Avropa İttifaqı ilə ədliyyə
sahəsində mühüm layihələr
reallaşdırılır
Azərbaycanda Avropa strukturları, xüsusilə Avropa İttifaqı ilə əməkdaşlığın genişləndirilməsinə böyük önəm verilir, Avropa Qonşuluq Siyasəti və Şərq Tərəfdaşlığı çərçivəsində ədliyyə sisteminin inkişafına dair proqramlar icra olunur, mühüm layihələr həyata keçirilir.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Azərbaycan ilə Avropa Komissiyası arasında əməkdaşlıq qanunun aliliyi və insan hüquqlarının qorunmasına xidmət edən "Azərbaycanda ədliyyə islahatlarına dəstək" proqramı çərçivəsində də uğurla davam etdirilir. 2011-2013-cü illər üzrə Ədliyyə Akademiyasının və regional ədliyyə şöbələrinin potensialının gücləndirilməsi, penitensiar sistemin müasirləşdirilməsi istiqamətlərini əhatə edən bu layihədə vətəndaşların ədliyyə orqanlarına müraciət imkanlarının asanlaşdırılması, məhkumların islah olunması, onlara göstərilən tibbi xidmətin daha da yaxşılaşdırılması, probasiya təcrübəsinin öyrənilməsi, müxtəlif maarifləndirmə və tədris tədbirlərinin keçirilməsi ilə bağlı işlərin görülməsi nəzərdə tutulmuşdur.
Layihələrin icra vəziyyətini müzakirə etmək məqsədi ilə Avropa İttifaqının məsul nümayəndə heyəti mayın 20-də ədliyyə naziri Fikrət Məmmədovla görüşmüşdür.
Görüşdə Avropa İttifaqı ilə Azərbaycan arasında səmərəli əməkdaşlıq münasibətləri vurğulanmış, beynəlxalq təşkilatlar tərəfindən ölkəmizdə aparılan demokratik islahatların təqdir edilməsi, birgə həyata keçirilən proqramların əhəmiyyəti və faydası qeyd edilmiş, nəzərdə tutulmuş layihələrin uğurla icra olunacağına əminlik ifadə olunmuşdur.
Ölkəmizə səfərindən məmnunluq ifadə edən qonaqlar Avropa İttifaqının Azərbaycanla əlaqələrini genişləndirmək niyyətində olduğunu bildirmiş, layihələrin daha da zənginləşdirilməsi üçün ölkəmizdə uğurla aparılan ədliyyə və məhkəmə islahatlarının son nailiyyətləri ilə maraqlanmışlar.
Görüşdə,
həmçinin qarşılıqlı fəaliyyətin
perspektivləri müzakirə olunmuş, Hərtərəfli
İnstitusional Quruculuq birgə proqramı üzrə
qarşıda duran işlərdən danışılmış,
habelə layihələrin səmərəsinin
artırılmasına dair konkret təkliflər irəli
sürülmüş və digər məsələlər
barədə fikir mübadiləsi aparılmışdır.
Azərbaycan.- 2011.-21 may.- S.5.