"Eurovision" müsabiqəsi Azərbaycanın bütün Avropa üçün yaxın dost ölkəyə çevrilməsinə öz töhfəsini verəcəkdir

 

"Eurovision" mahnı müsabiqəsinin gələn il Bakıda hansı səviyyədə keçiriləcəyi ilə bağlı bəzi şərhçilərin fikirlərinə cavab olaraq Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanovun "Qardian" qəzetində məqaləsi dərc olunmuşdur.

"Eurovision" mahnı müsabiqəsinin Azərbaycana böyük dəyişikliklər gətirəcəyi ilə bağlı fikirləri alqışlayan səfir əslində bu dəyişikliyin ölkəsi üçün yeni bir hal olmadığını qeyd etmişdir. Diplomat vurğulamışdır ki, ötən 20 il ərzində Azərbaycan öz iqtisadiyyatını postsovet səviyyəsindən dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatları sırasına yüksəldə bilmişdir.

Müsabiqənin keçiriləcəyi vaxtda Bakıda qonaqlar üçün əlverişli otellərin olub-olmayacağı ilə bağlı narahatlıqlara cavab olaraq səfir yazır ki, bu il şəhərimizdə bir sıra yeni və dünyada məşhur otellərin tikintisi və açılışı gözlənilir. Bakıda açılacaq "Kempinski", "Hilton", "Marriots", "Four Seasons" kimi mehmanxanalar dünyanın ən məşhur otelləri ilə rəqabət aparmaq qabiliyyətinə malik olacaqdır. Bu, həqiqətən də dəyişiklikdir.

Səfir vurğulamışdır ki, biz bir neçə sahədə dəyişiklik olmasını istəmirik. Məsələn, müsəlmanların xristian və yəhudi icmaları ilə sülh şəraitində yaşamasına imkan yaradan çoxmillətli və çoxkonfessiyalı dözümlülük ənənələrində hər hansı dəyişiklik edilməsinə heç bir ehtiyac yoxdur.

Diplomat qeyd etmişdir ki, biz Avropa ailəsinin bir üzvü olmağımızdan başlayaraq bütün demokratik dəyişikliklərin davamlı və hərtərəfli yerinə yetirilməsinə qədər bütün məsələlərdə "düzgün balans" siyasətinə riayət etməyə çalışırıq.

Azərbaycanda internet məhdudiyyəti yoxdur, azad mətbuat mövcuddur və sərbəst toplaşma azadlığının dəstəklənməsi yüksək səviyyədədir. Bununla bağlı müvafiq qanun Avropa Şurasının Venesiya Komissiyasının tövsiyələri əsasında qəbul olunmuşdur.

"Eurovision" müsabiqəsinə tamaşa etmək üçün ölkəmizə gələn turist və qonaqlar heç bir çətinlik çəkmədən səfirliklərimizdən viza əldə edə biləcəklər. Ölkəmizin paytaxtında isə qonaqlar Xəzər dənizinin sahilində təhlükəsiz, təmiz və gözəl bir şəhərlə tanış olacaqlar.

Diplomat qeyd edir ki, güləş üzrə dünya çempionatından tutmuş Beynəlxalq caz festivalına qədər bir çox mötəbər tədbirlərə ev sahibliyi etmiş ölkəmizin belə önəmli bir tədbiri də layiqincə təşkil etmək təcrübəsi vardır.

Sonda səfir vurğulayır ki, "Eurovision" müsabiqəsi Azərbaycanın bütün Avropa üçün yaxın dost ölkəyə çevrilməsinə öz töhfəsini verəcəkdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-21 may.- S. 5.