Dövlət Dəniz Administrasiyasının nümayəndə heyəti Beynəlxalq Dəniz Təşkilatının 89-cu sessiyasında iştirak etmişdir

 

Dövlət Dəniz Administrasiyasının (DDA) rəisi Qüdrət Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti mayın 11-dən 20-dək Londonda keçirilən Beynəlxalq Dəniz Təşkilatının (BDT) Dəniz Təhlükəsizliyi Komitəsinin 89-cu sessiyasında ölkəmizi təmsil etmişdir.

DDA-nın mətbuat xidmətindən AzərTAc-a bildirilmişdir ki, 168 üzv dövlətin müxtəlif beynəlxalq təşkilatların iştirak etdiyi sessiyada dəniz üzgüçülüyünün təhlükəsizliyinin təmin edilməsi, dəniz ətraf mühitinin qorunması, həyata keçirilən axtarış xilasetmə əməliyyatlarının təkmilləşdirilməsi, son dövrlərdə beynəlxalq ictimaiyyəti dərindən narahat edən dəniz quldurluğu hallarının qarşısının alınması, bu istiqamətdə beynəlxalq təşkilatlar tərəfindən hərbi qüvvələrin səfərbər edilməsi ilə bağlı görülmüş işlər, təsnifat cəmiyyətlərinin fəaliyyətlərinə nəzarət mexanizminin gücləndirilməsi metodları barədə müzakirələr aparılmışdır.

Sessiya çərçivəsində DDA-nın rəisi Qüdrət Qurbanov dəniz nəqliyyatı sahəsində qabaqcıl dünya dövlətlərinin dəniz administrasiyalarının başçıları ilə görüşlər keçirmişdir. Görüşlərdə Azərbaycan Prezidenti İlham Əliyevin birbaşa diqqət qayğısı sayəsində iqtisadiyyatın digər sahələri ilə yanaşı, dəniz nəqliyyatı sahəsində respublikada görülmüş işlər xüsusilə qeyd edilmiş, habelə dəniz təhlükəsizliyi sahəsində qarşılıqlı əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi aparılmış, həmçinin yaxın günlərdə tam fəaliyyətə başlaması nəzərdə tutulan Uzaq Məsafədən Tanınma İzləmə (UMTİ/LRİT) Milli Mərkəzinin texniki imkanları barədə geniş məlumat verilmişdir.

Sessiya dəniz təhlükəsizliyi üzrə bir sıra mühüm qərarların qəbul edilməsi ilə yekunlaşmışdır

 

 

Azərbaycan.- 2011.-21 may.- S. 6.