Las-Veqasda 11-ci Qlobal səyahət
və turizm sammiti çərçivəsində
görüşlər təşkil edilmişdir
Xəbər verildiyi kimi, mayın 17-dən 19-dək Amerika Birləşmiş Ştatlarının Las-Veqas şəhərində 11-ci Qlobal səyahət və turizm sammiti keçirilmişdir. Sammitdə Azərbaycanı mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil etmişdir.
Mədəniyyət və Turizm Nazirliyinin beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsindən AzərTAc-a bildirmişlər ki, bir sıra xarici ölkələrin prezidentləri, turizm nazirləri, dünyanın turizm sənayesinin aparıcı biznes strukturları və şəbəkələri, turizm və səyahət şirkətləri rəhbərləri, şəhər merləri, və s. daxil olmaqla, 65 ölkədən nümayəndə heyətinin qatıldığı bu mötəbər sammitdə Azərbaycan ilk dəfədir ki, iştirak etmişdir. Sammitdə turizm sənayesinin yeni inkişaf mərhələləri, bu sahədə infrastruktur və texnologiyaların yaratdığı imkanlar, turizm sənayesinin iqtisadiyyatın inkişafında rolu və digər məsələlər üzrə işgüzar müzakirələr aparılmışdır.
Sammit çərçivəsində nazir Əbülfəs Qarayev Yaponiya Milli Turizm Təşkilatının prezidenti Tadatoshi Mamiya, Çin Xalq Respublikasının Milli Turizm Administrasiyasının vitse-prezidenti Ju Shanconq, Sudanın turizm naziri Ahmed Babkier Nihar ilə görüşlər keçirmişdir.
Bundan əlavə, nazir Əbülfəs Qarayev İTAR-TASS və "Breaking Travel News" informasiya agentliklərinə və digər media qurumlarına müsahibələr vermişdir.
Azərbaycan.- 2011.-21 may.- S. 5.