BMT-nin müəssisələri kibertəhlükələrə qarşı mübarizə istiqamətində səylərini birləşdirəcəklər

 

Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) və BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi (UNODC) arasında qarşılıqlı anlaşma memorandumu imzalanmışdır. Memoranduma əsasən, Birləşmiş Millətlər Təşkilatının bu iki ixtisaslaşdırılmış müəssisəsi dövlətlərə kibercinayətkarlıqla mübarizə üçün birgə yardım göstərəcəklər.

İlk dəfədir ki, BMT sisteminə daxil olan iki təşkilat qlobal səviyyədə kibertəhlükəsizlik sahəsində əməkdaşlıq haqqında rəsmi qərar qəbul etmişdir.

BTİ-nin baş katibi Hamadun Ture bildirmişdir ki, UNODC ilə birgə yaradılmış yeni alyans getdikcə daha ciddiləşən qlobal problemlərdən birinin həlli istiqamətində əlaqələndirilmiş qlobal yanaşmanın həyata keçirilməsinin mühüm mərhələsidir. Birgə fəaliyyət göstərərkən bizim təşkilatlar əhəmiyyətli gücə malik ittifaq əldə edə biləcəklər. Bu birlik ölkələrə kibertəhlükə və kibercinayətkarlıq kimi fəlakətlərlə mübarizə aparmağa kömək edəcək və hamı üçün daha təhlükəsiz onlayn məkan yaratmaq imkanı verəcəkdir.

BMT-nin Xəbərlər Mərkəzinin məlumatına görə, təşkilat inkişaf edən, həmçinin inkişaf etmiş ölkələrə onların hökumətlərinin proqram təminatı, kiberhücum və məlumat oğurluğu ilə bağlı getdikcə daha da artan təhlükələrə qarşı əks tədbirlərə hazırlıq məsələlərində kömək etmək niyyətindədir.

Azərbaycanda informasiya təhlükəsizliyi milli təhlükəsizlik siyasətinin tərkib hissəsidir. Bu məsələ 2004-cü ildə qəbul olunmuş milli təhlükəsizlik haqqında qanunda öz əksini tapmışdır. Azərbaycan informasiya texnologiyaları (İT) sahəsində təhlükəsizliyə dair Avropa Şurası Konvensiyasına qoşulmuşdur və ölkəmizdə kibertəhlükəsizliyin təminatı üçün kadr hazırlığına xüsusi diqqət yetirilir. Hazırda dövlət və özəl strukturlarda informasiya təhlükəsizliyi üzrə bir sıra tədbirlər həyata keçirilir.

 

 

Azərbaycan.- 2011.-21 may.- S. 6.