inşa edilmiş, 900 min yeni yeri yaradılmış, yoxsulluğun səviyyəsi 49 faizdən 9 faizə enmişdir. Yeni tibb mərkəzləri və xəstəxanalar tikilir, teatr, muzeyparklar bərpa olunur, idmanolimpiya kompleksləri yaradılır. Turizm sektoru uğurla inkişaf edir. Təkcə onu demək kifayətdir ki, bu il paytaxt Bakıda beşulduzlu altı hotelin açılışı gözlənilir.

Əlbəttə, nailiyyətlərimizlə yanaşı problemlər də vardır. Azərbaycanın ən böyük problemi indiyədək öz həllini tapmamış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Hərbi təcavüz nəticəsində ərazimizin 20 faizi işğal altındadır, ölkədə bir milyon qaçqın və məcburi köçkün vardır.

Biz Azərbaycanda çox ümid edirik ki, münaqişə beynəlxalq hüquq normaları çərçivəsində tezliklə öz həllini tapacaq, ölkəmizin ərazi bütövlüyü bərpa olunacaq, bütün qaçqınlar və məcburi köçkünlər doğma yurdlarına qayıdacaqlar.

Vaxt var idi ki, Azərbaycanı yalnız birinci neft fontanının vurduğu ölkə kimi tanıyırdılar. Bu gün isə vizit kartımız zəngin mədəni irsimizdir. Bu, həm nadir qədim xalçaçılıq məktəbi, həm də miniatür sənətidir. Bu, zəngin poeziya və ədəbiyyat, Azərbaycan musiqisi və rəqsləri, Azərbaycan muğamı, təsviri sənət, tarix və memarlıq abidələri və bir çox başqa sənət inciləridir. Bu gün burada, Rusiya Federasiyasının paytaxtı Moskvada biz həmin ab-havanın kiçik parçasını yaratmağa çalışdıq. Ümidvarıq ki, bugünkü gecədən zövq alacaqsınız və sizdə qədim Odlar Yurduna, Azərbaycana gəlmək istəyi yaranacaqdır. Biz azərbaycanlılar sizi görməyə həmişə şadıq. Odur ki, bəri başdan "Azərbaycana xoş gəlmisiniz!" deyirəm.

Sonda Rusiya Federasiyasına, bütün Rusiya xalqına sülh və firavanlıq arzulayıram. Sizin hamınıza, yaxınlarınıza və doğmalarınıza cansağlığı, xoşbəxtlik və bol sevgi arzulamaq istəyirəm. Qoy Tanrı Rusiyanı və Azərbaycanı hifz etsin. Sağ olun!

 

* * *

 

 Daha sonra tədbirdə ölkəmizin incəsənət ustaları maraqlı konsert proqramı ilə çıxış etdilər. Mərasimdə Azərbaycan musiqisinin ən gözəl nümunələri səsləndi, olduqca tələbkar auditoriyanı öz sehrinə saldı. Bu konsert Moskvada əsl mədəniyyət hadisəsinə çevrildi və diqqəti bir daha Azərbaycana yönəltdi.

 

* * *

 

Konsertdən sonra Azərbaycanın Rusiyanın birinci xanımları arasında görüş oldu.

 

Rusiyanın birinci xanımı Svetlana MEDVEDEVA möhtəşəm gecəyə görə Mehriban Əliyevaya minnətdarlığını bildirərək dedi:

- Mən bir daha Sizə bugünkü gecəyə görə təşəkkür edirəm. Düşünürəm ki, bu mərasim xalqlarımız arasında mehriban dostluq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edəcəkdir. Sizin mədəniyyətinizə həsr olunan nitqiniz həqiqətən çox xoşuma gəldi. Sizin peşəkar simfonik orkestriniz vardır. Sizin ifaçılarınız artıq bu gün kifayət qədər tanınır. Bizim bu gün görüb eşitdiyimiz opera ifaçılarınızın səsləri valehedici idi.

Mən əlbəttə, ilk növbədə Sizə məhsuldar fəaliyyətinizə bizimlə əməkdaşlığınıza, diqqətinizə görə minnətdarlığımı bildirirəm. Bu diqqət özünü bütün sahələrdə göstərir, xüsusən gənc nəslin birgə əməkdaşlığında. Bu gün Sizin ifaçılarınız dünya musiqi sənətinin incilərini çox yüksək səviyyədə təqdim etdilər. Mən həqiqətən məftun oldum. İnanıram ki, onların bu istedadı bütün dünyada layiqincə qiymətləndiriləcəkdir. Bir daha sağ olun.

 

Azərbaycanın birinci xanımı Mehriban ƏLİYEVA tədbirdə iştirakına görə Svetlana Medvedevaya minnətdarlığını bildirərək dedi:

- Sağ olun Svetlana Vladimirovna. Dəvəti qəbul edib bu gecədə iştirak etdiyinizə görə Sizə təşəkkür edirəm. Demək istəyirəm ki, Rusiya paytaxtında belə bir gecənin keçirilməsi qərarına gələrkən ilk gündən burada böyük dəstək, diqqət gördüközümüzü evimizdəki kimi hiss etdik. Buna görə mən bütün Rusiya xalqına təşəkkürümü bildirmək istəyirəm, qonaqpərvərliyə görə sağ olun. Çox şadam ki, bu gecə baş tutdu. Siz tamamilə haqlısınız ki, bu gecə xalqlarımız arasında dostluqmehriban qonşuluq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edəcəkdir. Şəxsi dəstəyinizə görə Sizə bir daha təşəkkürümü bildirmək istəyirəm. Sağ olun.

 

* * *

 

Təntənəli gecədən sonra qonaqlara Azərbaycan milli mətbəxinin nümunələri təqdim olundu.

Qonaqlar Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ilə görüşdə mərasimin yüksək səviyyədə təşkil edildiyini və belə gözəl gecənin keçirilməsi ilə bağlı təşəkkürlərini bildirdilər. Beləliklə, Azərbaycan mədəniyyətinin Rusiya paytaxtında nümayişi unudulmaz bir bayrama çevrildi.

 

* * *

 

Sonda xatirə şəkli çəkdirildi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-21 may.- S. 3.