Tarixin torpaq yaddaşı
Azərbaycan Milli Elmlər Akademiyasının illik ümumi yığıncağında Prezident İlham Əliyev giriş nitqində elmin müxtəlif problemlərinə toxunaraq bu sahədə aparılan bir sıra uğurlu işləri təqdir etdi. Ölkə başçısının diqqətə çəkdiyi məsələlərdən biri də Elmlər Akademiyasının tariximizlə bağlı apardığı mükəmməl tədqiqatlar və sanballı əsərlərin yaradılması oldu. Tarix təkcə kitablarda, arxiv materiallarında deyil. Torpağın da yaddaşında keçmişimizin əks-sədası olan çox olaylar və hadisələr qalmaqdadır.
Prezident İlham Əliyev məhz bu məsələləri diqqətə çəkərək dedi: "Arxeoloji qazıntıların aparılmasına dəstək verilir, vəsait ayrılır. Bu da çox vacib sahədir. Biz keçmişimizi bilirik, daha da dərindən öyrənməliyik və bu istiqamətdə aparılan işlər davam etdiriləcəkdir. Arxeoloji qazıntılar bizə yeni bilgilər, yeni məlumatlar verir. Beləliklə, tariximiz haqqında bizdə və dünyada daha da dolğun təsəvvür yaranacaqdır".
Xalqımızın zəngin mədəni irsinin, tarixinin üzə çıxarılmasında, yazılmasında arxeoloji qazıntıların mühüm əhəmiyyəti var. Son illər ölkə Prezidentinin diqqət və qayğısı hesabına respublikamızın müxtəlif bölgələrində arxeoloji tədqiqatlar genişləndirilib. Təkcə son üç il ərzində dövlət tərəfindən bu işlər üçün ayrılan vəsaitlər hesabına bölgələrdə 40 mindən artıq maddi mədəniyyət nümunəsi aşkar olunub. Bir məsələni də qeyd edək ki, tariximizin qorunub saxlanmasında, arxeoloji qazıntıların uğurlu aparılmasında ümummilli liderin böyük xidmətləri var. Ulu öndər hələ sovet dövründə bu sahənin inkişaf etdirilməsi yolunda mühüm addımlar atmışdır. 1977-ci ildə İçərişəhərin Azərbaycanın tarix memarlıq qoruğuna çevrilməsi, 1985-ci ildə isə onun ərazisinin Dövlət Tarix-Memarlıq Qoruğu elan edilməsi məhz Heydər Əliyevin adı ilə bağlıdır. Dövlət müstəqilliyimizi qazandıqdan sonra Bakı şəhərinin tarixi memarlıq abidələrinin bərpasında və gələcək nəsillərə çatdırılmasında bir sıra vacib tədbirlərin həyata keçirilməsi ilə bağlı mühüm addımlar atıldı. Təkcə mədəniyyət abidələrinin mühafizəsi ilə bağlı tədbirlərə deyil, həm də arxeoloji qazıntılar aparılaraq yeni maddi mədəniyyət nümunələrinin aşkarlanmasına start verildi. 2003-cü ilin fevralında Heydər Əliyev tərəfindən "Bakı şəhərində İçərişəhər tarix-memarlıq qoruğunun mühafizəsi və bərpası ilə bağlı tədbirlər haqqında" sərəncam imzalandı. İçərişəhərdə yeni binaların inşa edilməsi bir çox arxeoloji materialların məhvinə gətirib çıxarırdı. Məhz belə mənfi halların qarşısının alınması üçün ümummilli lider qətiyyət və prinsipiallıq göstərdi.
Tarixi irsimizin və mədəniyyətimizin qorunmasına yönəlmiş bu siyasi kursu layiqincə davam etdirən Prezident İlham Əliyev 2005-ci ilin fevralında yenidən bu mövzuya qayıtdı. Dövlət başçısı "İçərişəhər tarix-memarlıq qoruğunun yaradılması haqqında" sərəncam imzaladı. Bununla da bu tarixi məkanın həyatında sanki bir dönüş yarandı. Qurumun yarandığı vaxtdan etibarən İçərişəhərdə aparılan bərpa və yenidənqurma işləri yüksək sürətlə davam etdi. Təbii ki, bu, çox təqdirəlayiq bir haldır. Bu uğurlu işin nəticəsidir ki, 2009-cu ilin iyun ayında YUNESKO-nun qərarı ilə İçərişəhər məhv olmaqda olan abidələrin siyahısından çıxarıldı. Bu mövzu demək olar ki, diqqət mərkəzində dayandı. Prezident İlham Əliyev 18 avqust 2006-cı il tarixdə "Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində tarixi-memarlıq abidələrinin bərpası və qorunması haqqında" sərəncam imzaladı. 2009-cu il dekabrın 16-da isə dövlət başçısı tərəfindən imzalanan növbəti sərəncam "İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğunun inkişaf tədbirləri barədə" oldu. Təbii ki, bütün fərman və sərəncamlar Azərbaycan xalqının maddi mədəni irsinin qorunması üçün mühüm sənədlərdir. Bu sənədlərin qarşıya qoyduğu tələbləri yerinə yetirmək isə hər bir aidiyyəti olan qurumun təxirəsalınmaz vəzifəsidir.
Paytaxtda başlanan araşdırmalar bölgələrimizdə də öz əks-sədasını tapdı. Arxeoloji qazıntılar nəticəsində üzə çıxan maddi mədəniyyət nümunələri xalqımızın zəngin mədəni irsinin, tarixinin qədimliyini bir daha təsdiqlədi. Ötən ilin payızında Şəmkirdə aparılan arxeoloji qazıntılar zamanı aşkar olunan şəhər qalıqları onun tarixini orta əsrlərə apardı. Ağcabədi rayonunun Salmanbəyli kəndi yaxınlığında arxeoloqların Qalatəpədə apardığı tədqiqatlar da uğurla nəticələndi. Burada hündürlüyü 6 metrə yaxın çiy kərpicdən tikilmiş divar qalıqları, sahəsi 56 kvadratmetr olan bir otaq aşkar olundu. Divarların qalınlığı 1,5 metrə çatır. Onların möhkəmliyini təmin etmək üçün ayrı-ayrı yerlərdə tökmə daşlara təsadüf olunur. Daşların bəzilərinin üzlərində müxtəlif həndəsi fiqurlardan ibarət şəkillər də çəkilib. Otağın küncündə ocaq yeri, yanmış sümüklər və keramika qırıqları var. Divarların içində üfüqi istiqamətdə dirək yerləri onun ikimərtəbəli olduğunu təsdiqləyir. Eləcə də Qalatəpədə aparılan tədqiqatlar zamanı bizim eranın III əsrlərinə aid üç ədəd küp qəbir, üzəri boyalı saxsı qablar, muncuqlar, tuncdan asmalar, iki ədəd nizə ucluğu, bir ədəd bıçaq aşkar edilib. Bu tapıntılar da antik dövr Alban şəhərinin mədəni-mənəvi həyatını daha ətraflı öyrənməyə imkan verir.
Ötən ilin yayında Ağdam rayonu ərazisində aparılan arxeoloji qazıntılar zamanı yeni tarixi materiallar aşkarlanmışdır. Xüsusilə də eramızdan əvvəl XII-XI əsrlərə aid bir neçə torpaq qəbir aşkar edilmişdi. Hətta qəbirlərin birində 10-na qədər saxsı qab, digərlərində müxtəlif əşyalar və dəmir xəncər tiyəsi tapılmışdı. Bu alətlərin də hamısı yenə eramızdan əvvəlki dövrlərə aiddir. Qarabağ bölgəsində Azərbaycan arxeoloqlarının səmərəli axtarışları nəticəsində paleolit, eneolit, tunc, dəmir dövrlərinə, habelə antik və orta əsrlərə aid yüzlərlə tarixi abidə tədqiq olunaraq dünya elmi ictimaiyyətinə çatdırılmışdır. Qarabağda aparılan arxeoloji qazıntılar həm qədim tariximizin öyrənilməsi baxımından, həm də Qarabağ tarixini özününküləşdirməyə çalışan ermənilərə cavab baxımından əhəmiyyətlidir.
Arxeoloji qazıntılar zamanı Goranboyda beş min əvvələ məxsus olan insan qəbirləri aşkarlandı, eləcə də Tataprlı kəndi ərazisində arxeoloqlarımız daş dövrə aid yaşayış məskəni və daş əşyalar tapdılar. Arxeoloqların fikrincə, aşkarlanan əşyalar bu ərazilərdə məskunlanmanın beş min əvvələ aid olduğunu sübut edir. Tovuzda aşkarlanan unikal arxeoloji faktların isə analoqu yoxdur. Qazıntılar zamanı eneolit dövrünə aid yaşayış məskəni üzə çıxdı. Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları bildirirlər ki, qazıntı yerindən tapılan oraq tipli əşya səkkiz min il əvvəl burada yaşamış qədim insanların həyat tərzindən, əkinçilik mədəniyyətindən xəbər verir və bu növbəti tapıntı ümumdünya arxeologiya elmi üçün yenilik hesab edilir. Qeyd edək ki, Tovuz rayonu ərazisində üzə çıxarılan bu qədim yaşayış məskənini mütəxəssislər eradan əvvəl VI əsrə aid edirlər.
Qədim Gəncə ərazisində aparılan arxeoloji qazıntılar da öz bəhrəsini verdi. Alimlərimiz yeni faktlarla qarşılaşdılar. Qədim Gəncənin xarabalıqlarında qazıntılar zamanı şəhərin antik dövrünə aid xeyli bəzək məmulatları və məişət əşyaları aşkar edildi. Üzə çıxan faktlar bir daha təsdiqlədi ki, Gəncə ən qədim insan məskənlərindən biri olub. Maral buynuzu formasında bəzək əşyaları, üçayaqlı qablar, antik çıraqlar, küp və xeyli sayda saxsı qablar qədim Gəncənin tarixi haqqında tutarlı fikir söyləməyə əsas verir.
Bu yaxınlarda televiziyada eşitdiyimiz bir xəbər bizi çox sarsıtdı. Bədnam qonşularımız Laçın rayonu ərazisində quyu qazarkən gözlənilməz bir varidatla üzləşiblər. Xalqımıza məxsus xəzinəni acgözlüklə İrəvana və digər şəhərlərdəki muzeylərə daşıyıblar. Bu yerdə böyük rus şairi A.S.Puşkinin məşhur deyimini xatırlamamaq mümkün deyildir: "Sən qul, sən oğru, sən ermənisən".
Azərbaycan Milli Elmlər Akademiyasının illik ümumi yığıncağında Prezident İlham Əliyev söylədiyi geniş nitqində tariximizin ermənilər tərəfindən təhrif və saxtalaşdırılması ilə əlaqədar dedi: "...Əfsuslar olsun ki, dünya birliyi demək olar, bilmirdi ki, bugünkü Ermənistan dövləti tarixi Azərbaycan torpaqlarında yaranmışdır". Bu da bir taledir ki, biz oğru və qul xislətli bədnamlarla əbədi qonşuyuq. Daşnaklar işğal etdikləri ərazilərimizin, demək olar ki, əksəriyyətində həm yerüstü, həm də yeraltı sərvətlərimizi mənimsəməkdə davam edirlər. Prezident adıçəkilən yığıncaqda qətiyyətlə söylədi: "...Həqiqət və tarixi ədalət bizim tərəfimizdədir...". Həqiqət və ədalət olan yerdə isə qələbə şəksizdir!
Ölkəmizin başçısının göstərdiyi diqqət və qayğı sayəsində Azərbaycan arxeoloqları çox həvəslə, məsuliyyətlə öz işlərini davam etdirirlər. Bölgələrimizdə aparılan arxeoloji qazıntılar torpağın yaddaşını oyadır, bir daha tarixi keçmişimizin zənginliyindən, ululuğundan xəbər verir.
Flora XƏLİLZADƏ
Azərbaycan.- 2011.- 21 may.- S. 6.