Şeyxülislam
Allahşükür Paşazadənin başçılıq
etdiyi nümayəndə heyəti Daşkənddəki Heydər
Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində
olmuşdur
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) və Qafqaz Xalqları Ali Dini Şurasının sədri, şeyxülislam Allahşükür Paşazadənin başçılıq etdiyi nümayəndə heyəti Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində (AMM) olmuşdur.
Burada Özbəkistan paytaxtındakı Azərbaycan diasporunun üzvləri ilə keçirilmiş görüşdə, həmçinin qardaş özbək xalqının nümayəndələri, jurnalistlər iştirak etmişlər.
Tədbirin əvvəlində Azərbaycanın Özbəkistandakı səfiri Namiq Abbasov və seyxülislam Allahşükür Paşazadə, Qafqazın din xadimləri ulu öndər Heydər Əliyevin binanın qarşısındakı abidəsi önünə əklil və çiçək dəstələri qoymuş, ümummilli liderin ruhuna dua oxunmuşdur.
Görüşü Namiq Abbasov açaraq din xadimlərini salamlamış, Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi haqqında qonaqlara ətraflı məlumat vermişdir. Bildirmişdir ki, ulu öndərin adını daşıyan bu Mədəniyyət Mərkəzi bərpa və yenidənqurma işlərindən sonra ötən ilin sentyabrında Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə açılmışdır. Səfir AMM-nin gələcək planları haqqında danışmışdır.
Şeyxülislam Allahşükür Paşazadə ulu öndər Heydər Əliyevin adını daşıyan bu gözəl binanın tikintisində zəhməti olan hər kəsə minnətdarlığını bildirmiş, burada yaradılan şəraiti alqışladığını qeyd etmişdir.
QMİ-nin sədri özbək xalqının qonaqpərvərliyindən söhbət açmış, onu bizimlə dini, dili, adət-ənənələri bir olan qardaş xalq adlandırmışdır.
Şeyxülislam səfirliyə Müqəddəs Quran və kiçik ölçülü xalça, mərkəzin kitabxanasına isə din tarixindən bəhs edən müxtəlif kitablar hədiyyə etmişdir.
Müstəqil Dövlətlər Birliyi Dinlərarası Şurası Hamilər Komitəsinin həmsədri Abbas Abbasov yenidən Özbəkistanda olmasından və dostlarını görməkdən məmnunluğunu bildirmişdir. Ümummilli lider Heydər Əliyevlə Özbəkistanın dövlət başçısı İslam Kərimovun dostluğundan danışan natiq demişdir: "Ulu öndər Heydər Əliyev və Özbəkistan Prezidenti İslam Kərimovu yaxın dostluq münasibətləri birləşdirirdi. Özbəkistanın elə bir böyük tədbiri olmazdı ki, ulu öndər oraya dəvət olunmasın. Ümummilli liderimiz Heydər Əliyev Özbəkistanı və özbək xalqını, buradakı dostlarını çox sevirdi".
Qaraçay-Çərkəz, Dağıstan və Çeçenistanın müftiləri İsmayıl Berdiyev, Əhməd Abdullayev və Sultan Mirzayev xalqlarımızın dostluğundan danışmış, Daşkənddə yaşayan soydaşımız Yusif Əliyev belə gözəl bir görüşün təşkili üçün səfirliyə minnətdarlığını bildirmişdir.
Görüşdə Özbəkistanın Azərbaycandakı səfiri İsmətulla İrqaşev iştirak etmişdir.
Qulu KƏNGƏRLİ,
AzərTAc-ın xüsusi
müxbiri
Daşkənd
Azərbaycan.- 2011.-21 may.- S. 6.